Millət vəkili Razi Nurullayev veteran problemlərindən danışıb

«Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 3-cü maddəsinə dəyişiklik təklif edirəm.

Qarabağ müharibəsi veteranlarına, əlillərinə, şəhidlərin ailə üzvlərinə dövlət tərəfindən güzəşt və imtiyazlar müəyyən edilib. Pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi göstərdi ki, bu kateqoriyadan olan şəxslərin daha çox qayğıya ehtiyacı var və keçmiş döyüşçülərin maddi və sosial durumları ürək açan deyil. Veteranlara verilən müavinətin miqdarı 80 manatdır-bu məbləğ ölkə üzrə müəyyən edilmiş 160 manat ehtiyac meyarından da belə 2 dəfə azdır. Yeri gəlmişkən, 80 manata görə keçmiş döyüşçülərə və onların həyat yoldaşlarına 190 manat məbləğində bir dəfəlik yardım belə verilmədi.

Ancaq ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən dövlətimiz veteranlara əmək haqqının minimum səviyyəsindən az olmayan yaşayışa təminat verir. Bildiyimiz kimi, bu il ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilib. Bu baxımdan hesab edirəm ki, keçmiş döyüşçülərə ödənişlərin miqdarı artırılmalı və minimum əmək haqqı miqdarına çatdırılmalıdır.

Ümumiyyətlə, veteran, qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin yaxşılaşdırılmasına dair təkliflər Milli Məclisə, müvafiq orqanlara təqdim olunub, mənə də müraciətlərin sayı çoxdur. Hesab edirəm ki, bu məsələlərə yenidən baxılmalıdır, veteran qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin yaxşılaşdırılması kompleks şəkildə aparılmalıdır.»

Bu fikirləri Milli Məclisdə Millət vəkili Razi Nurullayev səsləndirib.

Nurlan Məmmədli

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share