20.04.2024

Yaralı yoldaşlarını xilas etdi, özü şəhid oldu… — FOTO

Vətən üçün mərdliklə vuruşan, heç nəyi düşünmədən, qorxmadan canından keçən şəhidlər… Onlardan biri də Bəhruz Quliyevdir.

Bəhruz Quliyev 9 may 1990-cı il tarixində Goranboy rayonunda anadan olub. Naftalan şəhərində böyüyüb boya-başa çatıb. O, 2014-cü ildən MAXE kimi hərbi xidmət etməyə başlayıb. 2016-cı il aprel döyüşlərinin də iştirakçısı olub.


Bəhruzun iki qız övladı var. Nilay və Mədinə hələ çox kiçik yaşda olduqlarından hər şeyi dərindən anlamırlar, amma biz başa düşürük və bilirik ki, şəhidin övladları vətənə əmanətdir.

«Sonuncu dəfə müharibəyə gedəcəyi zaman, yenidən arxaya qayıdıb hər kəsdən halallıq aldı, dedi ki, özünüzə yaxşı baxın», sanki şəhid olacağını hiss etmişdi…».

Bu sözləri Bəhruz Quliyevin anası Möhtərəm Quliyeva Modern.az-a müsahibə verərkən söyləyib.


«Oğlum ağıl-kamalla məktəbini bitirdi, sonra hərbi xidmətə yola saldıq, əsgərlikdə olduğu müddətdə də onun xoş xəbərlərini eşidirdik, hər zaman bizim fəxrimiz olub. Tərifnamə ilə gəldi əsgərlikdən. Hər zaman ürəyində arzusu var idi ki, yenidən hərbiyə qayıtsın, o qədər vətəninə bağlı idi ki, ailəsini belə düşünmədən yenidən hərbiyə qayıdıb xidmətə başladı. Bəhruz aprel döyüşlərində də iştirak etmişdi. O zaman da döyüşlərin ən qızğın getdiyi yerlərdə olurdu, amma sağ-salamat qayıtmışdı, indi isə qayıtmaq qismət olmadı.


Mən onsuz nəfəs ala bilmirəm elə bilirəm ki, yaşamıram…».

— Möhtərəm ana, oğlunuz hansı istiqamətlərdə döyüşürdü?

— Bəhruz Suqovuşan ətrafında döyüşürdü, MAXE idi. Hər zaman dostlarına dəstək olurdu, onlar üçün o qədər can yandırırdı ki… Hətta bəzən öz ad günlərində belə iştirak etmirdi işinə, vətəninə çox bağlı idi. Şəhid olmazdan öncə əsgər yoldaşları üçün yemək aparıb. Sonra eşidiblər ki, dostlarından yaralananlar var, ona görə gəldiyi yoldan qayıtmayıb dostlarının yanına gedib, yaralı dostlarını döyüş bölgəsindən çıxaran zaman onların olduğu yerə minamyot mərmisi atılıb, dostlarının sağ qalması üçün canından keçib. Yaralı dostlarını oradan çıxarıb, amma özü 7 gün yaralı vəziyyətdə maşında qalıb, xilas etmək mümkün olmayıb.7 gün sonra atəşkəs elan olunan zaman gediblər Bəhruzun yanına, amma artıq çox gec imiş.

— Sizin üçün danışmaq çox çətindir, amma bilmək olarmı, şəhidlik xəbəri necə gəldi sizə?

— Sonuncu dəfə oktyabrın 4-ü səhər danışmışdıq. Günortadan sonra zəng çatmadı, sonradan bildik ki, günorta Bəhruzun maşını vurulub. Biz cəbhə bölgəsinə yaxın olduğumuz üçün həmin gün əsgərlər xəbər hamıya veribmiş, amma bizə heç kim demirdi. 7 il idi orada xidmət edirdi, düşünürdük ki, oraları tanıyır, heç nə olmaz, amma sən saydığını say, gör əcəl nə sayır.
Xəbər bizə verilən zaman elə bildim ki, dağlar uçdu, altında qaldım. Naftalana gətirildi dəfn olundu. Onun xilas etdiyi dostları şükürlər olsun ki sağdırlar, amma balam şəhid oldu. Qələbə günü, mayın 9-u dünyaya gəlmişdi, qələbə uğrunda da şəhid oldu oğlum…..

— Övladları bilirmi atalarının şəhidlik zirvəsinə ucaldığını, nələr deyirlər sizə?

— Uşaqlarının sualları bizim ürəyimizi parçalayır. Hər gün atalarını gözləyirlər, ancaq deyirlər ki, atam gəlsəydi belə olardı, atam nə vaxt gələcək? Çox darıxırlar çox… Telefonu götürürlər ki, atalarına mesaj yazsınlar… Yazırlar ki, ata, darıxırıq gəl, amma cavab gəlmir… Hələ nə yaşları var ki, biz necə başa salaq ki, ataları bir də gəlməyəcək…

­
— Sizə rəsmi qurumlar tərəfindən dəstək göstərilirmi?

— Bəli, çox sağ olsunlar, Naftalan Şəhər İcra Hakimiyyətinin, bələdiyyənin işçiləri gəlirlər, dəstək olmağa çalışırlar. Bəhruzdan 7 gün xəbər gəlməyən zaman kimiləri dedi ki, sağdır, kimisi dedi Ağdamdadır, hər yeri axtardıq. İcra hakimiyyəti bizə köməklik göstərdi, hər yerə məlumat göndərildi. Onların sayəsində oğlumuzu tapa bildik, kaş ki, sağ olduğu xəbəri gələrdi.

— Bir şəhid anası kimi əsgər yolu gözləyən, övladı şəhid olan digər analara nələr demək istərdiniz?

— Şəhidlərə canımız qurban olsun. Analarına, ailələrinə, övladlarına Allah səbr versin. Sanki şəhidlərimizin hamısı seçilib o zirvəyə ucalıb. O qədər igid, qəhrəmandılar ki, onlardan danışmağa sözlər bəs etməz… Bizlərə də Allah səbr versin, vətən üçün şəhid oldular.
Allah onlardan kəsilən ömrü-günləri balalarına bağışlasın. Sağ qalan əsgərlərimizi də Allah özü qorusun. Allah onları ailələrinə bağışlasın.

Deyirlər ki, torpağın üzü soyuq olur amma elə deyil getdikcə yaramız daha da dərinləşir….

***

Şəhid atası Firuz Quliyev:

— Mən də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, qaziyəm. Bəhruz dünyaya gözlərini açandan məni hərbi formada görmüşdü. Uşaqlıqdan arzulayırdı ki, o da mənim kimi hərbçi olsun. Arzusuna çatmışdı, amma oğluma şəhidlik qismət oldu.
Xatirələrimiz o qədərdir ki, 30 il mənimlə bir olub, oğlumla hər anımız bir keçib, o xatirələri danışmağa illər yetməz… Bəhruz mənim tək oğul övladım idi…..

— Necə oldu ki, hərbçi olmağı seçdi?

— Uşaqlıq arzusu olmuşdu hərbçi olmaq. Məktəbi bitirdikdən sonra əsgərliyə getdi, hərbi xidmətini başa vurub qayıtdı, öz sevib-seçdiyi qızla ailə həyatı qurdu, amma yenə də hərbiyə qayıtmaq istəyirdi, könüllü yazıldı getdi, 2014-cü ildən MAXE kimi xidmət edirdi. Bəlkə də getməsəydi, hər şey tamamilə fərqli olardı. Amma biz onun qarşısında dayana bilməzdik. O qədər xoşbəxt olurdu ki, vətəni üçün çalışanda….

— Ailəsi sizinləmi qalır, övladılarına nə deyirsiniz?

— Bəli bizimlə qalırlar, iki qız övladı oğlumdan mənə yadigar qalıb. Onlar olmasaydı, bəlkə oğlumla birlikdə mən də ölərdim. İkisi də hələ kiçik yaşdadır, birinin 5, digərinin 6 yaşı var. Bu həyatda heç kim oğlumun yerini verə bilməz, amma ən azından Bəhruzun övladlarından təsəlli alıram. Nişanəsi var bizim üçün. Neçəki Allah mənə ömür verib, çalışacam onlar atalarının yoxluğunu az da olsa, hiss etməsinlər. Hələ də atalarının qayıdıb gələcəyini düşünürlər, gözləyirlər atalarını. Balaca qızı mənə sual verir ki, «Baba, noldu bəs, əsgərlik hələ bitmədi, atam nə vaxt qayıdacaq?». Necə cavab vermək olar bu suala… İnsanın içi parçalanır…

***

Bəhruz Quliyevin dostu Aqşin Mirzəyev:

— Biz uşaqlıqdan birlikdə böyümüşük. Pis günümüzdə ağlayıb, xoş günümüzdə gülmüşük. Bəhruz mənim üçün çox dəyərli idi. Biz 4 dost idik, hər zaman bir-birimizə dayaq olurduq, əslində dost yox, bir ailə idik. Bəhruzun şəhidlik xəbəri bizi çox sartsıtdı, yeri o qədər görünür ki, sözlərlə ifadə edə bilmərəm. Bir dostumuz da hazırda hərbidədir, dua edirik ki, o sağ gəlsin.


Bəhruz çox zəhmətkeş, ailəsini düşünən, dostlarına dəyər verən bir oğlan olub. İndi mən də, digər dostları da bacardığımız qədər onun ailəsinə dəstək olmağa çalışırıq. Bəhruzu hər zaman xatirələrimizdə yaşadacağıq, o bizim üçün ölməyib, çünki şəhidlər ölmür, ölümsüzləşir….

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BİG.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: