20 yanvar hadisəsini yayan ilk qəzet

1990-cı il yanvar ayının 19-da dayım Samir Tağızadə ilə Tovuzdaydıq. Beş günlüyə gəlmişdik. Gecə dayıma zəng gəldi. Nəsə təşvişlə, həyəcanla danışırdı. Sovet qoşunları Bakıya soxulmuş, dinc insanlara atəş açmış, qırğın törətmişdi. Çoxlu sayda ölən və yaralanan var idi. O vaxt Tovuzda çıxan “Həqiqət” qəzeti mətbəəsinin direktoru Hüseyn müəllim dayımın dostu idi. Dayımla mənim maşınıma əyləşib onun evinə getdik. Hüseyn müəllim mətbəə işçilərini gecəynən bir yerə topladı. O gecə səhərə qədər işlədilər.

Dayım tez-tez Bakıya zəng edir, yeni məlumatlar alır, kağızda qeyd edirdi. O gecə 20 yanvar hadisələrini əks etdirən ilk qəzet bax beləcə Tovuzda çıxdı. Qəzetin adını “Axın” qoydular.

Bu, çox böyük hünər tələb edirdi. Əhali çox şeydən xəbərsiz idi. Bakıda qəzetlərin nəşri dayandırılmışdı, televiziya işləmirdi, DTK televiziyanın enerji blokunu partlatmışdı. Mənim də bu işlərdə azacıq da olsa, xalqa köməyim dəydi. O gecə və ertəsi gün yaxın rayon və kəndlərə mən öz maşınmla nə qədər qəzet daşıdım… 
Sonradan öyrəndik ki, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları bu qəzetin hansı mətbəədə və kimlər tərəfindən buraxıl¬masını araşdırmağa çalışıblar.

“Axın” qəzetinin 2-ci sayı hazırlandı. Qəzet buraxıldı. Bu qəzetdə daha ətraflı məlumatlar dərc edilmişdi. Dayım mə¬nə dedi ki, «bu qəzetdən Bakıya da çatdırılmalıdır. Təhlükəli də olsa, bu işi sənə tapşırıram. SSRİ qoşunlarının xalqımıza qarşı törətdiyi faciəni bu qəzet vasitəsilə ictimaiyyətə çatdırmalıyıq».

Qəzetdən bir xeyli götürüb yola çıxdıq. Şamaxıya çatanda bizi saxladılar. Sıravi polis nəfəri idi. Baqajı açdırdı. Qəzetlərdən birini götürüb ordan-burdan oxudu. Bircə bunu dedi:
— Gedin. Nə siz məni görmüsünüz, nə mən sizi.

Beləcə, qəzeti Bakıya çatdırdıq, dayım dediyi ünvana verib geri qayıtdıq. Sonra 3-cü nömrəsi də işıq üzü gördü. Artıq qəzetin axtarışları ciddiləşmişdi. Hətta Moskvaya da bu qəzet haqda məlumat çatdırılmışdı. Qəzetin buraxıldığı ünvan yerinə “Elmlər Akademiyası” yazılırdı. Nəhayət, 3-cü nömrədən sonra dayım qəzetin nəşrini dayandırdı. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları bu qəzetin hansı mətbəədə və kimlər tərəfindən buraxıl¬dığını öyrənmək üçün raronlarda araşdırmalar aparırdılar.

Dayım, yazıçı-jurnalist, professor Samir Kazımoğlu (Tağızadə) 1950-ci ildə Tovuz rayonu Bayramlı kəndində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1978-79-cu illərdə “Ulduz” jurnalında şöbə müdiri işləyib. Samir Kazımoğlu “Ağrı », «Vəfa günü », « Kəşf », « Dözüm » , « Əsrik », «Təqib » kimi roman və hekayələr kitablarının müəllifidir.

Ankara Universitetinin dəvəti ilə Türkiyəyə gedən prof. dr. Samir Kazımoğlu Dil, tarix və coğrafiya fakültəsində müasir türk ləhcələri müəllimi olaraq işləyib.

Onun türk ləhcələrində, rus, ingilis, alman dillərində yayınlanmış elmi işləri Avstryanin Franz Yozev adına Grast Universitetinin, Türk-Azərbaycan Dostluq Dərnəyinin , Çavuşıstan Özrek Cumhuriyeti Yazıcılar Birliyinin mükafatlarına layiq görülüb.

Samir Kazımoğlu 3 sentyabr 1999-cu ildə Türkiyədə avtomobil qəzasinda vəfat edib.

Müəllif: Cəlaələddin QASIMOV,

Müharibə veteranı, Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, araşdırmaçı-yazar

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •