Milli Məclisin Sədri deputat köməkçiləri ilə görüşdü

Mayın 15-də Milli Məclisin plenar iclas zalında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib. 

Bu barədə «Report»a parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Aparat rəhbərinin müavini Yaşar Əməşov, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Sədri iclası açaraq bildirdi ki, bugünkü görüşün məqsədi deputat köməkçiləri ilə qarşıda dayanan vəzifələr barədə fikir mübadiləsi aparmaqdır.

Spiker vurğulayıb ki, hazırda Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. 2018-ci ilin Prezident seçkilərindən sonra dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən struktur və kadr islahatları geniş vüsət alıb. Ölkəmizin qanunvericilik orqanı da bu islahatlardan kənarda qala bilməzdi. Bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər nəticəsində parlamentin yeni tərkibi formalaşıb və altıncı çağırış Milli Məclis fəaliyyətə başlayıb. Prezident İlham Əliyev Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində digər məsələlərlə yanaşı, qanunvericilik orqanı qarşısında dayanan vəzifələri də müəyyən edib. Bizim fəaliyyətimizin yol xəritəsi olan bu nitqində cənab İlham Əliyev dövlətin və cəmiyyətin parlamentdən gözləntilərini ifadə edib.

Bu gözləntilərin nədən ibarət olması barədə Spiker deyib ki, ilk növbədə, qanunvericilik fəaliyyəti təkmilləşdirilməli, yeni qanunların hazırlanması zamanı daha çox keyfiyyətə fikir verilməlidir. Qanunların qəbulu ilə yanaşı, onların icrasına nəzarət də gücləndirilməlidir.

Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün məlumatların dünyaya çatdırılması üçün deputatlar beynəlxalq təşkilatlarda daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Ən vacib vəzifələrdən biri isə budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir.

Sədr vurğulayıb ki, əlbəttə, deputatların vəzifələri bununla bitmir. Bu vəzifələrin uğurla yerinə yetirilməsində siz köməkçilərin üzərinə böyük məsuliyyət düşür. O, deputat köməkçilərinə müraciət edərək söylədi ki, siz öz fəaliyyətinizdə bu məqamı daim nəzərə almalısınız. Deputat köməkçisinin əsas vəzifələrindən biri deputatın fəaliyyətlərinin həyata keçirilməsinə təşkilati-texniki kömək göstərmək və onun tapşırığı ilə müxtəlif funksiyaları yerinə yetirməkdir. Yaxşı köməkçi deputatın səlahiyyət və vəzifələrinin nədən ibarət olduğunu dəqiq bilməli, müəyyən mənada deputatın həmfikiri olmalıdır.

Sahibə Qafarova çıxışında koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə də toxundu. Qeyd edib ki, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də təsir göstərib. İndi seçicilərlə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Siz seçicilərlə müntəzəm əlaqə saxlamalı, onların qayğı və problemlərini öyrənməli, dairənin ərazisində deputata bir növ bələdçilik etməyi bacarmalısınız. Əlbəttə, bu vəzifələri layiqincə yerinə yetirməyiniz üçün Milli Məclisin Aparatı sizə lazımi dəstək verəcək.

Sədr daha sonra söyləyib ki, onun sərəncamları əsasında Milli Məclisdə struktur və kadr islahatları aparılıb. Bu barədə mətbuatda geniş məlumat verilib. Bir sıra şöbələr ləğv edilib, yeni şöbələr yaradılıb, parlament Aparatının fəaliyyəti müasir tələblər səviyyəsində qurulubdur. Yeni yaradılan şöbələrdən biri İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsidir. Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. Ümumi işin səmərəsini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək üçün siz yeni şöbə ilə iş birliyi şəraitində çalışmalısınız.

Çıxışının sonunda Sədr deputat köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq deyib: “Ümid edirəm ki, siz üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, göstərilən yüksək etimadı doğrultmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Əminəm ki, məhz bu yolla siz Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin ardıcıl davam etdirdiyi siyasi kursun uğurlarına parlamentin töhfəsinin artırılmasında yaxından iştirak etmiş olacaqsınız”.

Görüşdə çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, ölkəmizdə aparılan islahatlar həyatın bütün sahələrini əhatə edir. Bildiyiniz kimi, hər bir parlamentin 4 əsas funksiyanı var: qanunvericilik, nəzarət, beynəlxalq əlaqələr və ən vacib funksiyalardan biri təmsilçilik funksiyası. Bu, o deməkdir ki, Milli Məclis bütün Azərbaycan əhalisindən seçilmiş nümayəndələri özündə birləşdirir. Milli Məclisin deputatları hərəsi bir seçki dairəsinin tam səlahiyyətli nümayəndəsidir. Təmsilçilik funksiyasının həyata keçirilməsində isə deputat köməkçilərinin üzərinə böyük vəzifələr düşür. Müasir tələblərə görə deputat köməkçisi deputatın tapşırıqlarını yerinə yetirməklə yanaşı, Milli Məclis Aparatının müvafiq şöbələri ilə daimi əlaqədə olmalı, görülən işlər barədə hesabatları vaxtında təqdim etməlidir.

Səfa Mirzəyev diqqətə çatdırıb ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın bildirdiyi kimi, Prezident İlham Əliyevin bu il martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı parlamentin qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün biz öz işimizi yenidən qurmalı və əlimizdən gələni əsirgəməməliyik.

Sonra görüş Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşovun sədrliyi ilə davam etdirilib. Yaşar Əməşov deputat köməkçilərinə bu vəzifəyə təyin olunmaları münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, parlament tarixində ilk dəfədir Milli Məclisin plenar iclas zalında deputat köməkçiləri ilə görüş keçirilir. Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi köməkçilərlə sıx işləyəcək.

Görüşdə çıxış edən Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Mahmudov və Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Elşad İsmayılov deputat köməkçilərinin qarşısında dayanan vəzifələrdən danışdılar, onlara öz tövsiyələrini veriblər.

Tədbirdə VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı zamanı parlamentə verdiyi tövsiyələrə uyğun Milli Məclisdə görülən işlər, aparatda aparılmış struktur və kadr islahatları, xüsusilə yeni çağırışlara uyğun deputat köməkçilərinə verilən tapşırıqlar barədə müzakirələr aparılıb, fikirlər dinlənilib.

Görüşün sonunda deputat köməkçilərini maraqlandıran suallara aydınlıq gətirilib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share