29.03.2024

AVMVİB sədri Füzuli Rzaquliyev: «Bizə maska deyil, kaska lazımdır»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Birlik üzvlərini maraqlandıran suallara cavab verdi. (Telefonla alımış müsahibə)


— Dünyada yayılmaqda olan koronavirus ölkəmizi də cənginə aldı. Müharibə veteranları arasında bu virusun risk qrupunda olanlar çoxdurmu?


 Əsasən bu qrupa 65 yaşdan yuxarı yaşı olan şəxslər daxil edilib. Bəli, veteranlar arasında bu yaş qrupundan olanlar var. Dövlət başçısının bu mübarizədə irəli sürdüyü düzgün strategiyaya uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 — Çağrı Mərkəzinə sosial xidmətlərin göstərilməsi ilə bağlı məlumatımız var. Tənha veteranları bu mərkəzlə əlaqədə qadağalara əməl etməyə çağırırıq. Ölkəmiz üçün, xalqımız üçün daha böyük narahatlıq verməmək üçün hökumətin irəli sürdüyü karantin şərtlərinə sözsüz tabe olmaq vacibdir. Xüsusən də özünü Ali Baş Komandan cənab İlham Əliyevin əsgəri sayan müharibə veteranları verilmiş «əmrlərə» hazır olduqlarını əməldə göstərib hər kəsə nümunə olmalıdırlar.


— Müraciət edən müharibə veteranları hələ də apteklərdə maska və spirt tapılmadığından gileylənirlər. Xüsusən Sabunçu rayonunda vəziyyət çox acınacaqlıdır. Demək olar ki, bu sahədə heç bir iş görülmür…


— Mən də bu rayonun sakini kimi dediyinizi təsdiqləyirəm. Bu yaxınlarda Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov rayon rəhbərlərinə ciddi göstərişlər verdiyindən xəbərdarıq. Həmçinin bu prosesi ölkə rəhbəri daim nəzarətdə saxlamasını kimsə dana bilməz. Bu işlərə ciddi yanaşılmalıdır. Məsuliyyətsizlik bir rayonun, bir şəhərin, bir ölkənin və nəticədə dünyanın sabahına edilən qəsddir. Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında aydın şəkildə dedi: » Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək”.


Qaldı ki, mənə də veteranlarımız maska ilə bağlı müraciətlər edirlər. Mən də veteranlara «bizə maska deyil, kaska lazımdı»-deyərək Qarabağımızı azad etmək borcumuzu onlara xatırladıram. Həqiqətən də bu problem nəzarətə götürülməlidir.


— Ermənistan ordusunda 5 nəfərdə koronavirus aşkar edilib. Bizim ordumuzda vəziyyət necədir?


— Şükür etmək olar ki, hələlik belə bir fakt qeydə alınmayıb. Vaxtında təmaslarla bağlı karantin tətbiq edilməsi təqdir edilməlidir.


— AVMVİB rayon şöbələrinə və üzvlərinə tövsiyələriniz…


— Pandemiyaya qarşı hökumətin verdiyi göstəriş və qadağalara əməl etməli və bu sahədə digər vətəndaşlara da nümunə olmalıyıq. Ali Baş Komandanın «Biz birlikdə güclüyük!» fikrinə şərik olaraq qadağalara əməl etməliyik.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: