100 il öncə yaranmış polisin, 100 il sonra yaradılmış polis müharibə veteranları şöbəsi

Müsahibimiz AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini, AVMVİB Polis Müharibə Veteranları şöbəsinin sədri Abbas Hüseynlidir.

Sual: Azərbaycan polisinin yaranma tarixi və Polis Müharibə Veteranları şöbəsinin yaradılmasını zəruri edən amillər barədə nə deyə bilərsiniz?

Cavab: Polisin yarnmasının uzun bir tarixi vardır. Belə ki, sinifli cəmiyyət yarandığı vaxtlardan, hakim zümrə öz əmlaklarını və sağlamlıqlarını qorumaq üçün başqa vasitlər kimi güc vasitələrindən, o cümlədən, indi bizim adlandırdığımız polislərdən istifadə etmişdirlər.

Azərbaycanda ilk dəfə müstəqil polisin yaranması Azərbaycan Demokratik Cumhuriyyətinin yaranması ilə əlaqədardır. Burada bir tarixi faktı da xatırlatmaq istərdim. 1918-ci il iyunun 23-də AXC hökuməti Nazirlər Şurasının sədri F.X. Xoyskinin məruzəsi üzrə “Mövcud Rusiya və Zaqafqaziya qanunlarının müvəqqəti saxlanması və hökumət tərəfindən bunun müvafiq nəşri haqqında” qərar qəbul edilib. Elə həmin gün “Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin hazırlığı haqqında” hökumət tərəfindən icbari qərar qəbul olunub. 1918-ci il iyunun 23-də daxili işlər naziri B. Cavanşirin əmri ilə peşəkar hərbçi kadrlardan biri, polkovnik İbrahim ağa Vəkilov Gəncənin birinci qubernatoru təyin edilib. Xatırladaq ki, 2 iyul 1918-ci il tarixdə isə müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktı imzalandı. Bununla da Gəncə quberniyasında müstəqil polisin yaradılması reallaşdırıldı, eyni zamanda, sənəddə yeni ştatlar və əmək haqqının artırılması öz ifadəsini tapdı. Həmin vaxt polisin yaradılması üçün sosial baza da var idi. Belə ki, vaxtı ilə Bakıda və Azərbaycanın digər yerlərində xidmət edən sabiq polis və burjua milisi əməkdaşları ölkənin paytaxtı sayılan Gəncəyə toplaşmışdılar. F. Xoyski və B. Cavanşir ilk müstəqil polis orqanlarını yaradarkən, həm də digər millətlərdən olan sədaqətli və peşəkar kadrlardan da istifadə etməyi düşünmüşdülər.

100 İL ÖNCƏ YARANMIŞ POLİSİN, 100 SONRA YARADILMIŞ POLİS MÜHARİBƏ VETERANLARI ŞÖBƏSİ

Qərara görə, quberniyanın şəhər və qəzalarında polis rəisləri, onların böyük və kiçik köməkçiləri, sahə və şəhər polis pristavları və milis nəfərləri vəzifələri təsis olundu. Beləliklə, 2 iyul 1918-ci ildə yeni ştat tarifi üzrə Gəncə şəhər polisi polismeyster, böyük və kiçik köməkçidən, 7 pristavdan, onların 7 köməkçisindən, 36 nəfər polis, 80 nəfər piyada milis və 20 atlı milis nəfərindən ibarət yaradıldı.

Beləliklə, 2 iyul 1918-ci ildə Cəncə Quberiniyasında müstəqil polisin yaranması ilə bağlı verilmiş xüsusi qərar əsasında polis yaradıldı. Polis yarandığı gündən həm ölkə daxilində ictimai asayişi qorumaqla birlikdə, həm də erməni, bolşevik qüvvələrinə qarşı vuruşan bir qüvvəyə çevrilmişdi. İlk Polisin yaranmasında xüsusi xidmətləri olanlar F. Xoyski, B. Cavanşir olmuşlar.

Heç kimə gizli deyil ki, 1988 və 1992-ci illərdə də Qarabağ torpaqlarını qoruyan, erməni faşistləri ilə ölüm-dirim savaşları aparan Azərbaycan milisi idi. Onlar «Çaykənd», Goranboy rayonu ərazisində, Şaumyan kənd rayonunda çox uğurlu əməliyyatlar keçirmiş və həmin ərazidən erməni quldurlarının rədd edilməsində böyük sücaətlər göstərmişlər. Qarabağ döyüşlərində iştirak etmiş 931 nəfər polis əməkdaşımız şəhid olmuş, 633 nəfər polis qazi, ümumilikdə 67 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 86 əməkdaş «Azərbaycan Bayrağı» ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişlər. Onu deyə bilərəm ki, məhz Azərbaycan polisi həmin vaxtlarda Qarabağ zonasında ermənilərə bir qarış torpaq sahəsi verməmişlər.

Lakin çox təəssüf ediləsi hal ondan ibarətdir ki, Milli Ordunun yaranması ilə, içərimizdə olan xainlərin, Rusiya dövlətinin və başqa xarici qüvvələrin köməklikləri sayəsində ərazilərimiz ermənilər tərəfindən işğal edildi. Biz müharibə veteranı polislər bu işğalla heç cür barışa bilmərik. Uzun müddətdir ki, aparılan mənasız sülh danışıqlarının isə heç bir nəticə verməməsini başqalarına nisbətən daha gözəl anlayırıq. Bilirik ki, heç bir xarici ölkə bizim torpaqlarmızı bizə qaytarmayacaqdır. Ona görə də bir təşkilat daxilində birləşərək, Ali Baş Komandana torpaqlarmızın geri qaytarılması üçün onun başçılığı altında döyüşə hazır olduğumuzu bildirməkdir.

Onu da bildiririrəm ki, bizim Polis Müharibə Veteranları şöbəsi də, məhz yaranma gününün 100 illiyində — 2018-ci ilin iyul ayının 02-də yaradılmışdır. Artıq sıralarımızda 900 nəfərdən artıq müharibə veteranı polislərimiz üzv olublar.

100 İL ÖNCƏ YARANMIŞ POLİSİN, 100 SONRA YARADILMIŞ POLİS MÜHARİBƏ VETERANLARI ŞÖBƏSİ

Sual: Azərbaycan Respublikasında veteran hüquqları və onları birləşdirən ictimai birliklər qüvvədə olan «Veteranlar Haqqında» Respublika Qanunu ilə tənzimlənir. Bu Qanun barədə nə deyə bilərsiniz?

Cavab: Doğrusu bu qanunu oxuduqda bir hüquqşunas kimi təəssüf hissi keçirirəm ki, bu qanun 1994-cü ilin 28 iyunda Ulu Öndərimiz Heydər Əliyevin imzası ilə qəbul edilmişdir. Qanun qüvvəyə mindiyi vaxtdan onun başına o qədər oyunlar açılmışdır ki, sadalamaqla qurtarmaz. Mən bir məsələni başa düşə bilmirəm ki, qanun bir neçə illiyəmi qəbul olunur? Əsla yox, qanun on, yüz illərlə olan müddət üçün qəbul edilir. Bu qanun qəbul edildikdə 24 maddədən ibarət olmuş, hal-hazırda isə 23 maddəsi qalmışdır. Qanunda veteran dedikdə, müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidmətləri və milli təhlükəsizlik orqanları veteranları başa düşülür. Qanunun 3-cü maddəsi müharibə veteranlarından bəhs edir ki, orada da əsasən 2-ci Dünya müharibəsində iştirak edən müharibə veteranları göstərilmişdir. Qanun qəbul edilərkən müharibə veteranlarına aid göstərilən, komunal xərclərdən, nəqliyyatdan pulsuz istifadə edilməsi, səhiyyə, istirahətlə əlaqədar göstərilən güzəştlər sonradan qanundan çıxarılmışdır. Mən təklif edərdim ki, bu qanun dəyişdirilərək, Qarabağ döyüşlərində iştirak etmiş veteranlar barədə ayrıca qanun qəbul edilsin. Qanun layihəsinin işlənməsinə müharibənin nə olduğunu, döyüşün psixoloji anlamını anlamayan adamlar dyil, müharibə veteranları birlikləri cəlb edilsinlər.

Sual: Sizin rəhbərlik ertdiyiniz AVMVİB Polis Müharibə Veteranları şöbəsinin gələcək fəaliyyəti barədə nə deyə bilərsiniz?

Cavab: Şöbəmizin əsas işi gələcək nəsillər içərisində vətənpərvərlik hissini yüksəltmək, torpaq və vətənin müqəddəsliyini hər bir azərbaycanlının şərəfli işi olmasını təbliğ etməkdir. Bzim nəsil Azərbaycanın müstəqilliyinin yaranmasında iştirak edib buna nail olsaq da, ərazilərimizin erməni işğalçıları tərəfindən zəbt edilməsinin qarşsını ala bilmədik. Biz düşmənin işğal siyasətinin qarşısının alınması üçün bütün insanlarımızın bir araya gəlməsini təmin edib, torpaqlarımızı müharibə yolu ilə azad etməliyik. Polisimizin cəmiyyətdə yaradılmış neqativ imicini dəyişdirməyi planlaşdırırıq. Bəzi qüvvələr polis veteranlarını öz təsiri altına salıb öz şəxsi ambisiyaları üçün istifadə etməyə çalışdığını görürük və biz bunun qarşısını alacağıq. Ölkədə yaranmış stabilliyi pozmaq istəyən bəzi qüvvələrə bizim birliyimizin var olması yaxşı bir cavabdır.

Sual: Sizin rəhbərlik etdiyiniz şöbənin öz fəaliyyətini qurması üçün hər-hansı bir təşkilat və orqandan Sizə köməkliklər göstərilirmi?

Cavab: Hələ ki, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin rəhbərliyinə minnətdarıq. Bizə daima mənəvi dayaq olurlar. Buna baxmayar bizim ümüd etdiyimiz yer Azərbaycan Daxili İşlər Nazirliyi və şəxsən hörmətli Ramil müəllim idi ki, biz cənab nazirə iki dəfə görüşmək üçün məktubla müraciət etmişik. Məktublarmız isə baxılması üçün polis polkovniki Rahib Qarayevə ünvanlanmış və onunla görüşümüzün isə heç bir əhəmiyyəti olmadığını biz əvvəldən bilirdik. Ona görə ki, polkovnik Rahib Qarayev müharibə veteranı olan polisləri qəbul etsə də, müharibədə iştirak etmədiyi üçün bizə nə deyəcəyini əvvəlcədən təxmin edirdik. Buna baxmayaraq biz inanırıq ki, həmişə müharibə veteranlarına qayğı ilə yanaşan, Cənab nazirimiz Ramil Usubov biz mühiribə veteranları şöbəsinin İdarə Heyəti üzvlərini yaxın günlərdə qəbul edəcəkdir. Çünki müharibə veteranı olan polislərin əmək veteranı olan polislərdən fərqli problemləri mövcuddur. Bunu mövcud qanunvericilik də təsdiqləyir.

Sual: Aprel döyüşlərində iştirak edən döyüşçülər tez-tez AVMVİB -ə və sayta veteran statusu ilə bağlı müraciətlər edirlər. Onlara əsassız olaraq bildirirlər ki, bu status yaralananlara düşür. Bu barədə AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini kimi nə deyə bilərsiniz?

Cavab: Hal-hazırda qüvvədə olan «Verteranlar haqqında» respublika qanununun 3-cü maddəsində bir mənalı olaraq göstərilmişdir ki, «DÖYÜŞ ƏMƏLİYYATLARINDA İŞTİRAK ETMİŞ ŞƏXSLƏR» müharibə veteranıdır. Yəni burada açıq şəkildə döyüş əməliyyatında iştirak etmək şərti təsbit olunur. Burada yaralanmaqdan söz açılmır. Vətənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hər bir kəsə müharibə veteranı statusu verilməlidir. Bunu etməyən dövlət məmuru qnunu pozur. Hüququ pozulmuş döyüşçülər məhkəmələrə müraciət edə bilərlər.

— Müsahibə üçün sağ olun.

— Sağ olun!

Müsahibəni hazırladı: Elnur SƏLİM

100 İL ÖNCƏ YARANMIŞ POLİSİN, 100 SONRA YARADILMIŞ POLİS MÜHARİBƏ VETERANLARI ŞÖBƏSİ

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •