29.03.2024

Fətəli xan Xoyskinin ingilis generala dedikləri

İngilis əsgərlərini dənizə tökərik

Müttəfiq qüvvələri qalib gəldikdən sonra Türk ordusu Azərbaycanı tərk etmək məcburiyyətində qalır və İngilis ordusu Bakıya daxil olur. Bu xalq arasında narazılıqlar yaradır

Azərbaycan hökumətinin başçısı Fətəli Xan general Tomsonla görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur.

«General Tomson Azərbaycan Cümhuriyətini tanımadığını, müttəfiq olan rusların torpağına gəldiyini söyləyir.

Fətəli Xan isə Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün dünya dövlətlərinə bildirildiyini söyləyir. Fətəli Xan sözlərinə davamla: «Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda, mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız», deyir.

General Tomson: «Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm», cavabını verir.

Fətəli Xan: «Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin Baş Naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm», deyir.

Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək: «Baş Nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə, qurduğunuz Cümhuriyyətinin ordusu hələ qurulmamışdır», deyir.

Fətəli Xan tərcüməçiyə: «General həzrətlərinə söyləyin ki, o, yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrinin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir.

Biz Azərbaycan türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq, biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik» cavabını verir.

Qeyd: Fotodakı şəxs F.Xoyskidir. Bu gün onun anadan olduğu gündür./Difai təşkilatı/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: