Daşlaşan qəhrəmanlıq savaşı — Daşaltı

Yanvarın 26-ı Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatın 27-cü ildönümüdür.

Azərbaycan Silahlı Qüvvələr tarixinə ən uğursuz döyüş əməliyyatı kimi daxil olan «Daşaltı əməliyyatı»nda bəzi satqınlıqların olması deyilsə də, əməliyyatda yaxından iştirak edən tağım komandiri Füzuli Rzaquliyev bu məğlubiyyəti daim səriştəsizlik, vahid komandanlığın olmaması ilə əlaqələndirib: «Bu əməliyyatda ordumuzun məğlub olmasının əsas səbəbi vahid komandanlığın olmaması, təchizat işlərinin sıfır dərəcəsində olması, bölüklər arasında heç bir rabitə əlaqəsinin yaranmaması idi. Satqınlığın olduğu deyilir, amma bizim tağıma təyin edilmiş bələdçi sona qədər yanımızda idi. Buna görə də satqınlığın olduğunu iddia edə bilmərəm. Bu əməliyyat üçün qoşun Bakıdan gətirilmişdi. Bəlkə də əməliyyatda döyüş üçün məsafələr düzgün seçilməmişdi. Əməliyyata başçılığı sabiq müdafiə naziri, general mayor Tacəddin Mehdiyev edirdi. «Daşaltı” əməliyyatı həmişə «satqınlıq” ifadəsi ilə birgə işlədilib, amma deməzdim ki, sabiq nazir satqınlıq edib. Sadəcə, səriştəsizlik var idi. Nə olsun ki, əməliyyata rəhbərlik edən Tacəddin Mehdiyev general idi, müdafiə naziri idi, ancaq döyüşən hərbiçi başqa cür olmalıdı idi”.


Füzuli Rzaquliyev onu da əlavə edib ki, həmin illərdə orduya, döyüşən könüllülərə etibar edib silah verilmirdi: «Məcbur idik ki, silahları özümüz tapaq. Silahları Şuşa şəhərinin yaxınlığında, Daşaltıya gedən yolda bizə verdilər. Ancaq bu silahları bizə verməmişdən əvvəl yoxlamalı, onların atış səviyyəsinə baxmalı idilər. Çünki silahların çoxu silinmiş silahlar idi. Atış səviyyəsi normaya uyğun gəlmirdi. Döyüş zamanı hücuma keçirdik, amma əlimdəki «F-1”-lər 250 metrdən dağılan qumbaralar idi. Halbuki bu qumbaralar müdafiə xarakterli döyüşlər üçün nəzərdə tutulub. Bundan başqa yandırıcı maddələr var idi ki, heç biri nədənsə bu əməliyyat zamanı işlənmədi. Hətta bir əsgərimizi yandırıcını evə atmaq istəyən zaman vurmuşdlar. Yəni vəziyyətimiz bu qədər ağır idi”.

Azərbaycan Vətən Müharibəsi VeteranlarI İctimai Birliyinin sədri daha sonra Daşaltı kəndinin strateji zonada yerləşdiyini xatırladıb: «Ermənilər Şuşa və Laçın yollarına təhlükə yaradırdı. Tək bir yol var idi, o da Laçın rayonundan keçirdi. Ora «Həyat yolu” deyirdilər. Bu yolla döyüşən əsgərlərə silah-sursat, təchizat daşınırdı. Kənddən həmin bu yol aydın görsənirdi və Şuşaya gələn bütün texnikalar vurulurdu ki, heç bir yardım çatmasın. Hesab edirəm ki, Daşaltı əməliyyatı keçirilməyə bilərdi. Müəyyən koalisiyalarla Daşaltını nəzarətdə saxlamaq mümkün idi”.

Keçmiş komandir əməliyyat zamanı 90 nəfərdən artıq itki verdiklərini yada salıb: «Amma bir nəfər də olsun, təslim olmadı. Hətta Zaur Cəfərova adlı döyüşçümüz düşmənə təslim olmamaq üçün son gülləsini özünə vurmuşdu. Son gülləmizə qədər döyüşdük, vuruşduq. 80 nəfərdən çox erməni məhv etdik”.

Füzuli Rzaquliyev, «Daşaltı əməliyyatı”nın əbədiləşdirilməsi təklifi ilə dəfələrlə çıxış etmişdi: «20 Yanvar”da hadisələri necə qəhrəmanlıq simvoluna çevrilibsə, Daşaltı əməliyyatı zamanı həlak olanların adı da əbədiləşdirilməli və belə bir simvola çevrilməlidir. Qarabağ uğrunda döyüşçüləri öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi «Daşaltı əməliyyatı” üçün abidə hazırlamaq təklifini irəli sürmüşdü. Axır ki, bu istəyimizə ötən il Şuşa rayon İcra Hakimiyyəti reaksiya verdi.

Bu gün artıq abidə hazırdır və qəhrəman şəhidlərimizin adları bu abidədə həkk edilib. Bu işin görülməsinə görə Bakı və Şuşa İcra Hakimiyyəti başçılarına veteranlar adından öz minnətdarlığımızı bildiririk. Çünki bu əməliyyat zamanı elə döyüşçülərimiz var ki, bu günədək onların məzarları yoxdur.

Mən Daşaltını faciə adlandırmıram. Bu əməliyyat yoxdan var olan qəhrəman bir ordunun ölümü öldürməsiydi. Bütün xəyanətlərə dirənişi idi. Oradan bir daha geri dönməyənlərin ruhları bizim Qisas günü onları yad etməmizi gözləyirlər. Biz bunu öz borcumuz bilirik.

Vətən sağ olsun! Allah şəhid qardaşlarımızın şanını daim ucaltsın!”.

Elnur SƏLİM
Azər BAYRAM

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •