20.04.2024

İki general həbs edildi, nazir müavini qovuldu – Erməni barmağı

Rusiya Prezidenti Vladimir Putin aprelin 9-da axşam daxili işlər nazirinin müavini Aleksandr Romanovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Fedai.az xəbər verir ki, o, 2016-ci ilin yanvar ayının 9-da Daxili İşlər nazirinin müavini və DİN-in İstintaq İdarəsinin rəisi təyin edilmişdi.

Musavat.com-un mövzu ilə bağlı şərhində bildirilir ki, 1967-ci ildə Leninqradda anadan olan, 1989-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Leninqrad Xüsusi Milis Məktəbini bitirdikdən sonra Sankt-Peterburq və Leninqrad vilayətinin Mərkəzi Daxili İşlər İdarəsinin istintaq və təhqiqat bölmələrində xidmət edən və 2003-cü ildən sürətlə yüksək karyera qazanan General-polkovnik Romanovun işdən çıxarılacağı gözlənilən idi. Çünki bir neçə gün əvvəl Federal Təhlükəsizlik Xidməti DİN-in İstintaq İdarəsinin iki generalı — Aleksandr Krakovski, Aleksandr Biryukov və xüsusilə mühüm işlər üzrə müstəntiq Aleksandır Bryantsevi həbs edib. Ötən həftə isə onlar barəsində paytaxtın Basmannı Rayon Məhkəməsi üç aylıq həbs qərarı verib. Hər üç yüksək rütbəli DİN zabiti erməni iş asdamı Albert Xudoyanın qalmaqallı işinin istintaqına nəzarət edirdilər.

İttihama görə, generallar aerovağzalın yerində yaşayış binası tikdiyi üçün həbs edilən erməni iş adamının istintaq təcridxanasından azad etməkdə və əmlakı üzərindəki həbs qərarının ləğvində suçlanırlar. Bu məqsədlə onlar Albert Xudoyanın işinin paytaxt polisindən DİN-in İstintaq İdarəsinə təhvil verilməsini təşkil ediblər. “Optima Development” kompaniyasının sahibi olan Albert Xudoyan paytaxtın Leninqradski prospektində 10 milyon dollar məbləğində torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi ittihamı ilə tutulub. Onun şirkəti elit “Prime Park” yaşayış kompleksi inşa edirdi.

2019-cu ilin iyul-avqust aylarında indi həbs edilən generallar əlbir olaraq Daxili İşlər Nazirliyinin artıq sabiq hesab olunan nazir müavini Aleksandr Romanova sənəd ünvalayıblar. Sənəddə Xudoyana qarşı cinayət işinin qanunsuz başladığı barədə yalan məlumatlar veriblər. Bundan sonra istintaqın Moskva Şəhər Polisinin Baş İstintaq İdarəsindən alınmasına və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsinə nail olublar.

Müstəntiq Aleksandr Bryantsev dərhal həbs qərarını ləğv edib və 2019-cu ilin noyabrında Xudoyan ibtidai istintaq təcridxanasından azad edilib.

İstintaqa görə, onlar Xudoyanın ittiham olunduğu maddəni də dəyişməklə daha yüngül cəza almasına çalışıblar. Lakin istintaq generalların rüşvət alması faktını sübut edə bilməyib. Bu səbəbdən generallar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Rusiya KİV-ləri yazır ki, generalların həbsi barədə qərarı Rusiya İstintaq Komitəsinin rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı Aleksandr Bastrıkin şəxsən verib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: