19.04.2024

11 may 1994-cü il. Qanlı, son dərəcə gərgin Seysulan döyüşü. İndiyədək alınmaz qalaya dönən Tərtərin taleyi bu kəndin işğalından sonra təhlükə qarşısında qalmışdı. 701 saylı hərbi hissənin 1-ci taborunun od ürəkli cəngavərləri Seysulanın imdadına çata bilməsəydi, Allah bilir, nələr olardı.


…Düşmən qazmasının arxasında bir tank və bir ZDM mövqe seçmişdi. Çevik manevr üçün imkan yox idi. Kənd evlərinin hər biri posta çevrilmişdi. Erməni faşistləri qurduqları istehkamlarda gəbərir, amma bir addım da geri çəkilmək istəmirdilər. Döyüşdən şikarsız qayıtmağı özünə ar bilən zabit İlqar Dadaşovun bir dəqiqə vaxtı da boş keçmirdi. Cinahları sürünə-sürünə yoxlayır və ani hökmlər verirdi. Hava telefonu ilə həyəcanla danışmaqdan səsi batmışdı. Düşmənlə əsgərlərimizin arasında məsafə 20-50 metrdən çox deyildi. Çox qızğın küçə döyüşü, ev savaşı gedirdi. Düşmən tərəfdən döyüşən muzdlu ruslar apaydın görünürdü. Hamı üz-üzə, göz-gözə dayanmışdı.


Zabit İlqar Dadaşov belə dara düşməmişdi. Amma ümidini öz əsgərlərinə bağlamışdı:


— Adil, ehtiyatı əldən vermə. Bilin ki, biz küçədə tutulan erməni əsgəri ilə yox, peşəkar rus hərbçiləri ilə döyüşürük. Əsas məqsəd müdafiə olunmaq və hiylə işlədib, düşməni ağır itkiyə məruz qoymaqdır.


Qumbaraatan Adil Məmmədovun bədənindən elə bir cərəyan keçdi:
— Ürəyini buz kimi saxla. Biz hələ ölməmişik ki, sən belə bədbin danışasan.
— Yox, elə deyil, Adil. Atalar sözüdür: düşmən qarışqa da olsa, sən onu fil saymalısan. Ehtiyatlı əsgərin anası ağlamaz.


Adil yenə öz qüruruna kölgə salmadı:
— Peşəkar hərbçilərlə döyüşmək bizə fəxrdir. Öləndə də kişi kimi ölərik.
Sol cinahdan Adil girintili-çıxıntılı həyətlərdən nə qədər yol axtarsa da, düşmən tankını vurmaq üçün açıq mövqe tapa bilmədi. İri meyvə ağacları güllə və mərmilərin qabağını kəsirdi. Sağ cinahda vuruşan İmran İbrahimovun isə döyüş bəxti gətirmişdi. O, qan çanağına çevrilmiş bir evi öz igid silahdaşları ilə mühasirəyə ala bildi. Ev qumbara atəşinə tutulanda düşmən ZDM-nin maskası söküldü. İmran dalbadal iki qumbara atdı. ZDM dərhal aradan çıxıb qaçdı. Texnikasız qalan düşmən piyadaları təkbətək döyüşə girişməli oldular. Namiq Novruzov gizlincə sürünüb məhəccərin böyrünə qısıldı. Bir rus əsgər taxtapuşdan “PK” ilə bizimkilərin amanını kəsirdi. Namiq yerə dirsəklənib avtomatın tətiyini yalnız bir dəfə çəkdi. Güllə rusun düz beynindən dəydi. Onun cəsədi “PK” qarışıq taxtapuşdan yerə düşdü.


Namiq üzünü əsgər yoldaşlarına tutub lovğalandı:
— Gördünüzmü? Di öl, erməni cibinə möhtac olan köpək oğlu! Elə bildin səni gəbərdən tapılmayacaq?!


Sıravi Süleyman Zeynalov yenicə tərksilah olunmuş düşmən səngərində döyüş vəziyyətini almışdı. Ürəyinə dammışdı ki, sakit dursa, bu posta düşmən piyadaları xəbərsiz gəlib girməyə cəhd göstərəcəklər. Elə bu fikirlər ürəyindən keçirdi ki, bir dığa onun beş addımlığında göründü. Yerini bildirməmək üçün qumbaranı səngərin sağ başından onlara sarı tulladı. Rus bağıra-bağıra can verdi. Erməni qulduru isə ondan da tez gəbərdi.


Cəld hərəkətlərlə tez-tez özünə atəş mövqeyi seçən Namiq Məhərrəmov da bir rusu yıxdı. Özü də buna təkbətək döyüşdə nail oldu. Qana bulanmış rusların aqibətini öz gözləri ilə görən əsgərlərimizin döyüş əzmi daha da gücləndi. İgidlərimiz qızmış nər kimi o evdən bu evə hücuma keçir və bir-birinə dayaq olurdular.


Mayın 12-də də Seysulan savaşı sönmədi. Dünəndən başlanan yağış bu gün dolu ilə əvəz olundu. Səngərlər, xəndəklər və arxlar ağzınacan yağış suyu idi. Əsgərlərimizin dəbilqələrinə dolu elə zərblə dəyirdi ki, güllə yağışı ilə dolu yağışını bir-birindən seçə bilmirdilər. Həyət-bacanı bəzəyən cürbəcür ağacların, üzüm tənəklərinin yarpağı aramsız yağan dolunun, güllənin təsirindən payız xəzanı kimi yerə tökülürdü. Seysulan vaxtsız payız ömrü yaşayırdı. Elə bil Allah da bizim qanlı-qadalı savaşımıza göz yaşı axıdırdı. Necə də ağlamayaydı?! Axı cəsur çavuşumuz Revamir Bəşirov, əsgərlərimizin hünər timsalı olan İlqar Ələkbərov, Ədalət Cəbrayılov, Nəriman Abdullayev bu döyüşdə şəhid olmuşdular. Bəxtiyar Quliyev, Fikrət Şahbazov kimi aslan ürəkli oğullarımız ağır yara almışdılar.


Təngnəfəs olmuş rusların səsi kəsilmirdi:
— Tez olun, patron verin…


Kəndin sol cinahında düşmənin ən iri postlarından biri ələ keçirildi. Zabit Bəkir Əhmədovun özü postları gəzib vəziyyəti öyrəndi. Sonra növbəti postu tərksilah etmək əməliyyatı quruldu. 5 nəfər döyüşçümüz – Feyruz Aslanov, İlqar Əliyev, Andrey Rüstəmov, Mahir Məhərrəmov və Namiq Məhərrəmov qarşı-qarşıya vuruşduğumuz postun boş qalmış sağ tərəfinə gizlincə keçdilər. Çarpaz atəşlərə cavab verə bilməyən erməni faşistləri bu postu da itki ilə tərk etdilər. Postda bizə “bəxşeyiş” də qoydular: bir ədəd qumbaraatan silah, 15 ədəd əl qumbarası, 19 ədəd güllə xəzinəsi və 1 ədəd durbin.


İmran İbrahimovun “bəxşeyiş”i daha qiymətli oldu. O, dünəndən bizimkilərə aman verməyən düşmən tankını qumbara ilə düz mühərrikindən odladı. Tank son nəfəsdə lüləsini üstümüzə tuşlayıb üç mərmi atdı. İmran bundan əsəbiləşib bir dizini yerə dirədi və ikinci qumbaranı atdı. Bu dəfə tankın səsi birdəfəlik kəsildi…


İmran İbrahimov şəhid olmuş silahdaşının cəsədini çıxarmaq cəhdi ilə özünü ön xəndəyə atdı. Onu görən yox idi. Əl atıb şəhidin çiynindən çəkə-çəkə arxaya sürünürdü. Birdən xəndəyin başına bir muzdlu rus əsgəri gəlib çıxdı. Səksəkəli baxışlarla ona doğru boylandı. İmran cavab verməyə hazır dayanmışdı. Uzaqbaşı eyni məqamda hər ikisi atəş aça bilərdi. Nədənsə, rus əvvəlcə qımıldanmadı. Lal oyunu başlandı. Rus əsgəri əli ilə soruşdu ki, nə edirsən? İmran da lalsayağı başa saldı ki, cəsədi aparıram. Rus barmağını silkələyə-silkələyə onu hədələdi. Amma ani olaraq arxasını çevirib uzaqlaşdı. İmran, imkan olsa da, onu arxadan vurmadı:
— Arxadan vurmaq kişilikdən deyil…


Qanlı Seysulan döyüşünün üçüncü günü bizim həmləmizlə başladı. Geri alınmış mövqelərdə zabit İlqar Dadaşov gecə ikən etibarlı səngərlər qazdırmışdı. Tünbətün olmuş düşmən də yeni qüvvələr gətirmişdi. “N” taboru heç vaxt üzləşmədiyi güclü müqavimətlə rastlaşmışdı.


Həmləmizin müqəddiməsi minaatan batareyanın zabiti Namiq Şirinovun “Atəş” əmri ilə yazıldı. İlk dəqiqələrdə düşmənin “DŞK” və “PK” nöqtələri susduruldu. Hədəf göstəricilərini Namiqin özü ön atəş xəttindən verirdi. Əl içi kimi açıq-aşkar görürdü ki, düşmən necə tələfata məruz qalır. 40-a yaxın canlı qüvvə itirən dığalar hava telefonu ilə kömək istəyirdilər. Bu dəm düşmənin bir “KamAZ”ı göz görə-görə məhv edilən hədəfin qonşuluğunda dayandı. Namiq onların da başına öz igid minaatanlarının fərasəti sayəsində bir oyun açdı ki, gəl görəsən: ölən kim, yaralı-yaralı haray salan kim, cəhənnəmi dirigözlü görən kim…


Güllə xəzinəsi boşalan şamaxılı igid əsgər İslam Əzimov komandirin yanına qayıtmalı oldu. Çünki ön xətdə 3 nəfər şəhidimizin – Osmanın, Bəşirin, İnqilabın cəsədləri qalmışdı. Onları imkan daxilində döyüş meydanından çıxarmaq lazım idi. Sanitar təlimatçısı, mingəçevirli Ağası İsmayılov öz vəzifə borcunu layiqincə yerinə yetirirdi. İslamın verdiyi xəbəri eşidən kimi şəhidlərin yerini dəqiq öyrənib qabağa atıldı. O, Seysulan vuruşunda 15 yaralımızı döyüş meydanından çıxarıb həyatlarını qoruya bildi.


İslam Əzimov eyni zamanda döyüş hesabatını verdi: “Dünənə nisbətən dığalar çox qırılırlar. Muzdlu əsgərlərin də gözü bizdən qorxub. Üçünü özüm vurmuşam. İkisi əlində çörək, biri isə hava telefonu ilə gəlirdi. Qabağa buraxdım ki, əlimdən çıxıb qaça bilməsinlər. Ürəklərindən nişan aldım. Təxminən yarım saat əvvəl əsgərlərimiz düşmənin bir ədəd “UAZ”ını deşik-deşik etdilər. Tankımız da yaxşı atdı. Hər bucağından bir oyuq açılan evi elə dağıtdı ki, eyni zamanda həm “DŞK”, həm “PK”, həm də qumbaraatan silah xurd-xəşil oldu”.


Zabit Nadir Cəfərov əli ilə onun çiynindən vuraraq dedi:
— Əhsən, qardaşım, düşməni elə vurmaq gərəkdir ki, bir də özünə gəlməsin. Tez ol, güllə götürüb qabağa get. Seysulan bu gün azad olunmalıdır.
Seysulan döyüşündə iki həmyerli – Qəbələ rayonunun igidləri Şahin Ağayev və Nuşirəvan Şabanov da örnək ola biləcək cəsarət, əsgər məharəti göstərdilər. Şahin üzbəüz savaşda iki haramzada dığanı məhv etdi.

Nuşirəvan Şabanov əlverişli şərait olmaya-olmaya qəfil atışlarla düşmən “ZDM”ini qovub döyüş meydanından çıxartdı. Hər ikisinin beyni qızmışdı. Çevik hərəkətləri, ağır dəqiqələrdə bir-birini qorxmazcasına himayə etmələri daha valehedici döyüş mənzərəsi yaradırdı. Düşmən bağrına tuşlanan silahların güllə xəzinəsi döyüşçülərimizin dolmuş ürəkləri ilə bahəm boşalırdı.


Qızğın döyüş gedə-gedə bölgəyə xeyirxah niyyətlə təşrif gətirmiş Şəmkir sərnişindaşıma və avtonəqliyyat müəssisəsinin dəstə rəisi Ramiz Hüseynovla tanış oldum. O, məmnun halda deyirdi:
— Ayağım yüngüldür, hər dəfə gələndə əsgərlərimizin uğurlu döyüşlərini eşidirəm. İndi hərbi hissə üçün iki maşın gətirmişəm. Müəssisəmizin 11 nəfər sürücüsü də döyüşür. Həmişə ürəyimiz onların yanındadır. Əlimizdən gələn köməyi əsirgəmirik ki, ordumuzun heç bir dərdi, narahatlığı olmasın.
İgidlərimiz 3 gün davam edən Seysulan döyüşünü atəşkəs haqqında müqaviləyə əsasən dayandırmaq məcburiyyəti qarşısında qaldılar. Amma azğın düşmən, eləcə də onun dollar hərisli muzdlu rus əsgərləri anladılar ki, Azərbaycan ordusu var, mətanətlə döyüşür və öz məmləkətinin ərazi bütövlüyünü gec-tez bərpa edəcəkdir.

На изображении может находиться: 1 человек

İbrahim MƏSİMOĞLU
1 iyun 1994-cü il

İbrahim MƏSİMOĞLU
1 iyun 1994-cü il

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: