25.04.2024

AVMVİB Xocavənd rayon şöbəsi: Şəhidlər ölməz…

AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədovun verdiyi məlumata görə, Beyləqan rayonu Dünyamalılar kəndində şəhid Məhəbbət Mirzəyevin ad günü qeyd olunub.


Sədr müavini M. Məmmədov şəhid Məhəbbət Mirzəyev haqqında bunları söylədi: «Mirzəyev Məhəbbət Ədalət oğlu 16 dekabr 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.


Orta məktəb illərində «Şahinlər», «Cəsurlar» hərbi oyunlarında fəal iştirakı ilə seçilib. 1 may 2012-ci ildə orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra 2012-ci il iyulun 9-da Beyləqan rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlik müddətini Biləcəri və Gəncədə N-saylı hərbi hissələrdə keçib. 2014-cü il yanvar ayının 1-də əsgərlik xidmətini bitirdikdən sonra vətənə xidmətini Beyləqan rayon N-saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi davam etdirib. Bir müddət burada xidmət etdikdən sonra kəşfiyyata olan marağı onu Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılmağa vadar edib. O, bu kursu uğurla keçib və dəfələrlə gizli döyüşlərdə şücayət göstərib. 2015-ci il avqust ayının 18-i Çin Xalq Respublikasına xüsusi təlim kursuna gedib və orada atıcı-snayper kimi ixtisaslaşıb. Eyni zamanda Kitay-Uşusu idman növünü öyrənib. Həmin kursu yüksək nəticə və fərqlənmə ilə bitirdikdən sonra vətənə dönərək xidmətini davam etdirib.


Məhəbbət Mirzəyev aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid doğulduğu rayonda torpağa tapşırılıb.
Ölümündən sonra döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli medalla təltif olunub.»


AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə tədbirə qatılan müharibə veteranları ilə yanaşı, kənd orta məktəbinin kollektivi, mədəniyyət evinin kollektivi, şəhidin yaxınları və kənd sakinləri tədbirdə iştirak edirdilər.


Tədbirdə kəndin hər bir şəhidinin, yəni 25 şəhidin fotolarını döşünə taxmış şagirdlər hərbi forma geyinərək gələcəyə bir mesaj verdilər: «Bir öləriksə, min doğularıq.


AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və səsr müavini Məmməd Məmmədov şəhid M. Mirzəyevin təltif olunduğu (ölümündən sonra) Xatirə medalını şəhidin atası Zaman Mirzəyevə təqdim etdilər.


Şəhidlər ölməz, şəhidlər unudulan zaman ölərlər…


Allah şəhidlərimizə rəhmət eləsin!


Rauf Hüseynov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: