28.03.2024

Məmməd Əminin sağlığına…

1946-cı il idi. “Kommunist” qəzetinin redaktoruydum. O zaman xarici ölkələrlə əlaqə, xaricə gediş-gəliş nə gəzirdi? SSRİ Xarici İşlər Nazirliyiynin hətta məhdud, zəruri əlaqələri belə, çox məhdud idi. Hamı, hər şey dəmir pərdə dalındaydı. Türkiyəylə Azərbaycan söhbətindən hələ də qan iyi gəlirdi. Hələ də türk, Türkiyə deyənin, Məhəmməd Əmin Rəsulzadə adının yanından keçənin dilini boğazından çəkib çıxardırdılar. Biz uşaqlar, necə deyərlər yeniyetmələr, tələbələr Məhəmməd Əmini tanımırdıq. Yadımdadır ki, Məmməd dayım yana-yana elə hey “Məhəmməd Əmin, Məhəmməd Əmin” deyərdi, mən başa düşməzdim. 62 yaşlı Məhəmməd Əmin Ankarada sağ-salamat idi və onu tanıyanlar Bakıda sükutla buna şükr edirdilər…

Bəli, belə bir zamanda nə təhər olursa, hansı diplomatik mübadiləyə, danışığa görəsə, hansı diplomatik kanallasa Türkiyə Həmkarlar Təşkilatının balaca bir nümayəndə heyəti – altı nəfər Moskvaya gəlir. O zaman respublika, vilayət, əyalət mərkəzlərinin özbaşına belə qonaq qəbul etməyə ixtiyarı yox idi. Yerinə düşməsə də deyim. Hələ Heydər Hüseynov faciəsi, suyu üfürə-üfürə içən Məmməd Arifin sən demə “Türk casusu” olmağı, Bağırovun Respublika fəalları yığıncağında bu casusu ifşa etməyi – 1950-ci il qabaqdaydı. Siz biləni Məmməd Arif kimi kölgəsindən qorxan, liberal, cəsarətsiz bir adamı “Türk casusu” adlandıran Mir Cəfər Bağırovun Məhəmməd Əmin Rəsulzadə kimi bir nəhəngə, mühacirə, mücahidə münasibəti necə olmalıydı?

Moskvada iş nə təhər gətirmişdisə, nümayəndə heyətinin təkidlə xahişinə görəmi, diplomatik incəliyə, nəzakətə görəmi, ya hansı bir mülahizəyləsə həmən türk qonaqları Bakıya gətirdilər. Bu gəliş xalqa, ictimaiyyətə bildirilmədi, bu haqda nə yazıldı, nə deyildi. Ancaq fakt o idi ki, türklər Bakıdaydı və onların hər birinə bəlkə altı çekist – həm Bakıdan, həm Moskvadan nəzarət edirdi. Güman gəlməz yerdə məhdud, məxfi ziyafətdə iştirak edən adamlardan biri də şəxsən Bağırovun göstərişiylə məndim. Bu məni gözügötürməyənlərə lap dağ çəkmişdi.

Hamı da bilir, Bağırov da bilirdi ki, mən içki içən adam deyiləm. Ancaq, məclisdə — belə bir məclisdə ələdüşməz bu nağıl fürsətdə söz deməliydim. Gözümün qabağına Məhəmməd Əmin gəldi – bizim Məhəmməd Əmin… ey dadi — bidad, bu dirigözlü ölümə getmək olardı. Birdən yadıma bir Məhəmməd Əmin də düşdü – türk şairi Məhəmməd Əmin Yurdaqul. Beləliklə, mən Rəsulzadəni də, Yurdaqulu da bir kənara qoyub ürəyimdə, vicdanımda, yaralı yerimdə Məhəmməd Əmin Rəsulzadə, dilimdə şair Məmməd Əmin, piyaləmi götürüb ayağa qalxdım. Xalqın, millətin əziz oğlu, sözü-söhbəti dillərdə gəzən, arzuları ürəklərdə yaşayan Məhəmməd Əminin sağlığına ürəyimdən nə qədər xoş, həsrətli söz gəldi dedim. Dedim ki, Sizin – möhtərəm qonaqların şəxsində Məhəmməd Əminə Bakının, bütün Azərbaycan oxucularının salamını yetirin.

Mən elə sözlər, elə ikimənalı sözlər seçirdim ki, məşhər ayağına çəkiləndə vəziyyətdən çıxa bilim. Məşhər ayağı nağd idi. Çıxış yolum da nağd idi.

Bəli, həmən-həmən Mir Cəfərə çatdırdılar ki, bəs bu da Sizin muzdurunuz, bu da Sizin kommunist yazıçınız, bu da Sizin ərköyün uşağa döndərdiyiniz Əli Vəliyev ki, bəs, türklərin qabağında, Moskvadan gələnlərin qulağı eşidə-eşidə Musavat hökumətinin böyüyü, hal-hazırda Türkiyədə yaşayan, Azərbaycanı Sövet hökumətindən ayırmağa çalışan Məhəmməd Əminin sağlığına dəm-dəsgahla sağlıq dedi.

Bəli göy guruldadı, ildırım çaxdı. Mərkəzi Komitənin təbliğat-təşviqat üzrə katibi Həsən Həsənov (hər dövrün bir Həsəni olub) redaksiyaya zəng çaldı:

— Əli Qara oğlu, gəl görək, çağırır səni, işin şuluqdur.
— Həsən Həsənov, neynək, canın sağ olsun.

…İçəri girdm. Bağırovun gözləri pələng gözləri kimi yanırdı. Üzünü tutdu əyləşənlərə.

— Posmotrite na neqo.

Sonra mənə:

— Sən muzdur deyilsən, müzürsən, düşmansan.
— Yoldaş Bağırov, mən düşman-zad deyiləm. Düşman Sizin xəbərçilərinizdir…özü də savadsız xəbərçiləriniz.
— Kak tak?
— Aydınlaşdırın məsələni, günahım varsa…
— Sən Məhəmməd Əminin sağlığına nitq demisən.
— Bəli, yoldaş Bağırov, mən Türk xalqının sevimli şairi Məhəmməd Əminin – Məhəmməd Əmin Yurdaqulun şərəfinə sağlıq demişəm. Ona Azərbaycan oxucularının salamını göndərmişəm. Yoldaş Bağırov, mən günahkaram ki, bu yoldaşların dünyadan xəbəri yoxdur? Kimin ki, adı Məhəmməd Əmin oldu, deməli qurtardı getdi? Belə şey olar?

Mir Cəfər Bağırov sustaldı, əlindəki karandaşları stolun üstünə tökdü. Bu səfər istehzalı, sakitanə bir qəzəblə, nifrət və kinayəylə üzünü Həsən Həsənova, Qafarzadəyə, Əlizadəyə, Teymur Quliyevə, Qəzənfər Məmmədova, Vitali Səmədova və başqalarına tutub dedi:

— Ay Azərbaycanın dahi rəhbərləri, qoysanız işləyək. Uxodite.

Mən ayağa qalxanda “Muzdur, sən qal” dedi və zəngi basdı.

Bildim ki, limonlu çay gələcək… 

Mahir Qabiloğlu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: