19.04.2024

Müharibə veteranlarından örnək bir ziyarət

AVMVİB Xocavənd rayon şöbəsi və Beyləqan batalyonunun keçmiş döyüşçüləri əsil döyüşçüyə yaraşan örnək bir addıma imza atıblar. Onların şəhid ailələrinə baş çəkmələri artıq bir ənənə halını alıb. AVMVİB Xocavənd şöbəsinin sədri Akif Həsənovun rəhbərlik etdiyi veteranlardan ibarət qrup Aprel döyüşlərində şəhid olmuş gizir Ruhin Əşrəf oğlu Qəhrəmanovun şəhadətinin ildönümündə iştirak etdilər.

Mərasim barədə məlumat verən AVMVİB Xocavənd şöbəsinin sədr müavini Məmməd Məmmədov bildirdi ki, mərasimdə Xocavənd İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov, Cəbrayıl rayon rəhbərliyi, Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi, Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlər, məktəblərin kollektivləri iştirak edirdilər.

Xatırladaq ki, şəhid Ruhin Qəhrəmanovun atası Qarabağ uğrunda döyüşlərin qazisidir. Şəhidin qardaşı da Aprel döyüşündə yaralanıb. Lələtəpə uğrunda gedən savaşda birgə döyüşən qardaşların biri Qazi, o biri isə Şəhid olub. Hazırda digər bir qardaşı da ön mövqedə «N» saylı hərbi hissədə xidmət keçir. Birinci Qarabağ savaşı qazisi Əşrəf Qəhrəmanov Vətən uğrunda savaşda həlak olmuş, şəhidimiz Ruhin Qəhrəmanov haqqında danışarkən dedi ki, mən övladlarıma, şəhidlərimizin qisası alınanadək və torpaqlarımız düşmən tapdağından tam azad edilənədək hərbi geyimi əyinlərindən çıxarmamağı tapşırmışam. AVMVİB Xocavənd şöbəsinin sədr müavini Məmməd Məmmədov bildirdi ki, müharibə əlili Əşrəf Qəhrəmanov şəhid atası kimi daim ön cəbhədə əsgərlərimizlə təmasda olur. Qəlbi düşməndən alınacaq qisas eşqiylə döyünür.

Mərasimdə qəhrəman şəhidimiz Ruhin Qəhrəmanovun məzarı ziyarət edildi və onun ruhuna dualar oxundu. Şəhidin məzarı üzərinə tər çiçəklər qoyuldu.

Müəllif: Azər BAYRAM

Müharibə veteranlarından örnək bir ziyarət
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: