18.04.2024

«Döyüş yoldaşlarına deyib ki, bir də uşaqlarımı görə bilməyəcəm»

Tanrı insana yalnız bir dəfə ömür bəxş edir. Fanilərin ikinci dəfə dünyaya gəlmək şansı yoxdur. Hərə öz ömrünü istədiyi tərzdə, dilədiyi yerdə, yaxud da tam tərsi, məcburiyyətlər içərisində yaşayır. Bir də özünə bağışlanan tək canı Vətən, millət uğrunda bağışlayanlar var. Övladlarının, ana-atalarının, sevdiklərinin gözlərini yaşlı qoyub əbədiyyətə qovuşurlar.


Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Xüsusi təyinatlıların giziri, şəhid Namiq Xəlilov da onlardan biridir. O da digər qardaşları kimi Vətən uğrunda gözünü belə qırpmadan şəhidlik zirvəsinə ucalıb.


İgidimiz 1992-ci ilin 15 iyununda Şirvan şəhərində dünyaya göz açıb. 2010-cu ildən XTQ giziri kimi çalışıb. Türkiyə və Gürcüstanda müəyyən kurslarda nailiyyətlər əldə edib. Qardaş ölkədə keçirilən “Efes-2018” çoxmillətli Ortaq Xüsusi Təyinatlı Qüvvələr yığma komandasının tərkibində imiş. Xidməti müddətində uğurlarına görə fəxri fərmanlara və medallara layiq görülüb. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illik” yubileyi, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan ordusunun 100 illik yubileyi” medalları ilə təltif olunub.

O, Aprel döyüşlərində Talış kəndi uğrunda savaşıb. Vətən müharibəsində isə Murov yüksəkliyi, Kəlbəcər və Füzuli uğrunda döyüşüb. Elə Füzulidə 16 oktyabrda şəhadət şərbəti içib. Bir gün sonra Şirvanda torpağa tapşırılıb.


“Şərq”ə şəhidimizdən danışan onun ömür-gün yoldaşı Aytəkin xanım deyir ki, müharibədə olarkən imkan tapdıqca zəng edirdi: “Uşaqlardan çox nigaran idi. Ən çox onları soruşurdu. Son dəfə oktyabrın 11-i  əlaqə yarada bildik.

Dedi ki, özünüzdən muğayat olun. Onun şəhadətindən sonra silahdaşları Namiqdən bəhs etdilər. Söylədilər ki, Namiq döyüşdə özü qədər yoldaşlarını da qoruyumuş. Müharibədə Namiqə arxalandıqlarını, onun onları yönləndirəcəyindən əmin olduqlarını dedilər. Namiqlə döyüşlərə ürək rahatlığı ilə girirmişlər. Həyat yoldaşım döyüşlərdə dəfələrlə kəşfiyyatda olub”.

Deyirlər, Namiq öz toyunda da Aprel döyüşlərində şəhid olan yoldaşlarını unutmayıb. Onların adına meyxanalar deyilməsini istəyib. Şəhidimiz övladlarına çox bağlı olub. Onun bir qızı, bir oğlu var.


Aytəkin xanım söyləyir ki, Namiq sanki şəhidlik zirvəsinə ucalacağını hiss edib: “Şəhid olduğu günün səhəri döyüş yoldaşlarına deyib ki, bir də uşaqlarımı görə bilməyəcəm”.

Qeyd edək ki, Namiq Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: