19.03.2024

ÖLÜLƏRƏ AZADLIQ, DİRİLƏRƏ ÖLÜM! — 2

Xaqani Ədəboğlu


Bir dostumdan soruşdum ki, nə ilə məşğulsan? Dedi ki, bu cür ölkədə doğulduğum üçün, Fələyə qarğış tökməklə məşğulam…


Niyəsini hər kəs, ən azı ölkəmizi bu kökə salan məmurlar qədər bilirlər.

Faktiki olaraq ölkə haldan salınıb. Bunu görməyən kor, eşitməyən də kar olmalıdır. Yalandan çıxıb kasıblığın minimuma endirildiyi barədə nağıl danışanlar, yaxşı bilirlər ki, hər iki ölkə vətəndaşından ən azı ikisi də ölkəni tərk etmək barədə düşünür və yollar arayırlar. Bəlkə də bu məmurlara xalqsız ölkə lazımdır? Yoxsa uşaq pulu olmayan, pensiya yaşı orta yaşdan yuxarı qaldırılan bir ölkədə sosial dövlət modelindən dəm vurmaq, azından Afrikada oturub, Sibirdəki şaxtadan üşüməyə bənzəyir. Vətəndaşının yanında deyil, zopayla qarşısına dikilənə sosial dövlət deyilməz.

Ölkə rəhbəri bu məmurları yığıb islahatçı çağırışlar edir və öz fəaliyyətlərini bu istiqamətdə qurmağı tövsiyyə edir. Elə söz qurtarmamış hərəsi bir təklif paketi ortaya qoyar və hər birinin məzmunu xalqı necə cərimələməkdən ibarət olar. Məgər bu məmurlar xalqın rifahı üçün heç nə düşünmək qabiliyyətlərini itiriblərmi? Özü də yeni bir üsul tapıblar: Prezidentin sərəncamıyla qoyulan bir məmuru tənqid etmək olmazmış. Barı prezidentin xalqa müraciətlə dediyi fikirlərlə bir tanış olun!

Bu qlobal milli problemi bir kənara qoyub hakimiyyət üzvləri və deputatlar çıxıb atdan, biri eşşəkdən, biri bahalaşmanın xeyrindən, biri yorğanın uzunluğundan, biri mini yubkadan, biri cırıq şalvar multukuluralizmindən, biri dədəsinin gorundan və s. danışırlar. Bu zehniyyət, görəsən hansı xainin «parnikində» becərilib? Allah heç bir xalqı bu şəkildə cəzalandırmasın…

Ay bədbəxtlər, məsələ, ölkəni böhrandan çıxarmaq yollarının aranmasıdı, bir az da ondan danışın. Əgər vaxtınız varsa, saydığınız kasıb qanına bulaşmış dollarlarınızı bir kənara atın…


Bilin Azərbaycan xalqı bu gün öz ölümünü gözləyən xəstələrə bənzəyir. Bu ümüdsüzlüklə heç cəhənnəmə də gedə bilməyəcəyik. O yığdığınız milyardlarsa milyonu aşdığınız gündən sizlərin deyil. Onun sahibləri məlumdur. Sem dayı əlində SWIFT kodu yolunuzu gözləyir. Özü də bircə sual verəcək: «Bu pulların deklorasiyası varmı?»


Bizim «göyçək» məmurlar deyirlər ki, qazdan, elektrikdən qiymət artımı edib pul qazanacağıq. Sonra onu kasıblara verəcəyik. Yəni kasıbın sağ cibindən alıb kasıbın sol cibinə yardım edəcəyik. Ay sizin məzəniz ölsün. Göydən Tanrı havayı neft pullarını tökəndə, görmədiyiniz kasıbı, indimi gördünüz? Bir ölkənin İqtisadiyyat naziri Şahin müəllim, maliyyə naziri Samir müəllim, Bankiri Elman müəllim ola …vallah Allahın Kərəminə şükür etmək lazımdı. Hələ yaxşı ki, əhalinin orqanizmindəki cüt orqanlarının birini satdırıb büdcəni doldurmurlar…

Bəlkə də ağıllarına gəlməyib. Avropada insan dərisindən geyimlər, çantalar yaman dəbdədi. Amma bu təklifi aylar öncə vermişəm, patenti mənə çatacaq. Çox dostlarım mənə bahalaşmaya münasibət bildirməmi istəyirlər. Mən bu bahalaşma-diferensallaşmanı çox böyük ruh yüksəkliyi ilə qarşıladım. Biz erməni keşişi deyilik ki, SOCAR-ın qazına pulsuz qızınaq?

Yeni dövrün nəbzini «yükdən qaçan eşşəyin quyruğu kimi» tutan məmurlarımız artıq dünyaların gözündən düşüblər. Çünki onların kommunist-komsomolçu keçmişləri oğurluq brilyant, daş-qaş deyil ki, gizlədə biləsən? Putin də, lap ağ edib. Durub hərdən «5-ci kalon» ordeni verib diqqəti cəlb edir. Bilinmir ki, nə demək istəyir?

Məncə, vəzifəyə gətirdiyimiz «milli kommunistlərimiz,» sadəcə bir xırda səhv də buraxıblar. Onlar «Bir dəfə yüksələn, bir daha enməz»-deyiminin qiymət üçün, vəzifə üçün deyildiyini düşünürlər.

Neyləsinlər, «Elmi-Kommunizm» kitablarında belə şeylər yazılmamışdı. Orada yazılmışdı ki, «ÖLÜLƏRƏ AZADLIQ, DİRİLƏRƏ ÖLÜM!». ..

P.S. Təqdim olunan köşə yazıları bir-neçə il öncə yazıldığını nəzərə almanızı rica edirik.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: