Qazilər: “Azərbaycan xalqından gördüyümüz qayğını dövlətimizdən görmək istəyirik»

  • Aygül Mehman
  • BBC News Azərbaycanca

«Müharibədə günlər, dəqiqələr daha dəyərli olur. Ondan da dəyərlisi orada qazadığımız dostlarımız oldu. Ancaq onların ölümü o qədər ağrılı oldu ki. Komandirimin yanımda üzündə təbəssümlə şəhid olması mənə elə təsir etmişdi ki. Həyatımda o qədər ağlamamışdım».

İkinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş Babək Mürsəlov oktyabrın 18-də Cəbrayıl rayonundan könüllü xidmətə başlayıb.

O, Qubadlının Ağasoltanlı kəndində iki erməni qırıcısının bombardmanına düşərək oradan salamat çıxsa da, Qızartı dağı yaxınlığındakı döyüşdə ağır yaralanıb.

O deyir ki, müharibədə ən çox qorxduğu məqam yaralı vəziyyətdə əsir düşmək olub və bu hiss onda yaralandıqdan sonra yaranıb.

İndi evdə öz hesabına müalicə aldığını deyən keçmiş döyüşçü bildirir ki, müharibədən qayıdan hərbçilərin müalicəsinin nəticəsi həm də dövlət qayğısından asılıdır.

İkinci Qarabağ Müharibəsindən təxminən iki ay sonra Azərbaycanın bir hərbi qulluqçusu müalicə aldığı psixiatrik xəstəxanada, digər bir hərbi qulluqçu isə evində intihar edib.

Müxtəlif vaxtlarda əsgər ailələrindən, əsgər yaxınlarından müharibədə vuruşaraq əlillik qazanmış və ya yaralanmış əsgərlərin fiziki sağlamlıqlarının, eləcə də psixoloji vəziyyətinin normala qaytarılması üçün kömək istəyilə bağlı videoqeydlər yayılır.

«Az qalırlar desinlər ki, get, səni vuran ermənini tap gətir»

«Psixoloji dəstəyə ehtiyacımız var, əlbəttə. Ancaq o dəstəyi bizə xalq verir. Millətin içinə çıxanda o qayğı, o hörmət bizi psixoloji müalicə edir. Fəxr edirəm ki, nə yaxşı bu günləri görə bildik. Eyni qayğını biz hökumətimizdən də görmək istəyirik. Güman edirəm ki, hökumətdən də o qayğı gələcək,» keçmiş döyüşçü ümidlidir.

Babək Mürsəlov deyir ki, səhhəti yaxşı deyil: «Bədənimdən qəlpələrin bəzilərini çıxarıblar, amma qalanların sayı daha çoxdur. Ağrılarım da çoxdur».

Sığortasını hələ də ala bilmədiyini deyən İkinci Qarabağ Müharibəsi döyüşçüsü sənədlərinin arxasınca get-gələ düşdüyünü bildirir.

«Sığortanı vermək üçün az qalırlar desinlər ki, get, səni vuran ermənini tap gətir,» o gileylənir.

Babək Mürsəlov deyir ki, onun əsas istəyi «dövlətin vətənə canını qoyan nəinki qazilərə, həm də indi səngərdə yatan Azərbaycan əsgərinə qayğı göstərməsini görməkdir».

«İstəyirəm ki, Azərbaycan əsgəri layiq olduğu ada görə də qayğı görsün. Qayğının çox tərəfləri var. Bu qayğı əsgər ailələrinin problemlərini əhatə etməlidir. İndi düşmənlə üz-üzə dayanan əsgərin ailəsinə kommunal taarifləri endirsinlər heç olmasa. Bu müharibə onsuz da bitməyib. Gec ya tez erməni ilə bizim aramızda 100 ildən bir də olsa münaqişə çıxır. Biz Azərbaycan xalqından, vətəndaşlarımızdan gördüyümüz qayğını dövlətimizdən görmək istəyirik».

Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsi 44 gün davam edib və noyabrın 10-da Rusiyanın da iştirakı ilə üç ölkə arasında atəşkəsə dair bəyanat imzalanıb.

«Reabilitasiya keçsəydim həyatım daha fərqli olardı»

«Birinci Qarabağ Müharibəsindən sonra biz heç vaxt reabilitasiya keçmədik. Təsəvvür edin ki, kiminsə qonşuda hüzrü düşəndə o ağlaşma insana təsir edir, psixologiyasını pozur. Bir də müharibəni düşünün. Müharibə bunların ən ağırıdır. Orada hər dəqiqə insanlar ölür, paramparça olur, əlini-ayağını itirir. Əsir düşür…»

Birinci Qarabağ Müharibəsində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə 93-94-cü illərdə «baş serjant» rütbəsi ilə tibb bacısı kimi 5-ci batalyonun tərkibində bəzi döyüşlərdə iştirak etmiş «Tutu» ləqəbli Ruxsarə Cumayeva BBC News Azərbaycancaya danışır.

Müharibənin yaşana biləcək «ən ağır şey» olduğunu deyən Ruxsarə Cumayeva müharibədən sonra psixoloji reabilitasiya keçməməyin onun bütün həyatına təsir etdiyini vurğulayır.

«Mən çox əsəbiyəm. Ailə həyatıma da təsir etdi müharibədən qalan travmalar. Bəlkə reabilitasiya keçsəydim həyatım daha fərqli olardı. Yəqin çox, çox fərqli olardı».

O bildirir ki, müharibədən qayıtmış şəxslər mütləq reabilitasiya keçməlidir.

«Biz keçmədik, amma mən istərdim ki, indiki müharibədən gələn gənclərimiz adaptasiya keçsinlər. Ən azından ona görə ki, gələcəkdə o psixoloji durumun verdiyi ağırlığı övladına, qonşusuna yansıtmasın. Övladları xəstə doğulmasın. Bu, bir yaradır. Özü də müharibənin vurduğu yaralar onsuz da sağalmır. Öz-özünə heç sağalası deyil».

O deyir ki, «bu yaraları sağaltmaq üçün dövlət də, vətəndaş da əllərindən gələni etməlidir».

«14 il sərasər müalicə aldım»

Hər iki Qarabağ Müharibəsinin iştirakçısı, hərbçi, Birinci Qarabağ Müharibəsi veteranı Rasim İbrahimov deyir ki, Birinci Qarabağ Müharibəsindən sonra «qapalı kəllə-beyin travması alıb və 14 il sərasər qospitallarda yatıb, müalicə alıb».

Lakin müalicəsinin davam etməsinə baxmayaraq, o, hələ də yuxuda döyüşlərlə bağlı «sayıqladığını, qışqırdığını» deyir.

Rasim İbrahimov deyir ki, tibbi yardım almasaydı, indi vəziyyətinin necə ola biləcəyinə dair bir söz deyə bilmir.

«Təbii ki, dövlətin qayğısı olmasaydı, mən bilmirəm necə olardı nəticəsi. Dövlətin qayğısı daha yaxşıdır. Şərt o deyil ki, gətirib pul verməlidir. Xeyr! Diqqət çox vacibdir. Mən bu dəqiqə maaş alıram, o maaşdansa, aldığım veteran pulu mənə daha əzizdir. Çünki o mənim qan pulumdur, ölüm pulumdur. Qanlı-qadalı günlərə görə təşəkkürdür».

«Psixososial reabilitasiya ilk 3 ayda başlamalıdır»

Psixoloq Azad İsazadə deyir ki, nəinki əsgərlər, müharibə görmüş və travma almış hər kəs ilkin psixoloji yardım almalı və gələcəkdə ehtiyac yarandıqda psixososial reabilitasiya keçməlidir.

«Çünki keçirilən travma formalaşana qədər bir müddət vaxt keçir. Ona görə bu travma tam formalaşmadan isti-isti göstərilən yardım çox önəmlidir. Bir müddət keçdikdən sonra o travma oturuşub, hansısa simptomları üzə vuranda biz məcburuq dərin, peşəkar səviyyədə psixoloji reabilitasiyanı, psixoterapiyanı keçirməyə», o deyir.

«Psixososial reabilitasiya ilk üç ay ərzində başlamalıdır. Bir ildən bir neçə ilədək çəkə bilər bunun müddəti. Bu vaxt ərzində başlanmırsa, o travma oturur və onun nəticələrini aradan qaldırmaq daha çətin olur», psixoloq İsazadə əlavə edir.

Qrup terapiyasının belə hallarda uyğun olduğunu deyən psixoloq hesab edir ki, belə məqamlarda travma almış şəxslər daha ağır vəziyyətdə olan adamları gördükcə vəziyyətləri bir qədər yüngülləşir.

Azad İsazadə deyir ki, belə şəxslərin travmasının aradan qaldırılması ilə yanaşı, onların sosial reabilitasiyası da önəmli məsələdir.

«Travmanı özündən çıxarıb, amma cəmiyyətə inteqrasiya olunmamısansa, onun fəsadları yenidən baş qaldıra bilər. İş yeri, hansısa peşəyə cəlb edilmək, sosial tələblərdən çıxış yolu tapmaq, əlil olubsa, yaralıdırsa əlilliyin təyin olunması və müəyyən ödənişlər edilməsi də sosial reabilitasiya hesab oluna bilər. Şəxsin təhsilinə davam etməsi də reabilitasiya yollarından biridir».

Azad İsazadə deyir ki, sosial reabilitasiyanın yolları çoxdur. «Sadəcə, konkret vəziyyətə görə davranmaq lazımdır. Böyüklər üçün ayrı, uşaqlar üçün ayrıca, qazilər və keçmiş hərbçilər üçün də ayrıca psixososial reabilitasiya olmalıdır».

Birinci Qarabağ Müharibəsindən sonra yaşananları xatırladan psixoloq aparılan işlərin davamlı və uzunmüddətli olmasının yararlı olacağını bildirir. «Yadımdadır, Birinci Qarabağ Müharibəsindən sonra biz məcburi köçkünlərin çadır şəhərciyinə gedir, onlarla iş aparmağa çalışırdıq. 5-7 il həmin o psixososial reabilitasiya davam etdi. Orada elə insanlar var idi ki, o reabilitasiya onlar üçün davam etsəydi pis olmazdı,» cənab İsazadə deyir.

O vurğulayır ki, nəinki müharibədə, eləcə də adi vaxtda kimsə nə vaxtsa travma alırsa və o şəxs bir müddət yaşadığı hadisəni yuxuda görüb sonra da unudursa «daha sonra o travma həmin şəxsdə həyəcan yaradacaq. Bir qədər sonra isə şəxs depressiyaya düşəcək, daha sonra isə onda aqressiya üzə çıxacaq».

Azad İsazadə Azərbaycanda hərbi psixologiya ilə məşğul olan şəxslərin olmamasını vurğulayır və deyir ki, indiyədək müharibə sonrası travmalarla işləmək üçün mütəxəssis hazırlığı üçün şərait «yaradılmayıb».

Lakin o həm də vurğulayır ki, indi əvvəlkindən fərqli olaraq dövlət qurumlarında psixoloqlar fəaliyyət göstərir və hərbi psixoloqların yetişdirilməsi üçün proses artıq başlanıb.

İkinci Qarabağ Müharibəsindən sonra intihar etmiş iki qazinin məsələsinə toxunan İsazadə deyir ki, psixoloji və psixiatrik məsələləri «qarışdırmaq lazım deyil, intihar etmiş şəxslərdən biri psixiatrik xəstəxanada olub».

35 yaşlı İkinci Qarabağ Müharibəsi iştirakçısı, həmçinin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Vüsal Musayev yanvarın 6-da özünü müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında özünü asaraq intihar edib. O, sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində atılan mərmi partlayışı nəticəsində xəsarət alıb.

Hərbi qulluqçunun diaqnozu «partlayış travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət» olub.

Azərbaycan hökuməti İkinci Qarabağ Müharibəsində yaralanan qazilərə psixoloji yardımlar edilməsi üçün peşəkar mütəxəssislərin cəlb olunacağını bildirib. Məlumatlara görə, psixoloji kömək məqsədilə Türkiyədən 15 peşəkar həkim müharibə sonrası stress pozuntuları yaşayan şəxsləri müalicə etmək üçün yanvarın 20-də Azərbaycana gələcək.

Gündə 4-5 müraciət

Qarabağ Əlillər Cəmiyyətinin 1994-cü ildən üzvü olan Rey Kərimoğlu BBC News Azərbaycancaya deyir ki, «94-98-ci illər arasında 50-yə yaxın Birinci Qarabağ Müharibəsi qazisi intihar edib».

Rey Kərimoğlu deyir ki, hər gün 4-5 qazi şəxsən ona müraciət edir və bu şəxslərin əksəriyyəti başından travma alıb.

O bildirir ki, ən ağır travmanı yaşayanlar dostu yanında həlak olmuş əsgərlərdir.

Rey Kərimoğlu «öz təcrübəsindən irəli gələrək bu şəxsləri tək qoymamağın önəmli olduğunu» deyir.

«İllərdir bu problem mövcuddur. İllərdir biz bunu səsləndiririk ki, bu problemlər həll olunmalıdır. Təəssüflər ki, hələ də qalır bu problemlər. Biz ayrı, biz heç, biz öyrəşmişik. Ancaq bu şəxslər müharibədən yenicə qayıdıb gəliblər və öyrəncəli deyillər. Biz bunların hər birini öydük. Can verəndə, can alanda, qan tökəndə balamızsınız, qardaşımızsınız, qəhrəmanımızsınız dedik. Bu gün isə qazinin şəhid qardaşının məzarının üstü götürülməyib. Həkimlərin əməyini gözardı etmək istəmirəm, həm müharibə dövründə, həm də indi çox işlər görüblər. Amma bu 5-10 həkimin, bir xəstəxananın işi deyil. Bu şəxslər xəstəxanalarda ciddi şəkildə müalicə olunmalıdır».

Rey Kərimoğlunun vurğuladığı bir məsələ də qazilərin sosiallaşması üçün bir mərkəzin olmamasıdır.

«Qazilər bir-birindən təsəlli tapır, dəstək alır. 90-ci illərdə bir qazi vardı, qolu yox idi. İntihar etmək istəyirdi. Gətirdim onu bizim cəmiyyətə gördü ki, ondan da ağır vəziyyətdə olanlar var. Uyğunlaşdı vəziyyətinə. Belə misallar çoxdur. Gəlin görək, bu gün onların birləşdiyi yer varmı? Biz qaziləri birləşdirməyə hazırıq. Amma Qarabağ Qazilər Birliyinin toplaşmağa yeri yoxdur,» cənab Kərimoğlu deyir.

Azərbaycan Statistika Komitəsindən BBC News Azərbaycancaya bildiriblər ki, Komitədə birinci Qarabağ müharibəsində əlillik qazanmış, intihar etmiş şəxslərin sayı ilə bağlı statistik məlumatlar yoxdur.

Hökumət nə edir?

Azərbaycanda hazırda Buzovna Sanator-Kurort ReabilitasiyaMərkəzinin İkinci Qarabağ Müharibəsində vuruşub yaralanmış şəxslər üçün istifadəyə verildiyi bildirilir.

Azərtag agentliyi yazır ki, indiyədək burada «200-dən çox qaziyə xidmət göstərilib, onlardan yüz nəfəri müalicələrini bitirdikdən sonra öz ailəsinə və ya xidməti yerinə yola salınıb. Hazırda səhiyyə ocağında 70-ə yaxın qazi müalicəsini davam etdirir».

Agentliyin xəbərində mərkəzdə İkinci Qarabağ Müharibəsində döyüşmüş şəxslər üçün nevroloji və psixoloji müalicələr, fizioterapiya, bolneoterapiya, hidro-masaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti (əgər nitq qusurları varsa) təşkil olunduğu bildirilib.

Müharibədə və ya müharibə ilə bağlı travma almış şəxslərə yardım göstərmək üçün Azərbaycan Sosial Xidmətlər Agentliyindən 5 psixoloqun cavablandırdığı qaynar xəttin yaradıldığı bildirilib.

«Müharibə görmüş şəxslər üçün — qazilər, müharibədə döyüşmüş şəxslər və onların ailələri, qazi və şəhid ailələri, müharibədən bu və ya digər formada təsirlənmiş şəxslər üçündür bu qaynar xətt», telefon xəttinin digər ucundan gələn qadın səsi deyir.

Qaynar xəttin operatoru bildirir ki, «gələn zənglər zamanı şəxsə vəziyyətinin dərəcəsinə görə onlayn psixoloji müayinə təyin olunur. Əgər vəziyyəti ağırdırsa, o zaman təcili və yerində müayinə təyin edilir və ən yaxındakı psixoloqlar dövrəyə girir».

Azərbaycan hökuməti bildirir ki, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərin ailələrinə dəstək verilməsi üçün mexanizmlər hazırlanıb.

İndiyə qədər 2700 nəfərə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib, rəsmi məlumatda deyilir.

Sosial mediada azərbaycanlı sosial işçilər, psixoloqlar müharibə sonrası travma almış şəxslərə kömək etmək arzusunda olduqlarını bildirirlər.

Bəziləri status yazaraq, dostluqlarında olan şəxslərdən psixoloji köməyə ehtiyacı olan tanışlarını özlərinə yönləndirməyi təklif edirlər.

Bəzi psixoloqlar isə «müharibə zamanı azalan intiharların müharibədən sonra artacağının gözləntisi fonunda bu köməyin çox vacib olduğunu» vurğulayırlar.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •