Rusiya- Azərbaycan sərhədində gərginlik: «Güllə atırdılar»

İyunun 15-də Azərbaycanın Rusiya ilə sərhədində gərginlik yaşanıb.

İki aya yaxındır sərhədə toplaşıb Azərbaycana keçmək istəyən Azərbaycan vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verib.

BBC News Azərbaycancaya danışan Azərbaycan vətəndaşlarının sözlərinə görə, «havaya atəş açılıb, onlara qarşı təzyiq olub və xəsarət alanlar var».

Sosial mediada yayılan məlumatlarda qarşıdurmada onlarla azərbaycanlının saxlandığı da deyilir. Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi hələ ki, açıqlama verməyib.

Azərbaycan və Rusiya arasında gediş-gəliş koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 18-i saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Ancaq Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən Azərbaycan vətəndaşları toplaşıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə AZƏRTAC-a Azərbaycan və Rusiya arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüf ifadə edib.

Vətəndaşların sərhəddə toplaşmasına gəldikdə isə Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva deyib ki, Azərbaycan hakimiyyəti onlara dəfələrlə müraciət edib ki, «Evə gedirəm» portalında qeydiyyatdan keçmədən sərhədə yığışmasınlar.

Hikmət Hacıyev isə deyib ki, 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən «Samur» sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər Azərbaycan vətəndaşının Rusiyadan geri qayıdışı təmin olunub. (BBC)

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share