25.04.2024

Zərdab rayonunda şəhid bacısı Prezidentə təşəkkür etdi – Fotolar/Video

Şəhid ailəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə minnətdarlığı Şəhid Mansur Qarayevin bacısı, Zərdab rayon sakini Rəhilə Cəbrayılova Avropa.info-ya məktub ünvanlayıb. 

Avropa.info-ya daxil olan məktubda deyilir: 

«Qarabağ müharibəsində igidliklə vuruşaraq şəhid olan qardaşım Mansurun doğulub təhsil aldığı Sarıqaya kəndindəki xatirə-bulağı neçə illər idi bərbad və yararsız vəziyyətdə olsa da, dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç kəs heç bir tədbir görmürdu. 

Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Mərdan Camalzadə keçən ilin noyabrında Zərdab rayonuna icra başçısı təyin ediləndən sonra, çox düşünüb-daşındım və nəhayət, yeni başçımızın qəbulunda oldum. Hörmətli Mərdan Camalzadə məni diqqətlə dinlədi, qardaşımın təhsil aldığı və onun adını daşıyan Sarıqaya kənd tam orta məktəbi binasının qarşısındakı abidə-bulağa baxış keçiriləcəyini, vəziyyətlə yerindəcə tanış olacağını dedi. Allah möhtərəm Prezidentimizə də, başçımıza da can sağlığı versin! 

Belə ki, rayonumuzun rəhbəri qəbul gününün səhəri abidə-bulağa baxış keçirdi və vəziyyətdən hədsiz narahat oldu, bu işin xərcini öz üzərinə götürdü. Şəhid qardaşımın abidə bulağı hörmətli Mərdan Camalzadənin təşəbbüsü və şəxsi vəsaiti hesabına yeni növ mərmərlə işlənərək, çox qısa müddətdə tikilib, istifadəyə verildi, bulağın qarşısındakı 20 kvadratmetrlik meydançaya da mərmər üzlük döşəndi. Allaha şükürlər olsun ki, Mansurun xatirə-bulağı indi elə gözəl görkəm alıb ki, mən bunu heç təsəvvürümə də gətirməzdim». 

Rəhilə Cəbrayılova şəhid qardaşının xatirəsinin uca tutulmasına, ailə üzvlərinin mənəvi rahatlığına görə Prezident cənab İlham Əliyevə, eləcə də Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə ailə üzvləri adından sonsuz minnətdarlığını bildirir. 

Çoşqun Abdullayev
Avropa info 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: