19.03.2024

Baba, bu daşı niyə həmişə özünlə daşıyırsan. Heç bu vaxta qədər yorulub bezmədin, bunu daşımaqdan?


Sən hələ uşaqsan. Səbr etməyi öyrən. Bu dünyada hər şey səbrə bağlıdır, hər iş səbrlə həll olur. Bu daşı atmamağımın səbəbi böyüklüyümüzdən ziyadə olan səbrimizdir. Biz bu dünyada səbirli kimi tanınmışıq. Bizdə olan səbr və hövsələ digər heç bir kəsdə yoxdur və çətinki ola bilsin…


Yalandan nə qədər danışıb, səbr etmək olar. Yalandan niyə? Səbr etməyi bacarmağın özü bir istedaddır. Hər kəs anlamaz. Səbr etmək bizlərə, göylərdən verilmiş ənamdır.


Özünə xeyr verəcək işlərdə, heç kim səbrdən danışmır.Ancaq başqasına aid işlərdə səbr etmək məsləhət görülür. Keçən gün,aldığımız daşları həyətə yığmadıq. Sabah gəlib yığarıq, deyib getdik. Səhər gələndə isə, onları tapmadıq. Bəs bunu necə anlayaq? Burda anlaşılmamalı nə var ki? Sən sahib çıxa bilmədin, başqaları sahibləndiklərini zənn etdilər…


Tələsmə. Bir az səbr edək, yəqin ki tapılacaq. Mütləq tapılacaq. Daş armud deyil, yeyıb deyəsən görmədim. Yəqin haradasa istifadə olunanda, hamı xəbər tutacaq. Söz baz olmaq iş görmək deyil ki, hər kəs bacarmasın. Görüb görmədiyini, bilib bilmədiyini həmişə danış ki, səsin gəlsin .Yoxsa elə biləcəklər ki, ölmüsən, onuda bir söz edıb deyəcəklər, öldü ancaq xəbərimiz olmadı. Səslərini kəsmək üçün mütləq yedirtmək lazımdır. Yoxsa heç kim susan deyil…


Səbr elə bala, səbr elə. Halva bişər, səndə yeyərsən. Ay baba, halva elə belə bişmir. Kimlərsə əziyyət çəkib onu hazırlamalıdır ki, bizdə yeyə bilək. Diyəsən, yavaş yavaş öyrənirsən səbr etməyi…


Çiynimdə həmişə gəzdirdiyim bu daş ki, var, o bizlərə tarixlərdən qalan yüküdür. Onu bizə verəni tapanda, özünə qaytaracam. Rəhmətlik babam, bir dəfə bezib yuxarı tullayıb ki, bundan qurtulsun, heç nə alınmayıb. Daş geri qayıdaraq, elə öz başına da düşüb…


Ola bilməz, onun ağlı harada olub. Daşı ya kənara atarlar, yada ki atdıqdan sonra kənara çəkilərlər ki, üstünə düşməsin. Sən hələ uşaqsan. Durduğun yerdən kənara çəkilmək olmaz. Hər kəs sənə gülər. Heç nə anlamıram. Hər kəs gülər deyirsən, amma həyətimizin yarısını qonşu hasara alanda dinib danışmadın…


Hərçənd o satılmış köpəyə qonşu demək olmur. Mən buna yol verməyəcəyəm. Bu torpaqlar bizim olub axı…


Həmin qonşu bizlərdən deyil bala. Biz onlardan çoxuq. Gedib döysək, deyəcəklər ki, özlərindən az olanları döydülər. Bizə yaraşmaz. Hava qaralanda onun həyətinə keçib, oradakı daşlardan birini atıb pəncərəsini sındırsaq, digər qonşu ilə dava düşsün və onları ayıranda isə, özümüzünkünü möhkəm döyməliyik. Belə olan halda digərləridə bizdən qorxacaqlar. Həm hörmətimiz olacaq, həm də səbirli olub, gücümüzü hələ tam nümayiş etməməyimizi göstərmiş olarıq.


Axı belə olmaz.Bu nəyi dəyişəcək?


Fikir vermə heç kim bu dünyadan heç nə aparmayıb. Səbr eylə, heç nə alınmasa, o öləndən sonra biz də hasarı geri çəkıb sözümüzü deyərik…


Sən nə danışırsan? O öləndə həyəti uşaqlarına miras qoyacaq. Onlar da deyəcəklər ki, atalarımızdan bizə qalıb. Məndə öləndə sənə çiynimdəki bu daşı miras qoyacağam. Ancaq bil ki, bu torpaqlar bizim olub. At belində qılınc oynadan babalarımız, atdığı oxa qaçaraq çatan qəhrəmanlarımız az olmayıb. Su gələn arxa bir də gələr deyiblər. Sən də səbr et. Dünya malına aldanma, o gəldi gedərdi…


Ay baba, elə hər kəs, hər yerdə dünya malını pisləsədə, bizdən çox onu yığan yoxdur axı. Bir yaxşı bax, ancaq qazanc davası gedir. Bəs nə davası getməlidir, ay bala? Səbr et kimsə nəsə bişirəndə biz də yetişib payımızı istəyərik…


Verməsədə başa salarıq ki, tək yemək günahdır. Bu dünya gəldi gedərdir. Sənin bütün günü içləməyin, qazandığına sahib çıxmağına əsas vermir. Axşamacan cəh -cəh vuraraq, özgələrini tərifləyənlərin aqibəti nə olacaq, onlara və onların ağalarına nə cavab verəcəyik?..


Heç kimin görmədiyi heç kimin gedib gəlmədiyi dünyamızdan söz açarıq. Qoy paxıllıqlarından ölsünlər. Onlar bizi başa düşməzlər. O dünyamız ancaq bizə məxsus olacaq, onlara yox…


Ay baba, olmaz ki, bir dəfə yaşadığımız bu həyatda rahat yaşayaq. Öz torpağımızda işləyək, bir birimizə əl tutaq. Öz dilimizdə danışaq. Birliyimizdən düşməndə qorxsun. Hər kəs bizə həsəd aparsın. Bəlkə onda, gəzdirdiyin bu daş da yoxa çıxar. Nə deyim? Səbr edək, görək nə olur…

Şamil Novruzov

Müharibə veteranı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: