28.03.2024

Qarabağ ermənisi: — “Artsax” dövlət deyil və onu tanıyan da yoxdur»

Qarabağ erməniləri Ermənistanın işğal etdiyi ərazidə müstəmləkə şəraitində, ikinci növ erməni kimi yaşadıqlarını söyləyirlər

Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı dözülməz şəraitdən və siyasi təqibdən qaçıb Amerikaya sığınmış David Osipyan adlı yaşlı erməninin bugünlərdə “Amerikanın səsi” radiosu ilə çıxışında söylədikləri də qarşıdakı seçkinin Ermənistan rəhbərliyi ilə “DQR”in indiki rəhbərliyi, Paşinyan hakimiyyəti ilə “Koçaryan-Sarkisyan klanı” arasında siyasi mübarizəni kəskinləşdirdiyini bir daha sübut edir. Həmin erməni “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində Dağlıq Qarabağ və ətraf bölgələrdə məskunlaşmış soydaşlarının acınacaqlı həyatından, Ermənistanın terrorçu eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın tör-töküntülərinə güvənən qondarma Bako Saakyan xuntasının cinayətkar əməllərindən və işğalçı ölkədə dərinləşmiş ümumi böhranın Dağlıq Qarabağ əhalisinin kütləvi surətdə bu ərazidən baş götürüb qaçmağa səbəb olmasından bəhs edib.

Qərbi Azərbaycanda doğulmuş, erməni dilini bildiyinə görə Ermənistan, Dağlıq Qarabağ və xaricdəki nəşr, radio və telekanalları ardıcıl izləyən, həmin müsahibəni ana dilimizə çevirən ziyalı soydaşımız Maksim Musayev bildirdi:

– Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarının keçmiş sakini David Osipyan bu yaxınlarda “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində Ermənistandakı və Dağlıq Qarabağdakı bir çox yalanların üstünü açıb, əsl həqiqətlərə şahidlik edib. Bako Saakyan rejiminin təqiblərindən yaxa qurtaran Qarabağ sakini 4 il öncə ABŞ-a qaçıb. Təqiblərə səbəb isə onun müəllim işləyən qardaşının separatçı rejim rəhbərliyini tənqid etməsi olub. Müəllimin cibinə narkotik maddə ataraq həbs ediblər. Bundan sonra mühəndis işləyən David Osipyana da münasibət dəyişib. Və o düşünüb ki, müəllimi həbs edirlərsə, mühəndisi, yəni onun özünü tezliklə həbs edə bilərlər. Ona görə də bir yol taparaq xaricə qaçıb.

Osipyan Azərbaycanın işğal altındakı torpaqlarında yaşayan əksər ermənilərin vəziyyətinin olduqca ağır olduğunu etiraf edib. Lakin hakim Saakyan rejimi bunu həm Ermənistandan, həm də dünya ictimaiyyətindən gizlətməyə çalışır. Qarabağda bəziləri elə bilir ki, Saakyanın öz klanı var. Lakin Qarabağ ermənisinin də sözlərindən anlaşılır ki, əslində, bu, Ermənistanın terrorçu eks-prezidentləri Koçaryan və Sarkisyanın klanıdır.

ABŞ-a sığınmış erməni müsahibəsində bildirir ki, qarşıdakı 31 mart “seçki”lərində “prezident”liyə 14 namizədin arasında “Koçaryan-Sarkisyan klanı”nın nümayəndələri çoxluq təşkil edir və çalışırlar ki, seçkilərdə onlardan biri qalib olaraq separatçı rejim hakimiyyətini əldə saxlasın. O cümlədən general Vitali Balasanyan da ­Sarkisyanın adamıdır.

Osipyan deyib: “2008-ci ilin martın 1-də İrəvandakı ­iğtişaşlar zamanı Sarkisyanın tapşırığı ilə Bako Saakyan oraya 50-dən çox maşınla hərbçiləri yollayıb. Sarkisyan hakimiyyətdə olmasa da, nə qədər ki, Saakyan rejimin başındadır, Qarabağdakı erməniləri onun sözünü dinləməyə vadar edirlər”.

 Müsahibədə Qarabağdakı rejimin maliyyələşmə sxemi də açıqlanıb: “İldə rejim öz büdcəsinin 60 faizini əvəzsiz olaraq Ermənistandan alır. Ancaq həmin vəsaitin çox cüzi hissəsini “Artsax”ın, guya, inkişafı üçün xərcləyirlər. O pulların çoxunu müxtəlif vasitələrlə Sarkisyan-Saakyan xuntası mənimsəyir. Çünki “Artsax” dövlət deyil və onu tanıyan da yoxdur. Bu, sadəcə, Qarabağın sərvətlərini və oradakı ermənilərin var-yoxunu talamaq üçün bir mafioz klanın “dövlətidir”. Bunun o torpaqlardakı sadə erməni əhalisinə heç bir dəxli yoxdur. Qarabağdakı rejimi “dövlət” kimi qələmə verənlər büdcəni bu ad altında talan edən rəhbər vəzifəlilərdir”.

Azərbaycan torpaqlarında doğulub-yaşamış zavallı erməni daha sonra söyləyib: “Hamı bilməlidir ki, Dağlıq Qarabağ Ermənistanın müstəmləkəsidir. Burada yaşayan ermənilərə Ermənistanda ikinci növ erməni kimi baxırlar. Ermənistan erməniləri ilə Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşmış ermənilər arasında münasibət heç də normal deyil. Ancaq bunu açıb-ağartmırlar. Biz İrəvana, Gümrüyə gedəndə ləhcəmizdən də hiss edirlər ki, qarabağlıyıq və bizə çox pis, aşağılayıcı münasibət bəsləyirlər”.

Müsahibənin davamında qeyd edilib ki, “Mafioz klan Qarabağdakı qaz, su, elektrik enerjisi sistemini də öz əllərində cəmləyib. Və həmin sahələrdən gələn gəliri də bölüşdürərək mənimsəyirlər. Buradakı bir çox obyektlər indi də S. Sarkisyanın himayəsindədir. O, Qarabağda bu qara biznes şəbəkəsini 2010—2012-ci illərdə rejimin hazırkı “xarici işlər” “naziri” Masis Mailyan və keçmiş “dövlət” “naziri” Araik Arutyunyan vasitəsilə qurmağa başlayıb. Bundan əlavə, digər mafioz qurumlar da yaradılıb”. Dağlıq Qarabağda yaşamış Osipyan müsahibəsində onu da bildirib ki, son zamanlar Qarabağda erməni gənclər açıq şəkildə kiçik etiraz aksiyaları, avtomobil yürüşləri təşkil edirlər. Lakin bunların qarşısı rejim tərəfindən zorakılıq və həbslərlə alınır.

Mühacir erməni bir önəmli məsələyə də toxunub: “Mənim pasportuma yazılıb: Ermənistan Respublikası, doğulduğu yer –­Stepanakert (Xankəndi-red). Sonra da deyirlər ki, “Dağlıq Qarabağ Respublikası”nda “prezident”, yaxud “parlament” seçkilərində səs ver. Bunu necə anlayaq? Əgər “Qarabağ” dövləti varsa, mən niyə Ermənistan vətəndaşıyam?.. Los-Ancelesə getmək üçün Qarabağdan xarici pasport və viza da ala bilmirəm, bunları mənə yalnız İrəvanda Ermənistan vətəndaşı kimi verirlər.

Sarkisyan-Saakyan mafioz klanının hər şeyi əlində cəmlədiyi bir şəraitdə Qarabağda “müstəqil dövlət”dən danışmaq xülyadır. Artıq elə bir qayda formalaşıb ki, buradakı ermənilərdən kimsə öz fikrini söyləyirsə, hüquqlarını qorumağa çalışırsa, rejimə etiraz edirsə, onu dərhal ya həbsə atırlar, ya da ən yaxşı halda Qarabağdan uzaqlaşdırmağa çalışırlar”.

Osipyan baş vermiş biabırçılıqları xatırlayaraq daha sonra deyib: “2007—2008-ci illərdə Saakyan Sarkisyanın dəstəyi ilə Qarabağda 60-dan çox idarə və müəssisəni bağladı. Az sonra isə onları özəlləşdirib öz adlarına keçirdilər. Rusiya və bəzi xarici şirkətlərin köməyi ilə yeraltı sərvətləri– qızılı, misi, molibdeni, daş kömürü və s. istismar etmək üçün mədən sənayesi yaratdılar və onu da öz aralarında bölüşdürdülər”.

“Amerikanın səsi”nə müsahibəsində mühacir Qarabağ ermənisi Sarkisyanın “KQB” agenti olmasından, Xankəndidə komsomolda işləməsindən də danışıb və Azərbaycan SSR vətəndaşı olub Ermənistan vətəndaşı kimi prezident seçilməsinin də təəccüb doğurduğunu bildirib: “Digər terrorçu eks-prezident, hazırda həbsdə olan Robert Koçaryan da, təxminən, eyni bioqrafiyaya malikdir. Bunları deməkdə məqsədim odur ki, Qarabağ kiçik bir yerdir. Hamı bir-birini tanıyır və gizli heç nə qalmır”.

Bütün bu bəlalar barədə haray qoparan David Osipyan həqiqəti bilmək istəyən insanları Bako Saakyan və ətrafındakıların İrəvanda, Moskvada, Parisdə, Vaşinqtonda, Beyrutda və s. Qarabağda iqtisadi vəziyyətin ağırlığı barədə timsah göz yaşları axıtmasına uymamağa çağırır: “O, bunu Qarabağdakı yoxsul, işsiz ermənilər üçün deyil, öz klanı üçün edir. Və odur ki, xaricdən, diaspordan alınan yardmların böyük bir hissəsi öz ciblərinə axır. Gözdən pərdə asmaq üçün yalnız cüzi tikinti, təmir işləri aparırlar”.

Qarabağdan ABŞ-a qaçmış, Azərbaycan vətəndaşı olduğunu boynuna alan erməni David Osipyan “Amerikanın səsi” radiosuna müsahibəsində separatçı rejimin əhalini, xüsusən uşaq və gəncləri anti-Azərbaycan ruhunda tərbiyə etməsini də məxsusi olaraq diqqətə çatdırıb.

Bütün bu deyilənlərdən görünüdüyü kimi, Dağlıq ­Qarabağın zorla Ermənistan pasportu verilmiş, Azərbaycan vətəndaşları olan erməniləri bu ərazinin işğal edilməsini etiraf edirlər, üzləşdikləri bədbəxtlik və fəlakətdən yaxa qurtarmağın mümkün olmadığını anlayıb xarici ölkələrə üz tuturlar. (Xalq qəzeti)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: