Bakı Slavyan Universiteti yaz semestrinin imtahan sessiyasına tam hazırdır

Bakı Slavyan Universitetində (BSU) I-III tədris illərində təhsil alan tələbələrin yaz imtahan sessiyası üzrə cari və aralıq qiymətləndirilməsi ilə bağlı güzəştlər nəzərdə tutulub. Bu barədə BSU-nun Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, dövlət imtahanı verən və ya buraxılış işi yazan tələbələr Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında dövlət imtahanından və buraxılış işinin müdafiəsindən azad olunacaqlar. ÜOMG əsasında aparılmış qiymətləndirmədən narazı qalan tələbələrə buraxılış imtahanını verməyə şərait yaradılacaq. Buraxılış tədris ili tələbələrinin təcrübə üzrə qiyməti ÜOMG balına bərabər tutulacaq. Akademik borcu olan buraxılış tədris ili tələbələrinin akademik borcları ləğv ediləcək. Buraxılış ili tələbələrinə təkrar dinləmədən 1-2 fənn üzrə onlayn qaydada imtahan verməyə imkan yaradılacaq.

Magistr dissertasiyası mövzuları, tədqiqat obyekti və predmetini əks etdirən mətn müəyyən olunmuş normativlərə uyğun elektron və kağız formasında təqdim olunacaq. Elmi rəhbərin rəyi əsasında magistr dissertasiyası kafedralarda onlayn rejimdə müzakirə ediləcək. Dissertasiya mətni plagiat proqramında yoxlanıldıqdan sonra ilkin qiymətləndirilmə keçirilirəcək. Magistr dissertasiyalarının müdafiəsi onlayn formada ixtisaslaşdırılmış müdafiə şuralarında aparılacaq.

Distant təhsilə tam şəkildə qoşulan I-III tədris ili tələbələrinin və magistratura səviyyəsində I tədris ili tələbələrinin cari və aralıq qiymətləndirilməsi aşağıdakı qaydada aparılır:

Tələbələrin 17 fevral-2 mart 2020-ci il tarixlərində dərsə davamiyyətinə 10 bal verilir;

Sərbəst işlərin yerinə yetirilməsinə 10 bal verilir;

Cari qiymətləndirmənin ÜOMG əsasında aparılması və tələbələrin dinlədikləri fənn üzrə maksimum 30 bal toplaması üçün ÜOMG-si51-70 bal aralığında olan tələbələrə 17, 71-80 bal aralığında olan tələbələrə 20, 81-90 bal aralığında olan tələbələrə 25, 91-100 bal aralığında olan tələbələrə isə 30 bal verilməsi məqbul hesab edilir;

Tələbələr distant təhsilə tam şəkildə qoşulduqları fənlər üzrə imtahanlardan azad olunurlar;

ÜOMG əsasında cari və aralıq qiymətləndirilmədən azad olunan tələbələr imtahan ballarından narazı olduqları halda, onların Apelyasiya Komissiyasına onlayn formada müraciət etmələrinə şərait yaradılır.

Distant təhsilə qismən qoşulan və ya tamamilə qoşulmayan, eləcə də pandemiya səbəbindən yaz imtahan sessiyasında qeydiyyatdan keçə bilməyən tələbələrin imtahanlarda iştirak üçün qeydiyyatı fakültə və şöbələrdə iyunun 5-dək aparılır. İmtahan cədvəlləri tələbələrə iyunun 5-6-da elan ediləcək. Distant təhsilə qismən qoşulan və tamamilə qoşulmayan tələbələrin imtahanaqədərki balları distant təhsilə tam şəkildə qoşulan tələbələrdə olduğu kimi hesablanacaq. İmtahan sessiyası iyunun 10-dan iyulun 10-dək onlayn formada təşkil olunacaq. Distant təhsilə qismən qoşulan və ya qoşulmayan, yaz imtahan sessiyasında iştirak edə bilməyən akademik borcları yaranmış tələbələr üçün onlayn formada avqustun 10-dan 28-dək ödənişsiz məsləhət saatları və sentyabrın 1-dən 11-nə kimi onlayn imtahanlar keçiriləcək. Onlayn

imtahanlar zamanı internet əlaqəsi kəsildiyi və ya tələbə verilmiş qrafikə uyğun imtahanda iştirak edə bilmədiyi halda fərdi qaydada təkrar onlayn imtahanlar təşkil olunacaq. Tələbələr yaz imtahan sessiyası müddətində və sentyabrın 15-dək imtahan verə bilmədikləri halda onlara növbəti imtahan sessiyaları dövründə şərait yaradılacaq.

Bütün fənlər üzrə imtahan suallarının sayı 30 faizdən az olmayaraq azaldılıb və suallar sadələşdirilib.

İmtahan sessiyasının keçirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərləri qarşısında konkret vəzifələr qoyulub. İmtahan cavablarının yoxlanılması, texniki işlərin icrası, icmal mühazirələrinin və məsləhət saatlarının aparılmasına professor-müəllim heyətinin 30%-i həcmində, yaşı 65-dən çox olmayan əməkdaşlar sırasından cəlb ediləcək. Hazırda imtahan sessiyasına hazırlığın texniki-təşkilati məsələləri yüksək səviyyədə həyata keçirilir. Universitetdə İmtahan Qərargahı, Apelyasiya Komissiyası və onlayn imtahanların keçirilməsi üçün xüsusi İşçi Qrupu yaradılıb. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara, irəli sürdüyü tələblərə uyğun olaraq BSU-da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davamlı həyata keçirilməsi, universitet əməkdaşlarının şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri diqqət mərkəzində saxlanılır. Bütövlükdə BSU yaz semestrinin imtahan sessiyasına tam hazırdır.

Mətbuat Xidməti

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •