29.03.2024

Vətən müharibəsindən qayıdan döyüşçülər ortada qalıblar…

Zəkəriyya Rəhimov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsi sədrinin müavini

Redaksiyadan: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsi sədrinin müavini Zəkəriyya Rəhimov məsələ ilə bağlı öz narahatçılığını bildirdi. Onun mövqeyini bir fəal müharibə veteranının şəxsi mövqeyi kimi yayınlamağımızı rica etdi.


Zəkəriya Rəhimovun dediklərini diqqətinizə çatdırırıq: «Ordudan mərhələli şəkildə tərxis olunan döyüşçülər bu gün deyə bilərəm ki, ortada qalıblar. Bu adamlara, nə hərbi komissarlıq, nə Müdafiə nazirliyi, nə də adı olub, özü olmayan komissiya yaxın durmur. Biz bu dəfə də könüllü olaraq onlarla iş aparırıq. Amma bu bizim gücümüz daxilində deyil. Üstəlik, əldə etdiyimiz məlumatlara görə, döyüşçü adıyla kimlərinsə sifarişiylə yaradılmış təşkilatlar gedib bizlərdən ora-bura şikayət edirlər. Belələrinin döyüşməsi belə şübhəlidir. Bizlərdəmi, döyüşçüyə arxa çevirək? Bizim məqsədimiz bu adla kiminsə haqqını oğurlamaq deyil, qorumaqdır.


Təşkilatımızın adına görə bizlərə üz tuturlar. Onların öz veteran statuslarıyla bağlı ciddi narahatçılıqları var. Öncə bildirim ki, komissiyanın sədri Yaqub Eyyubovun təyin olunması, həm döyüşçülər, həm də şəhid ailələri arasında ajiotaj yaratdı. Baş Nazirin müavini kimi, istər «Şəhid adlarının əbədiləşdirilməsi haqqında», istərsə də «Veteranlar haqqında» Respublika Qanunlarında məqsədli və hərbi-vətənpərvərlik ruhunu zədələməyi hədəfləyən düzəlişlərin müəllifi kimi hər kəs bu komissiyadan ən pis variantı gözləməkdədir. Çünki komissiya sədri bu sosial təbəqə arasında mənfi imicə malikdir. Bunu bəri başdan demək lazımdır.

Hətta Aprel döyüşlərində iştirak etmiş şəxslərə qarşı «Veteranlar haqqında» Qanuna edilmiş əlavə qeydin də deyilənə görə müəllifi, məhz Yaqub Eyyubov olduğu deyilir. Qeydə diqqət edin: «Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir».


Adi bir misalla Qanunun mövcud maddəsindən qəsdlə üstün tutulan məqsədi və məramı bəlli Qeydə şərh verirəm. Adi məntiqə uyğun şəkildə 3 qardaş Vətən Müharibəsinə yollanır. Bir qardaş döyüşə başlamadan öncə düşən mərmidən şəhid olur və ona şəhidlik statusu verilir. İkinci qardaş azad edilməsi nəzərdə tutulan yolun yarısında düşmən minasına düşür və ayağını itirir. Sağ qalır və müharibə əlili olaraq sıradan çıxır. Üçüncü qardaş bütün bu çətinliklərə və ağrılara sinə gərərək məqsəd uğrunda mübarizəni sonlandırır. Zəfər bayrağını hədəfə sancır. Geri dönür və hansısa, harayasa, neçənci kolonasa işləyənin bir kor məntiqiylə ona heç nə düşmür. Sizcə niyə? Sizcə bunu düşünən adamın kimə xidmət etdiyini tapmaq üçün, mütləqmi kəşfiyyatçı olmaq lazımdır?

Biz köhnə döyüşçülər illərdir ki, bu boz sifət düşmən dəyirmanına su tökənlərə qarşı mübarizə aparırıq. Vətən müharibəsi deyəndə bunlar «hansı Vətən?»-deyə soruşurdular. İndi də dilləri gəlmir. Ali Baş Komandanın Zəfər yumruğunu görməsələr, inan ki, döyüşçüləri bu ölkədən qovarlar.


Geri dönən veteranlar yaradılan komissiyanı tapa bilmirlər. Sənədləri hərbi hissələrdə aid olmayan səhifələrdə yazılması və döyüş yollarının yanlış cümlələrlə yazılması halları onlarcadır. Bu qərargah «yazıçıları» diqqətli olmalıdırlar. İndidən problem yaratmamalıdırlar. Komissiyanınsa nə iş gördükləri ilə bağlı heç bir informasiya verilmir. Yenə Y. Eyyubovun nəsə gizli planları var və yəqin ki, tezliklə biləcəyik. Amma niyə biz döyüşçüləri kənarda qoyub, döyüş zamanı hər dfövrdə qaçıb kol dalında gizlənənləri ortaya çıxarırlar. Yeni-yeni ekspertlər peyda olub televiziyalarda. Üzlərindən aktyorluq yağır. Barıt qoxusu duymadan, partlayışı görmədən bu ekspertlər müharibədən danışırlar. Özü də müharibə taktikası və strategiyasını xırdalayırlar. O jurnalist avamdır deyək, bu ölkədə minlərlə döyüşçü var, ayıbdır.

Sonda cəbhədən dönmüş veteran qardaşlarımıza üz tuturam. Bizlər geri dönəndə içimizdəki xainlər düşmənlə birləşib qalib gəlmişdilər. Bizə qarşı cəmiyyətdə düşmən obrazı yaratmışdılar. Erməniyə qarşı olan döyüşçü nifrətinin aşkar qisasını almaq üçün çalışanlar vardı. Siz fərqli durumdasınız. Ali Baş Komandanınız cənab İlham Əliyevin komandanlığı ilə qalib kimi dönmüsünüz. Bu xainlər hücrələrinə çəkiliblər. Altdan iş görməyə cəhd edirlər və bizlər sizinləyik. Onları yaxşı tanıdığımıza görə yanınızdayıq. Bu gün də öz çirkin bölücülük əməllərini davam etdirməkdədirlər. Təzə veteran-köhnə veteran, təşə şəhid-köhnə şəhid. Bu zavallılar bilmirlər ki, veteranın, şəhidin təzəsi, köhnəsi olmur. Bizim ümdə vəzifəmiz Qarabağın azad edilməsiydi. Bu gün də bizi bu ali məqsədə çatdıran komandanın könüllü əsgərləriyik və ona görə də gənclərimizlə iş aparmaqdayıq. Veteranın vəzifəsi Dövlətin və dövlətçiliyin müdafiəsidir. Haqlarınız yerini lacaq. Səbrli olmaq və yad ünsürlərin zərərli fikirlərinə uymamaq lazımdır. 27 illik fəaliyyətimizdə biz özümüz bu ideallar əsasında birləşdik. Bu günədək bu ölkədə «cibuti veteranlarına» da diqqət ayrılıb, amma bu Vətəni 4 imperiyanın caynağından qurtaran veteranlara diqqət göstərilməyib. Fərq etməz. Bu ölkə bizimdi. Bu Dövlət bizimdi. Bu Bayraq bizimdi. Bu Zəfər bizimdi.


İnanıram ki, «Dəmir Yumruq» bir gün hər şeyi yerbəyer edəcək»…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: