18.04.2024

Polkovnik Zaur Nudirəliyev Su-25 təyyarəsini son anda düşmənin çoxsaylı canlı qüvvəsinə çırpdı

44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının misilsiz xidmətləri olub.  AZƏRTAC xəbər verir ki, Vətən müharibəsindən öncə düşmən öz silahlanmasına yeni nəsil hava hücumundan müdafiə vasitələri daxil edib.

Azərbaycan Ordusunun, Hərbi Hava Qüvvələrinin  ehtimal olunan hücumu zamanı düşmənin hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi başlanğıc və ən vacib döyüş tapşırığı idi. Buna nail olmaq üçün Hərbi Hava Qüvvələrinin bütün güc və vasitələri səfərbər edildi. Düşmənin hərbi hava qüvvələri sistemlərinin məhv edilməsində Su-25 hücum təyyarələrinin də iştirakı nəzərdə tutulmuşdu.

Bu məqsədlə Hərbi Hava Qüvvələri komandanlığı tərəfindən Su-25 hücum təyyarələrində yeni taktiki üsullardan istifadə olunması tapşırığı verildi.  Komandanlıq tərəfindən bu iş polkovnik Zaur Nudirəliyevə tapşırıldı. Xarici ölkələrdə təhsil alan, bir-çox dövlətlərlə, xüsusi ilə Türkiyə ilə  birgə keçirilən təlimlərdə böyük təcrübə toplayan polkovnik Zaur Nudirəliyev bu işin öhtəsindən məharətlə gəldi.  O, mütəmadi keçirilən təlimlər zamanı Su-25 hücum təyyarələrinin tam döyüş imkanlarından istifadə edərək, yüksək hündürlüklərdə nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etdi. NATO standartlarına uyğun bu üsul digər təyyarəçilərə də aşılandı.

Vətən müharibəsinin iştirakçısı mayor Cavid Fərəcovun sözlərinə görə, Su-25 hücumçu təyyarə olaraq aşağı hündürlükdə istifadə olunmaq üçün təyin olunub. Amma polkovnik Zaur Nudirəliyev Su-25 döyüş təyyarəsinin imkanlarından məharətlə istifadə etməyi bacarıb:

 “Su-25 döyüş təyyarəsi aşağı və orta hündürlükdən uçarsa düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulma ehtimalı yüksəkdir. Polkovnik Zaur Nudirəliyevin təcrübəsi və araşdırmaları nəticəsində taktikada olmayan yeni bir üsul istifadə olundu. Vətən müharibəsində yuxarı hündürlükdə Su-25 döyüş təyyarəsindən bomba atışı dəqiqliklə istifadə olunması düşməni sarsıtdı. Bu hesabatları biz təyyarəçilərə aşılamışdı. O, həmçinin Su-25 döyüş təyyarəsindən lazer güdümlü bombaların ilk atışlarını yerinə yetirmişdi. Bu taktikanı tələbələrinə də öyrətmişdi. Bütün bu yeni taktikalara görə, döyüşlərdə çox böyük üstünlük əldə edə bildik”.

Polkovnik Zaur Nudirəliyev Su-25 döyüş təyyarəsində Ağdərə, Füzuli, Cəbrayıl, istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurub. Axrıncı uçuşunda isə düşmənin hava hücumundan müdafiə vasitələrinin hədəfi olub. Onunla eyni istiqamətdə uçuşlar yerinə yetirən polkovnik-leytenant Elçin Məmmədov belə deyir:

“Oktyabrın 4-də polkovnik Zaur Nudirəliyev idarə etdiyi Su-25 hücum təyyarəsi Cəbrayıl istiqamətində  ona verilən döyüş tapşırığını yerinə yetirmək üçün təyin olunmuş hədəfə yaxınlaşan zaman mərkəzi komanda məntəqəsinə məlumat daxil oldu ki, düşmənin hava hücumundan müdafiə vasitələri hərəkətə keçib. Bizim kəşfiyyat məlumatımıza görə, həmin ərazidə düşmənin hava hücumundan müdafiə vasitələri olmamalı idi. Düşmən tərəfindən Su-25 hücum təyyarələrinin vurulması ehtimal böyük idi. Buna görə onlara dərhal bizə geri dönmək tapşırığı verildi. Həmin vaxt polkovnik Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı. Bundan sonra o çağırışa cavab vermədi. Artıq polkovnik Zaur Nudirəliyevin idarə etdiyi Su-25 hücum təyyarəsi düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmuşdu. Ağır yaralanmasına baxmayaraq polkovnik katapult edə bilərdi. Lakin o düşmənə əsir düşməmək üçün katapult etmədi. Düşmənə ağır zərbə vurmaq üçün öz canından keçib təyyarəni düşmənin canlı qüvvə və zirehli texnikasına çırpdı və qəhrəmancasına şəhid oldu.”

Amma şəhidin qanı yerdə qalmadı. Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən həmin istiqamətdə düşmənin hava hücumundan müdafiə vasitələri tam məhv edildi. Bununla  “Zərbə” pilotsuz uçuş aparatları, döyüş helikopterlər və hücum təyyarələri üçün geniş istifadəyə imkan yaradıldı. Məhz onların fəaliyyəti nəticəsində düşmənin xeyli sayda artileriya qurğuları, tank, digər zirehli texnikası və canlı qüvvəsi məhv edildi. Xüsusi Təyinatlı Qüvvələr və Quru Qoşunları üçün Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin işğaldan azad olunmasına az sayda itki verməklə olduqca əlverişli şərait yaradıldı.

Vətən müharibəsi zamanı yeni taktiki  üsuldan istifadə olunması nəticəsində təyyarəçilərimiz 600-dən çox uçuş həyata keçirərək düşmənin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv ediblər. Məhz bu taktika nəticəsində 44 günlük Vətən müharibəsində cəmi 1 Su-25 hücum təyyarəsi itirilib. Bu qəhrəmanlıqlarına görə, şəhid polkovnik Zaur Nudirəliyevə dekabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Polkovnik Zaur Nudirəliyevə ölümündən sonra «Vətən Müharibəsi Qəhrəmanı» adı verilib.

Şəhid polkovnikin həyat yoldaşı Nazilə Nudirəliyeva deyir ki, polkovnik Zaur Nudirəliyev işinə olduğu kimi, öz ailəsinə, uşaqlarına qarşı bağlı idi. Ən böyük arzusu öz övladlarını savadlı, Vətənə layiq vətəndaş kimi yetişdirmək idi. Buna görə, hər zaman övladlarının dərsləri ilə maraqlanırdı. Qızı Pərinin 600 balla universitetə qəbul olması onu ürəkdən sevindirmişdi. Oğlu Ömərin də hər zaman dərslərini yaxşı oxumağını istəyirdi. Nazilə Nudirəliyeva şəhid polkovnikdən yadigar qalan övladlarını onun adına layiq böyüdəcəyini deyir.(Virtualaz.org)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: