Güney Azərbaycanda koronavirus ölüm yayır, “yoluxanların 9 faizi həyatını itirib” -VİDEO

Tibbi imkanların azlığı və İran hakimiyyətinin səhv idarəçiliyi Güney Azərbaycan əyalətlərində koronavirus epidemiyası qurbanlarının qorxunc şəkildə artdığı ilə nəticələnib.

Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Sominin dediyinə görə Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların 9 faizi vəfat edib.

Bu rəqəm beynəlxalq statistika ilə müqayisədə iki qat artıqdır. Digər ölkələrdə yoluxanların orta hesabla dörd faizi həyatını itirir.

Somi bu əyalətdə infeksiyaya tutulanların sayının 279 nəfərə çatdığını bildirib.

O, əlavə edib ki, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 58 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Keçən gün infeksiya şübhəsi ilə səhiyyə mərkəzlərinə müraciət edənlərin 50 faizində yoluxma halı təsdiqlənib” – deyən rəsmi artırıb ki, “yoluxanların hər biri ən az üç nəfəri infeksiyaya yoluxdurub.”

Tibb universitetinin rəisinin sözlərinə görə, koronavirus infeksiyasına yoluxanların sadəcə 10 faizi xəstəxanalara müraciət edir və qalanları əyalətin müxtəlif şəhərlərində epidemiyanı yayırlar.

Somi, infeksiyadan canını itirənlərin sayının 26 nəfərə çatdığını bildirib və əlavə edib “bu gedişatla fərvərdin ayının 3-cü həftəsində (2-9 aprel) əyalət sakinlərinin doqquz faizi virusa yoluxacaq.”

Somi, daha öncə koronavirus infeksiyasının geniş yayılmasına nəzarət etməyin mümkün olmayacağı, müraciət edənlərin sayının əyalətin səhiyyə sisteminin potensialından qat-qat artıq ola biləcəyi haqda ciddi xəbərdarlıq etmişdi.

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb.

Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının sürətlə artdığı müşahidə olunur.

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə koronavirusa yoluxma şübhəsi ilə 604 nəfərdən analiz götürülüb, bunlardan 144 nəfərində infeksiya aşkarlanıb.

Ağazadə əyalətdə koronavirusdan ölənlərin sayının beş nəfər olduğunu bildirib.

Ərdəbil Tibb Universitetinin rəisi, Qudrət Əxəvan Əkbərinin dediyinə görə, hazırda xəstəlik əlamətləri daşıyan 230 nəfər əyalətin xəstəxanalarında müalicə alırlar. Bunlardan 106 nəfərinin koronavirusa yoluxduğu artıq təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə rəsmi məlumata görə 13 nəfərə çatıb.

Zəncan əyalətində isə hələlik 118 nəfərin koronavirusa yoluxduğu, yeddi nəfərin həyatını itirdiyi açıqlanıb.

Bu rəqəm Qəzvində 285 nəfərdir ki, onlardan 23 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.

Həmədan əyalətində də 96 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Yoluxanlardan dörd nəfəri ölüb./Sozcu.az/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •