29.03.2024

Firad Əliyev: «Sənin hüquq və azadlıqların başqasının hüquq və azadlıqları başladığı yerdə bitir»

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Sonxeber.az-ın suallarını cavablandırıb.

— Öncə istərdik ki, oxucularımız Firad müəllim haqqında daha ətraflı məlumat əldə etsinlər. Odur ki, bir qədər özünüz barədə danışmağınızı xahiş edirik.

-Mən Əliyev Firad Fuad oğlu 03 yanvar 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşam. Hazırda elə həmin şəhərdə də yaşayıram. Orta təhsilimə Sumqayıtda yerləşən 30 saylı orta məktəbdə başlamışam. Atamın işi ilə əlaqədar Gəncə şəhərinə köçdüyümüz üçün bir müddət həmin şəhərdə yerləşən 20 saylı orta məktəbdə təhsilimi davam etdirsəm də, orta təhsilimi Sumqayıtda yerləşən 38 saylı məktəbdə başa vurmuşam. Əlaçı olmamışam, ancaq kafi qiymət də almamışam, zərbəçi olmuşam və beşlərim daha çox olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşam. 2002-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. Eyni zamanda, universitet rəhbərliyi tərəfindən «Fəxri fərman» və «Valideynə təşəkkür» məktubu ilə təltif olunmuşam. 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistratura təhsil pilləsində 130004-cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə əyani şöbədə təhsilimi davam etdirərək, 2004-cü ildə magistratura təhsil pilləsini də fərqlənmə diplomu ilə bitirmişəm və yenidən «Fəxri fərman» və «Valideynə təşəkkür» məktubu ilə təltif olunmuşam. Təvazökarlıqdan uzaq olsa da deyim ki, hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirdiyim, nizam-intizama ciddi riayət etdiyim və ictimai fəal olduğum üçün «Hüquq fakültəsinin ən nümunəvi məzunu» adına layiq görülmüşəm.

Təbii ki, həyatda hər şey nisbidir və mən deyə bilmərəm ki, həmin vaxt bu ada yeganə layiqli məzun məhz mən idim, buna layiq digər məzunlar da var idi. Bununla belə, sözügedən adın yalnız bir nəfərə verilməsi nəzərdə tutulduğundan, buna tək mən layiq görüldüm. Görünür mənim qismətimmiş. Ardınca eyni ixtisas üzrə dissertanturaya qəbul olunsam da, hazıradək elmi işimi müdafiə edib, alimlik dərəcəsi ala bilməmişəm. Allah nəsib etsə, buna da müvəffəq olaram. Yerigəlmişkən qeyd edim ki, mən Bakı Dövlət Universitetinə qəbul olunmağı qərara alarkən Ulu Öndər Heydər Əliyevin universitet haqqında söylədiyi dəyərli kəlamları rəhbər tutdum. O, demişdir ki, «Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir». Mən bunun əyani şahidi oldum. Orada təhsil aldığıma görə demirəm, ancaq söyləməyi özümə borc bilirəm ki, bu ali təhsil ocağının çox fərqli bir müsbət aurası var. İstər müəllimlər, istər tələbələr, istər yaradılmış şərait, istərsə də mühit məndə çox yüksək təəssürat yaratmaqla, hafizəmdə dərin və unudulmaz iz buraxmışdır.

-Etiraz etməsəniz, ailə üzvləriniz haqqında da qısa məlumat verərdiniz.

-Buyurun, niyə etiraz edim, şükür Allaha «üz»ümüzü qara edən ailə üzvüm yoxdur ki, onun barəsində danışmaqdan ehtiyat edim (gülür). Ailəmizdə hər kəs cəmiyyətə yararlı, millətə və dövlətə sədaqətlidir. Atam Fuad müəllim ali kateqoriyalı mühəndisdir, müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali məktəbdə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, həmçinin şair-publisistdir, ədəbiyyatda Fuad İslamoğlu kimi tanınır. «Təmizlik», «Yaşamalı dünyadır», «Bu səs sənin səsindirmi» və «Qartal səmada tək uçur» adlı dörd kitab müəllifidir. Anam Nişanə xanım riyaziyyat müəlliməsidir. Hazırda hər iki valideynim təqaüddədir. Qardaşım Nihad diş həkimidir, Sumqayıt şəhərində yerləşən stomatoloji poliklinikanın baş həkimidir. Bacım Ziyalə xanım iqtisadçı olsa da, hazırda evdar xanımdır. Həyat yoldaşım Vüsalə xanım musiqi müəlliməsidir. İki övladım var, Fatimə və Murad. Hər iki övladım orta məktəb şagirdidir.

-Prokurorluqda qulluğa nə vaxtdan başlamısınız?

— 12 aprel 2005-ci il tarixdə prokurorluq orqanlarına qəbul olunaraq, Gəncə hərbi prokurorluğunun stajoru təyin edilmişəm. Stajorluq müddəti bitdikdən sonra Qazax hərbi prokurorunun köməkçisi, Gəncə hərbi prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin prokuroru, böyük prokuroru, Kadrlar və hüquqi təminat şöbəsinin böyük prokuroru vəzifələrində qulluq keçmişəm. 14.05.2018-ci il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi-Mətbuat Xidmətinin Rəhbəri vəzifəsinə təyin olunmuşam. Hazırda həmin vəzifədə, ədliyyə müşaviri rütbəsində qulluğumu davam etdirirəm.

-Təbiətən necə insansınız?

-Bütün normal insanlar necədirsə, mən də o cür olmağa çalışıram. Əminəm ki, çatışmayan cəhətlərim müsbət cəhətlərimdən çoxdur. Bir onu deyə bilərəm ki, səhhətimə mənfi təsir etməsi, o cümlədən əsəblərimin korlanması bahasına başa gəlsə belə, kifayət qədər səbirli adamam, ancaq, bu qarşı tərəfin əndazəni aşdığı məqama qədər davamlı olur. Belə bir aforizm var: «Xarakterimlə sənə olan davranışımı qarışıq salma, xarakterim hamı üçündür, sənə olan davranışım isə davranışının cavabıdır». Normal insandan fərqli qeyri-adi xasiyyətim yoxdur, nə çox sərt, nə də çox yumşaq xarakterli deyiləm. Atalar bihudə deməyib ki, «Sərt olma sınarsan, yumşaq olma əzilərsən». «Hər şey incəliyindən, insan isə qalınlığından sınır». Cəmiyyətdə hər kəs özünü elə aparmalıdır ki, onun davranışları kərahət hissləri doğurmasın. Elə mən də buna çalışıram.

"Öz səhvini dərk edərək üzr istəmək insanı daha da hörmətli edir"- Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri ilə MÜSAHİBƏ

-Üzr istəməyi bacarırsınız və buna necə baxırsınız?

-Əgər mənim hər hansı məsələdə günahım və ya təqsirim varsa birmənalı şəkildə üzr istəyirəm, hesab edirəm ki, öz səhvini dərk edərək üzr istəmək insanı daha da hörmətli edir və həmin şəxsin böyüklüyünü təcəssüm etdirir.

-Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

— Təbiəti seyr edirəm, mütaliə edirəm, musiqi dinləyirəm, şeir yazıram, əgər yazdıqlarıma şeir demək olarsa (gülür), bilirsiniz, böyük şairlərimizin yazdıqları şeirlərlə müqayisədə öz yazdıqlarıma şeir deməyə cəsarət etmirəm, bununla belə, nə isə alındırmağa çalışıram və bunun hansı səviyyədə alındığına isə qiyməti yalnız onları oxuyan şəxslər verə bilər. Qeyd edim ki, yazdığım şeirlər mütəmadi olaraq dövrü mətbu nəşrlərdə dərc olunur. Onu da vurğulayım ki, çalışıram vaxtımı hədər keçirməyim. Yerigəlmişkən, mütəfəkkirlərdən biri demişdir ki, «Zamanı hədər keçirmək ən bahalı əyləncədir». Bu, doğurdan da dəyərli və doğru fikirdir.

-Övladlarınıza münasibətdə necəsiz, tələbkarsınızmı?

-Digər məsələləri onların öz ixtiyarına buraxmışam, ancaq üç şeydə, əxlaqda, tərbiyədə və təhsildə tələbkaram. Bununla belə, tələbkarlığın nə qədər effektli olacağını zaman göstərər, çünki, təbii ki, tələbkarlıqla iş bitmir, tələb edilənlərin icra olunması üçün nəzarət, bunun üçün isə vaxt lazımdır ki, səmimi deyim, onu kifayət qədər ayıra bilmirəm, bu da sözsüz ki, işlərlə və qayğılarla əlaqəlidir. Ancaq övladlara zaman ayırmaq labüddür, belə bir aforizm var: «Əgər övladınızın cəmiyyətə yararlı insan kimi yetişməsini istəyirsinizsə, ona nəzərdə tutduğunuzdan iki dəfə çox zaman və iki dəfə az pul ayırın».

-Sirr saxlamağı bacarırsınızmı?

-Sirr saxlamağı bacarıram, ancaq sirrimi bölüşmürəm, bunun isə səbəbi odur ki, sirrimi tam etibar edə biləcəyim insanlar təbii ki, mənə çox doğma insanlar-yaxın qohumlar və əsl dostlardır deyə, onları öz qayğılarım ilə yükləmək istəmirəm, qismən etibar etdiyim insanlardan isə ehtiyat edirəm. Belə bir atalar sözü var: «Düşməninizin bilməməli olduğu sirrinizi dostunuza da söyləməyin», digər bir atalar sözündə isə deyilir ki, «sirrini dostuna demə, çünki dostunun da dostu var».Zənnimcə burada söhbət əsl dostdan getmir.

-Müsahibə zamanı müşahidə etdim ki, atalar sözlərindən və aforizmlərdən çox istifadə edirsiniz bunu nə ilə izah edirsiniz?

-Bunun səbəbi çox sadədir, həm atalar sözləri, həm də aforizmlər zamanın sınağından keçməklə özlərini doğrultmuşlar.

-Özünüzə hesabat verirsinizmi?

-Hesab edirəm ki, hər bir insan mütləq hər gecə yatmazdan əvvəl öz-özünə, daha dəqiq desək vicdanı qarşısında hesabat verməli və gün ərzindəki əməllərinin hansının doğru, hansının yanlış olduğunu aydınlaşdırmalı, yanlış hesab etdiyi əməllərinin verə biləcəyi fəsadları vaxtında aradan qaldırmalı və növbəti dəfə eyni, yaxud bənzər nöqsana yol verməməlidir. Hesab edirəm ki, bu belə olmasa, insan eyni və ya oxşar nöqsanlara təkrarən yol verər ki, bu da ağır nəticələrə yol aça bilər. Fikir verirsinizsə mən eyni, yaxud bənzər nöqsan deyirəm, çünki nöqsansız insan yoxdur, əsas odur ki, insan hər hansı nöqsana məqsədli şəkildə yol verməsin, yol verdiyi nöqsan ucbatından yarana biləcək xoşagəlməz halları aradan qaldırsın və eyni, yaxud oxşar nöqsana təkrarən yol verməsin.

-Əxlaq normalarına, milli adət-ənənələrimizə münasibətiniz, onlara riayət edirsinizmi?

-İstər əxlaq normaları, istərsə də adət-ənənələrimiz milli-mənəvi dəyərlərimizin tərkib hissələridir və mən onlara böyük məmnuniyyətlə riayət edirəm. Hesab edirəm ki, qanunvericiliyin tələblərinə zidd deyilsə, hər kəs onlara əməl etməlidir.

— Qanunların həyatınızda rolu nə dərəcədədir?

-Heç bir kəs deyə bilməz ki, mən ömür boyu qanun pozuntusuna yol verməmişəm və qanunlara hər zaman tam riayət etmişəm, çünki qanunlara tam əməl etmək istəyən şəxsin belə, bəzən qanunları ehtiyatsızlıqdan və ya qeyri-ixtiyari pozması istisna olunmur. Bu həyatdır və hər şeydən sığortalanmış insan yoxdur. Ancaq bir hüquqşünas kimi onu qeyd etməliyəm ki, bütün qanunlara riayət etmək hər kəsin üzərinə qoyulmuş vəzifədir və bunu hamı dərk etməklə çalışmalıdır ki, qanunlara tam və dönmədən əməl etsin və hər hansı qanun pozuntusu, xüsusən də cinayət törətməsin. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd olunmuşdur ki, «…Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir…»

Belə bir aforizm var: «Sənin hüquq və azadlıqların başqasının hüquq və azadlıqları başladığı yerdə bitir». Qeyd etməliyəm ki, mən özüm də bunu dərk etməklə hər vəchlə çalışıram ki, qanunlara tam və dönmədən əməl edim, eləcə də digər şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşım və bunu hər kəsə tövsiyə edirəm.

-Vicdan, əxlaq normaları və ya hüquq normaları, sizcə insanlar şəxsi həyatında və ya xidməti fəaliyyətlərində hansını rəhbər tutmalıdır?

-Mən hesab edirəm ki, insanlar istər şəxsi həyatlarında, istərsə də xidməti fəaliyyətlərində hər üçünü rəhbər tutmalı və ən ümdə qanunun tələblərinə riayət etməli və ona üstünlük verməlidirlər. Onu da deyim ki, vicdanlarını rəhbər tutanlar təbii olaraq qanunvericiliyin tələblərinə də əməl edəcəklər, əxlaq normalarına da. Hər bir insan, kimliyindən və hansı peşə sahibi olmasından asılı olmayaraq, istər həyatda, istərsə də xidməti fəaliyyətində, ALLAHı, qanunu və vicdanını unutmamalıdır. Hər kəs dərk etməlidir ki, törətdiyi hər bir, düz olmayan günah və ya qanunsuz əmələ görə, bir gün mütləq müvafiq olaraq Allah və ya qanun qarşısında, yaxud hər ikisinin qarşısında, eləcə də hər ikisi üçün, həmçinin vicdanı qarşısında cavab verəcəkdir. Yeri gəlmişkən, Peyğəmbərimiz Həzrəti Məhəmməd Səlləllahu Əleyhi və Alihi və Səlləm demişdir ki: «Can sağlığı və vicdan rahatlığı bu dünyada ali dəyərlər sırasında öndə dursalar da, çox təəssüf ki, bəzi insanlar bunu dərk etmir». Sözsüz ki, hər bir insanda çatışmayan bir çox cəhətlər var, bununla belə, elə əməllər var ki, onları etmək olmaz.

"Öz səhvini dərk edərək üzr istəmək insanı daha da hörmətli edir"- Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri ilə MÜSAHİBƏ

-Televiziya kanallarını izləyirsiniz?

-Səmimi deyim ki, xəbərlər, maarifləndirici və bir-iki sevdiyim verilişlər istisna omaqla, televiziyanı çox da izləmirəm.

-Mətbuatı, xəbər saytlarını, sosial şəbəkələri necə, izləyirsinizmi?

-Təbii ki, xidməti fəaliyyətimlə əlaqədar, mətbuatı və xəbər saytlarını mütəmadi olaraq izləyirəm, sosial şəbəkələri isə müntəzəm deyil, ara-sıra izləyirəm, bunun da səbəbi odur ki, sosial şəbəkələrdə dəyərli və hər şeyin yerini bilən insanlarla bərabər, yazdıqlarının, söylədiklərinin və paylaşdıqlarının məsuliyyətini dərk etməyən saysız-hesabsız yalançı, iftiraçı, mənəviyyatsız, əxlaqsız insanlar var və belə insanları da görəndə mütəəssir olmaya, əsəbiləşməyə bilmirsən.

-Mətbuata açıq mətbuat katiblərindənsinizmi?

-Bilirsiniz, bu suala mənim verdiyim cavab obyektiv olmaya da bilər, çünki söhbət özümdən getdiyi üçün subyektivizmə yol verməyim istisna olunmur, bu barədə jurnalistlər dəqiq deyə bilər, ancaq onu deyə bilərəm ki, mənə ünvanlanan bütün sualları cavablandırmasam da, bütün zənglərə cavab verirəm və çalışıram qarşı tərəflə elə danışım ki, heç kəs məndən narazı qalmasın. Bütün sualları cavablandıra bilməməyimin də səbəblərini qanunvericilikdən məlumatı olan sağlam düşüncəli insanlar yaxşı bilirlər.

Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində əldə edilməsi, alınması, verilməsi və yayılması məhdudlaşdırılan və ya qadağan edilən məlumatlar sırasında istintaq sirləri, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olan, hərbi sahədə olan maraqlar, şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının qorunması ilə bağlı məlumatlar da olduğundan, əksər məsələlər haqqında kütləvi informasiya vasitələrinə və ictimaiyyətə mütəmadi və ya təfsilatı ilə, yaxud ətraflı açıqlama verilməsini qanunvericilik qadağan etdiyi üçün, bunu etmək mümkün olmur. Mən Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri olduğumdan, mənə ünvanlanan suallar da bir qayda olaraq sözügedən məsələlərlə əlaqədar olur ki, verilən sualların bu qisminə cavab verə bilmirəm. Odur ki, ictimaiyyətdən, o cümlədən sual verənlərdən nəzərə almalarını xahiş edirəm. Yerigəlmişkən, fürsətdən istifadə edib xatırladıram ki, «İnformasiya əldə etmək haqqında» 30.09.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.4-1-ci maddəsində qeyd olunmuşdur ki, «İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın».

Bundan başqa, «Məlumat azadlığı haqqında» 19.06.1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilmişdir ki, «Alınması məhdudlaşdırılan məlumatlara-dövlət, peşə (vəkil,notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.Dövlət,peşə (vəkil,notariat, həkim),qulluq,bank,kommersiya,istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir».

— Müsahibə vasitəsilə jurnalistlərə nə demək istərdiniz?

-Jurnalist adını uca tutmaqla, özlərinə və peşələrinə hörmət etsinlər. Əldə etdikləri informasiyanın mənbəyinin mötəbərliyini və həqiqiliyini yoxlamadan, aidiyyatı şəxsdən və ya qurumdan dəqiqləşdirmədən onu yaymasınlar. Əldə edilməsi, alınması, verilməsi və yayılması qanunvericiliklə məhdudlaşdırılmış və ya qadağan edilmiş məlumatlarla son dərəcə ehtiyatla davranmaqla, qüvvədə olan normativ hüquqi aktların yayılmasını qadağan etdiyi informasiyanı paylaşmasınlar. Xatırlatmaq istəyirəm ki, «Kütləvi informasiya vasitələri haqqında» 07.12.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi» adlanan 10-cu maddəsində göstərilmişdir ki, «Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir». Sevindirici haldır ki, bugün kütləvi informasiya vasitələrinin, o cümlədən jurnalistlərin böyük əksəriyyəti gördükləri dəyərli işin məsuliyyətini dərk edir və mötəbərliyinə əmin olmadan, doğruluğunu aidiyyatı şəxsdən və ya qurumdan dəqiqləşdirmədən, yaxud rəsmi məlumatlara əsaslanmadan hər hansı informasiyanı ictimailəşdirmir. Eləcə də, hər hansı şəxsin subyektif fikirlərindən ibarət müraciətini yaymır. Fürsətdən istifadə edib belə şəxslərə öz dərin minnətdarlığımı bildirirəm.

Bununla belə, çox təəssüf ki, az da olsa buna riayət etməyən bəzi kütləvi informasiya vasitələri və ya jurnalistlər də var və onlara tövsiyəm budur ki, qanunvericiliyin tələblərinə tam əməl etsinlər, bu onların öz xeyirinədir, çünki, əks-təqdirdə qanunun sərt «üz»ü ilə rastlaşa bilərlər. Məsələn, bəzən elə olur ki, məsuliyyətsiz bir jurnalist hər hansı şəxs və ya qurum barəsində, yaxud insanların narahatlığına səbəb ola biləcək informasiya əldə edir, sonra mənbəyinin mötəbərliyini və həqiqiliyini yoxlamadan onu yayır, beləcə həmin informasiya sürətlə ictimailəşir. Bir müddət sonra isə, informasiyanın yalan olduğu məlum olur. Bundan sonra, yayılan informasiya təkzib olunsa da, olunmasa da, onun doğru olmadığı hər kəsə bəlli olsa da, artıq barəsində həqiqətə uyğun olmayan informasiya yayılmış şəxs və ya quruma zərər dəyir, yaxud insanlar əsassız və əbəs yerə sarsıntı keçirirlər. Yeri gəlmişkən qeyd edim ki, belə hallara xüsusən sosial şəbəkələrdə jurnalist olmayan şəxslər tərəfindən yol verilir. Belə ki, ölkəmizdə yaradılmış fikir, söz və məlumat azadlıqlarını da özündə ehtiva edən demokratik mühitdən sui-istifadə edən sözügedən şəxslər əxlaq və hüquq normalarını kobud şəkildə pozaraq, heç bir əsası olmayan həqiqətə zidd məlumatı, yaxud ancaq şəxsi mülahizələrə əsaslanan subyektiv fikirlərdən və ya yalanlardan, əksər hallarda isə hər ikisindən ibarət çıxışı ictimailəşdirir, bəzən isə yaydıqlarının inandırıcı görünməsi və doğru olması təəssüratının yaradılması üçün, məqsədli şəkildə çılğın emosiyalardan da istifadə edirlər ki, bu da təəssüf ki, bir çox hallarda həqiqətdən agah olmayan insanların vicdanlı olaraq yanılmasına zəmin yaradır.

Bütün bunlar da, əksər hallarda hər hansı haqsız olan şəxs tərəfindən ictimaiyyəti caşdırmaqla insanların dəstəyini qazanmaq, bununla da, hansısa istəyinə nail olmaq, o cümlədən özünün və digər şəxsin hər hansı hüquqa və əxlaqa zidd əməllərinə haqq qazandırmaq, yaxud qisas almaq və sair məkrli məqsəd daşıyır. Tərslikdən bəzən də yayılan məlumat və ya çıxış müsahibənin əvvəlində qeyd etdiyim Azərbaycan Respublikasının qanunvericiliyində əldə edilməsi, alınması, verilməsi və yayılması məhdudlaşdırılan və ya qadağan edilən məlumatlarla əlaqədar olur ki, qanunvericilik qadağan etdiyindən hər hansı şəxs, yaxud qurum ictimailəşən məsələ barədə əsl həqiqəti özündə əks etdirən açıqlamanı verə bilmir və qarşı tərəf də bu əlverişli şəraitdən daha yaxşı bəhrələnir. Belə şeyləri etmək olmaz, buna nə hüquq, nə əxlaq normaları, nə də insanlıq yol vermir. Ancaq təəssüf ki, belə hallar olur və son zamanlar bir qədər də artmışdır. Bu cür əməllər törədən jurnalistlər və ya sosial şəbəkə istifadəçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Onlar bilməlidirlər ki, belə əməllərə görə inzibati, mülki, hətta cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Təbii ki, bu kimi əməllərin qarşısı qanunla müəyyən edilmiş qaydada qəti şəkildə alınır və alınacaqdır. Fürsətdən istifadə edib həmin şəxsləri bu cür əməllərdən çəkinməyə, ictimaiyyəti isə yalana, yəni heç bir əsası olmayan məlumatlara, yaxud subyektiv fikirlərdən ibarət çıxışlara deyil, mötəbərliyinə əmin olduqları, aidiyyatı şəxslərə və ya rəsmi dövlət qurumlarına, yaxud digər təşkilatlara istinadən əldə edilmiş və ya onlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş açıqlamalara inanmağa və onları əsas götürməyə çağırıram.

Bundan başqa, bəzən kütləvi informasiya vasitələri oxucu sayını artırmaq məqsədilə xüsusi diqqət çəkən və rezonans doğuran sərlövhə seçir, sonradan həmin xəbərin qeyri-adi bir xəbər olmadığı, yaxud əhəmiyyətsiz xəbər olduğu məlum olur. Məsələn, adı yadımda qalmayan kütləvi informasiya vasitələrinin birində belə bir sərlövhə oxudum ki, «»Yanardağ»da vulkan püskürdü, xeyli ölü və yaralı, fövqəladə vəziyyət elan edildi», inanın bu xəbər məni çox ciddi narahat etdi və mən xəbəri tam oxuyanadək sarsıntı keçirdim. Təbii ki, «Yanardağ» dedikdə hər bir Azərbaycanlının ağlına ilk olaraq, böyükdən-kiçiyə hamının tanıdığı Abşeron yarımadasında yerləşən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu gəlir və buna görə də qeyd olunan məzmunlu xəbərdən pəjmürdə olmamaq mümkün deyildi, yəni həmvətənlərinin ölməsi və yaralanması, ölkəsində fövqəladə vəziyyət elan edilməsi xəbərini eşidən normal insanın ciddi narahatlıq keçirməsində qeyri-adi bir şey yoxdur. Ancaq xəbəri tam oxuyanda mənə məlum oldu ki, İtalyada da «Yanardağ» varmış və xəbərdə ondan bəhs edilir və mən yalnız bundan sonra rahatlandım, ancaq sərlövhəni görəndən xəbəri tam oxuyanadək olan zaman kəsiyində mənə olan oldu, çəkdiyimi çəkdim (gülür). Odur ki, belə məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır. Təbii ki, belə hallarla rastlaşan şəxslər növbəti dəfə informasiyanı başqa xəbər ünvanında axtarır və nəticədə hər iki tərəf üçün arzuolunan hal olmur.

-Sirr deyil ki, istər kütləvi informasiya vasitələrində, istərsə də sosial şəbəkələrdə insanlara və ya müxtəlif qurumlara təhqirlər ünvanlayan, böhtan atan insanlar olur, bu barədə nə deyə bilərsiniz?

-Birmənalı şəkildə pisləməklə, bu cür əməllərlə məşğul olan şəxsləri öz mənfur «iş»lərindən əl çəkməyə çağırıram. Belə bir aforizm var: «Özgəsinə çamur atmaq istəyən bilməlidir ki, ilk əvvəl çamuru götürənin öz əlləri batacaq». Bundan başqa, bildirirəm ki, qanunvericilikdə həm təhqir, həm də böhtana görə müvafiq hüquqi məsuliyyət, hətta cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur. Bununla belə, tənqidə münasibətim müsbətdir, çünki tənqid inkişafa təkan verən amillərdəndir. Ancaq, burada söhbət haqlı tənqiddən gedir. Hesab edirəm ki, tənqidi ehtiva edən fikirlərin belə, ictimailəşdirilməsi məqsədəuyğun deyil. Çünki hər hansı bir şəxsin və ya məsələnin tənqid olunması, hələ tənqidin əsaslı və tənqid edənin haqlı olması demək deyil, tənqid əsassız, tənqidçi haqsız da ola bilər. Odur ki, hər hansı bir məsələ barədə tənqidi fikirlərinin konkret aidiyyatı olunan şəxsin və ya qurumun özünə ünvanlanması daha məqsədəmüvafiqdir.

-Azərbaycan Respublikası Prokurorluğunun, xüsusən də Hərbi Prokurorluğunun fəaliyyəti haqqında ümumi məlumat verə bilərsinizmi?

-Sözsüz ki, Azərbaycan Respublikası Prokurorluğunun, o cümlədən Hərbi Prokurorluğunun zəngin və şərəfli tarixi vardır. Təbii ki, bir əsrdən artıq yaşı və çoxşaxəli fəaliyyəti olan Azərbaycan Respublikasının Prokurorluğu, eləcə də Hərbi Prokurorluğu barədə bir müsahibədə ətraflı danışmaq qeyri-mümkündür. Bununla belə, dediyiniz kimi ümumi məlumat verə bilərəm. Dövlət qurumlarımızın bir çoxu kimi, milli prokurorluq orqanlarının da təsis edilməsi ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra mümkün olmuşdur. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlamış və beləliklə də, Azərbaycan Prokurorluğunun əsası qoyulmuşdur. Yerigəlmişkən, vurğulamaq zəruridir ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Böyük qürur və minnətdarlıq hissləri ilə bildirirəm ki, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncam ilə «1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü»nün təsis edilməsi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olmuşdur. Yarandığı vaxtdan hazıradək bütün fəaliyyəti prosesində ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində müstəsna əhəmiyyəti olan Azərbaycan Prokurorluğuna, o cümlədən Hərbi Prokurorluğuna Ulu Öndər Heydər Əliyev və onun dövlətçilik ənənələrinin mahir davamçısı Möhtərəm Prezident, cənab İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və xüsusi qayğı dövlət qurumları sırasında bu orqanın mövqeyini daha da möhkəmləndirərək cəmiyyətdə olan nüfuzunu artırmaqla bərabər, üzərinə daha böyük məsuliyyət qoymuşdur. Bunun nəticəsidir ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xüsusi yerə və rola malik olan prokurorluq, eləcə də hərbi prokurorluq mühüm dövlət təsisatı kimi əhəmiyyətini məharətlə qorumaqda davam edir. Bildiyiniz kimi, hazırda Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, cənab Zakir Qaralov, Azərbaycan Respublikasının Hərbi prokuroru isə ədliyyə general-leytenantı, cənab Xanlar Vəliyevdir. Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxil olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qanunvericiliklə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir.

Belə ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir. Vurğulanmalıdır ki, Hərbi Prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından və komandanlıqdan asılı olmayaraq icra edir. Həmçinin Hərbi prokurorluqların işçiləri xidməti vəzifələrin icrası ilə əlaqədar bütün hərbi idarəçilik orqanlarının, hərbi hissələrin, hərbi müəssisə və idarələrin bina və ərazilərinə maneəsiz daxil ola bilirlər. Qanunvericiliyə əsasən, müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır və göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, belə şəxsin barəsində də cinayət işi üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır. Qeyd etmək lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən, hərbi qulluqçu olmayan şəxslər tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaqın aparılması müvafiq olaraq, yəni konkret maddələr üzrə həm prokurorluğa, həm də Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yəni Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarına, Dövlət Təhlükəsizliyi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və digər orqanlara həvalə edilmişdir. Hərbi qulluqçular tərəfindən, o cümlədən onların iştirakı ilə cinayət törədildikdə isə, əməl Cinayət Məcəlləsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olmayaraq həmin cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluqlar tərəfindən aparılır.

Sözsüz ki, bu bir qayda olaraq belədir və qanunvericilikdə digər istisna və müstəsna hallar da mövcuddur. Yəni hüquqşünas olamayan şəxslərə də aydın olan tərzdə desək, hərbi prokurorluqlar tərəfindən Cinayət Məcəlləsinin xüsusi hissəsinin bütün maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparılır və cinayətin törədilməsində hərbi qulluqçu olmayan şəxsin iştirakı olarsa, o, hərbi qulluqçu olmasa belə, onun da barəsində cinayət işi üzrə ibtidai istintaq hərbi prokurorluqlar tərəfindən aparılır. Bu barədə ona görə geniş məlumat verdim ki, əksər insanlarda belə bir yanlış təəssürat vardır ki, hərbi prokurorluqlar tərəfindən yalnız hərbi xidmət əleyhinə olan cinayətlərə dair işlər üzrə və ya yalnız hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparılır. Haşiyə çıxaraq bildirirəm ki, öz iş təcrübəmdə hərbi qulluqçu olmayan şəxs cinayət məsuliyyətinə cəlb ediləndə dedi ki: «Siz nə edirsiniz, mən hərbçi deyiləm, fərarilik cinayəti törətmişəm ki?». Bundan sonra, mən qanunvericiliyin tələbini izah etdim və ona hər şey aydın oldu. Yerigəlmişkən qeyd edim ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluqlarına-Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı, Gəncə, Sumqayıt, Qarabağ, Qazax, Tərtər, Füzuli, Lənkəran və Zaqatala hərbi prokurorluqları aiddir.

"Öz səhvini dərk edərək üzr istəmək insanı daha da hörmətli edir"- Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri ilə MÜSAHİBƏ

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan köklü islahatlar nəticəsində dövlətimizin hərtərəfli qüdrətlənməsi, iqtisadiyyatımızın sürətlə güclənməsi Prokurorluğa kifayət qədər maddi vəsait ayrılmasına rəvac vermişdir ki, bu Hərbi Prokurorluğun da maddi təminatının, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsinə zəmin yaratmışdır. Minnətdarlıqla qeyd olunmalıdır ki, ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazası gücləndirilmiş, o cümlədən ardıcıl olaraq, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Qazax, Zaqatala və Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz olunmuş inzibati binalarla təmin olunmuş, əksər hərbi prokurorluqların inzibati binaları əsaslı təmir edilmiş, əməkdaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Bütün bunlar hərbi prokurorluq əməkdaşlarını xidməti vəzifələrinə vicdanla və daha məsuliyyətlə yanaşmağa sövq etmiş və nəticədə Hərbi Prokurorluq fəaliyyətində ardıcıl uğurlar qazanmışdır. Qazanılan uğurlardan bəhs edərkən xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ötən illərdə törədilmiş qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılmış, uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmadığından, icraatı dayandırılmış cinayət işlərinin 2005-ci ildən başlayaraq təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilmişdir. Konkret olaraq icraatı təzələnmiş işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində məharətlə həyata keçirilmiş prosessual rəhbərlik, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, eləcə də istintaqçıların peşəkarlığı və əzmi sayəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə istintaq olunan bir neçə cinayət işinin ibtidai araşdırmasının yekunlaşdırılmasına, o cümlədən cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunmuşdur.

Qeyd etmək lazımdır ki, göstərilən cinayət işləri üzrə nöqsanlara və qanun pozuntularına yol vermiş prokurorluq işçiləri müvafiq məsuliyyətə cəlb edilmişlər. Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, 2005-ci ildən etibarən Silahlı Qüvvələrdə səbəb və şəraitindən asılı olmayaraq baş vermiş hər bir ölüm hadisəsi üzrə cinayət işi başlanmış, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin edilmişdir.

Eyni zamanda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq məsuliyyətə cəlb edilməsi təmin olunmuşdur.

— Son olaraq, oxuculara tövsiyəniz?

-Oxuculara tövsiyəm və xahişim odur ki, yalana, yəni heç bir əsası olmayan məlumatlara, yaxud subyektiv fikirlərdən ibarət çıxışlara deyil, mötəbərliyinə əmin olduqları, aidiyyatı şəxslərə və ya rəsmi dövlət qurumlarına, yaxud digər təşkilatlara istinadən əldə edilmiş və ya onlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş açıqlamalara inansınlar. Subyektiv fikirlərini kənara qoyub məsələlərə obyektiv yanaşsınlar, baş verənləri düzgün şərh etsinlər və doğru nəticəyə gəlsinlər. Qanunvericiliyin müddəalarından və milli-mənəvi dəyərlərdən irəli gələn tələblərə riayət edilməsi, ictimai-siyasi sabitliyin qorunmasının dayanıqlı olması, o cümlədən qanunsuz və əxlaqsız əməllərin qarşısının alınması, həmçinin sağlam informasiya mühitinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edən ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olmasını təmin etmək məqsədi ilə əllərindən gələni əsirgəməsinlər.

Kimliyindən və hansı peşə sahibi olmasından asılı olmayaraq qanunvericiliyin tələblərini, eləcə də milli maraqları, yəni xalqın və dövlətin mənafelərini hər şeydən üstün tutsunlar.

-Maraqlı və məzmunlu müsahibə üçün minnətdarıq.

-Mən Sizə təşəkkür edirəm.

Aysel Yusifqızı

Sonxeber.az

"Öz səhvini dərk edərək üzr istəmək insanı daha da hörmətli edir"- Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri ilə MÜSAHİBƏ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: