28.03.2024

AVMVİB üzvləri Daşaltı şəhidlərini andılar…

AVMVİB üzvləri Daşaltı əməliyyatı zamanı şəhid olmuş döyüş yodaşlarının əziz xatirəsini 28-ci dəfə anmaq üçün Şəhidlər Xiyabanına gəldilər.


İldönümü tədbirində müharibə veteranları ilə yanaşı, əməliyyat zamanı şəhid olmuş döyüşçülərin ailə üzvləri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ İcmasının rəhbəri Tural Gəncəliyev və ictimaiyyət nümayəndələri, o cümlədən AVMVİB Bakı şəhəri rayon şöbələri, Zəngilan, Laçın, Abşeron rayon şöbələrinin üzvləri də iştirak edirdilər.


AVMVİB sədri Füzuli Rzaquliyev bizimlə söhbətdə bildirdi ki, hər il olduğu kimi bu il də o tarixi günün iştirakçıları və onlarla birgə müxtəlif cəbhələrdə Vətənin müdafiəsində yaxından iştirak etmiş müharibə veteranları öz vəfa borclarını vermək üçün bu müqəddəs məkana toplaşıblar. Biz onları unutmadıq. Həqiqətən də «Şöhidlər ölməzlər». Buraya gələn döyüşçülər öz döyüş dostlarının görüşünə toplaşıblar.


Xatırladaq ki, “Daşaltı” əməliyyatı keçirilən ərəfədə Azərbaycan cəmi üç ay idi ki, kağızda, yəni hüquqi müstəqillik qazanmışdı, SSRİ-nin süqutundan heç bir ay ötməmişdi və Sovet ordu hissələri hələ Azərbaycan ərazisindən, o cümlədən, Xankəndidən çıxarılmamışdı. Respublika rəhbərliyinin Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev və s. kimi ən vətənpərvər kadrları isə 1991-ci il noyabrın 20-də Qarakənd səmasında helikopterdə məhv edilmişdi. AXC-nin yalnız karyera güdən bəzi liderləri və onlardan yararlanmaq istəyən digər qüvvələr də var-gücləri ilə hakimiyyətə can atır, iqtidardakı keçmiş kommunist rəhbərlik isə özünü Rusiyanın, İranın, həm də Qərbin təzyiqlərindən, eləcə də hakimiyyətə can atanlardan qorumağa çalışırdı. Belə bir mürəkkəb tarixi şəraitdə əməliyyatın məğlubiyyətlə nəticələnməsi labüd görünürdü.


Həmçinin Daşaltı əməliyyatı Azərbaycan əsgərinin ən ümdə bir xüsusiyyəti ortaya çıxdı. Azərbaycan əsgəri öz torpağı uğrunda ən çətin şərtlər altında belə ölüb öldürməyi bacardığını tarixin səhifəsinə həkk elədi.


Bu çətin şərtlər əsasında ermənilərin Daşaltı kəndində həmin gün kənddə məhv edilmiş erməni leşlərinə həsr etdikləri abidə daşında 78 nəfərin adı qeyd edilib. Üstəlik, düşmən terrorçuların və muzdlu rus hərbçilərinin cəsədlərini heç zaman saya almayıblar. Yəni hələ də bəziləri bu əməliyyatı bəzən faciə adlandırmaları doğru deyil. Düşmənə yetərli zərbə vurulmuşdu, sadəcə uğursuzluq əməliyyatın başa çatdırılmaması idi…


Müharibə veteranları Şəhidlər Xiyabanında Əbədi Məşəl abidəsi önünə əklil qoymuş və burada uyuyan şəhidlərin məzarları üzərinə tər qərənfillər düzmüşlər. Tədbir Daşaltı əməliyatı zamanı həlak olmuş şəhidlərimizin adları həkk edilmiş abidə qarşısında yekunlaşıb. AVMVİB sədri Füzuli Rzaquliyev bu xatirə abidəsinin qoyulmasına görə Bakı şəhər İH Başçısı Eldar Əzizova və Şuşa rayon İH Başçısı Bayram Səfərova müharibə veteranları və şəhid ailələri adından öz minnətdarlıqlarını bildirmişdir.


E. Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: