28.03.2024

Onlar 27 il öncə Daşaltıdan əbədiyyətə yol açdılar

Bu gün Azərbaycan xalqı 27 il bundan əvvəl baş verən Daşaltı əməliyyatında şəhid olanların xatirəsini andılar.

Fedai.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin üzvləri və Əfsanəvi Birinci batalyonun keçmiş hərbçiləri, Daşaltı kəndinin azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olanların yaxınları Şəhidlər Xiyabanını ziyarət ediblər. Əbədi məşəl önünə «Dşaltı şəhidlərinin əziz xatirəsinə» əklillər qoyan mərasim iştirakçıları daha sonra, Daşaltı əməliyyatı zamanı həlak olan şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər.

Xatırladaq ki, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00 radələrində başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib. Bundan başqa, onlarla əsgər itkin düşüb. Döyüşdə ermənilər də bir neçə texnika və 80 nəfərə yaxın canlı qüvvə itirib.

Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə bilərdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər. Bununla da, erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət, həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhuna da ciddi təsir etdi. Lakin Daşaltıdakı döyüş Azərbaycan əsgərlərinin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yaddaşlarda qaldı.

AVMVİB sədri Füzuli Rzaquliyev

Tədbirdə çıxış edən AVMVİB sədri, odöyüşlərdə tağım komandiri kimi iştirak etmiş Füzuli Rzaquliyev çıxış etdi: «Öncə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və Şuşa rayon İcra Başçısı Bayram Səfərova 27 ildən sonra olsada bu əfsanəvi qəhrəmanlığa imza atmış şəhidlərimizə layiq xatirə abidəsi qoyduqları üçün veteranlar adından və şəhidlərimizin yaxınları adından öz dərin minnətdarlığımı bildirirəm. Xatırlayırsınızsa, Bakı şəhərinin keçmiş Başçısı bu abidənin qoyulmasına qarşı çıxırdı və biz kiçik bir xatirə daşını gecəykən buraya qoymuşduq. Bu gün şəhid qardaşlarımızın adları həkk olunmuş bu daşlar adi daşlar deyil. Məzarsız şəhidlərimizə məzar, hərb tariximizdə bir iz kimi əbədi olaraq qalacaqdır. Şəhidlərimizə rəhmət və onları unutmayaraq bura gəlmiş qazilərimizə can sağlığı diləyirəm.

Daşaltı əməliyyatı düşmənə Azərbaycan insanının, Azərbaycan əsgərinin bütün xəyanətlərə rəğmən yenilməzliyini göstərdi. Konkret olaraq bidirim ki, şəhid Qəhrəman Qəhrəmanov həmin döyüşə girməməli olsa da haradansa silah tapıb ön dəstədə vuruşduğunu unutmadıq. İgid döyüşçü Rövşən Xəlilov F-1 qumbarasını partladaraq onu əsir almaq istəyən düşmənləri məhv edərək qəhrəmancasına həlak olmuşdu. Son mərmisinədək döyüşən Zaur Cəfərov və Əfqanıstanda xidmət etmiş qəhrəman döyüşçümüz Musa Qonaqov başqa bölgədə olsalar da könüllü gələrək bu döyüşə qatılmışdılar. Bu əfsanəvi qəhrəmanları unutmaq olmaz.

İnanırıq ki, tezliklə cənab prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycanımızın baş tacı olan Şuşa tezliklə azad ediləcək və bu tədbirləri elə Daşaltı kəndinin özündə keçirəcəyik. Bir daha şəhid qardaşlarımıza rəhmət diləyir və başın sağ olsun, Vətən! — deyirik».

Çıxış edən müharibə veteranı, AVMVİB üzvü Mübariz Mustafayev də Dşaltı əməəliyyatı zamanı şəhid olan soydaşlarımıza rəhmət dilədi və tezliklə düşməndən qisas alaraq torpaqlarımızı azad edəcəyimizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında nail olacağımıza inandığını dedi.

Müharibə veteranı Nizami Məhərrəmov, şəhid anaları və yaxınları da çıxış edərək bu abidəyə zəhmət çəkmiş hər kəsə öz minnətdarlıqlarını bildirdilər.

Şuşa rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev cıxış edərək dedi: «26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatından və 28 yanvar 1992-ci il tarixlərində «Ağdam-Şuşa» marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulmasından 27 il keçir. Şuşa rayon idarə və müəssisələrində Daşaltı əməliyyatı zamanı və «Ağdam-Şuşa» marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olanların xatirəsinə həsr edilmiş tədbirlər keçirilmişdir.

Şuşa rayon ictimaiyyəti Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur. Şəhidlər Xiyabanında 26 yanvar 1992-ci il Daşaltı əməliyyatı zamanı şəhid olanların xatirəsinə qoyulmuş lövhə Şuşa rayon İcra Hakimiyyəti tərəfindən yenidən bərpa edilmiş, şəhid olanların xatirəsini əbədiləşdirən, onların hər birinin adı qeyd olunan yeni abidə kompleksi ucaldılmışdır.

Bu gün buraya toplaşanlara minnətdarlığımızı bildirir və şəhidlərimizə rəhmət diləyirəm».

Şəhid məzarlarının ziyarətindən sonra AVMVİB Səbail rayon şöbəsinin sədri İ. Əliyevin təşəbbüsüylə ehsan olaraq çay süfrəsi ilə şəhidlərin anım mərasimi rayon şöbəsinin akt zalında davam etdirildi.

Şəhidlərin ruhuna dualar oxundu.

Hazırladı:

Elnur SƏLİM,
Azər BAYRAM

Xəbərə aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: