18.04.2024

Oqtay Gülalıyevi maşınla vuran sürücü ilk dəfə DANIŞDI…

Bir ay öncə – oktyabrın 29-da avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də komadadır. Ailə üzvlərinin dediyinə görə, onun hazırda müalicə aldığı Türkiyə xəstəxanasının həkimləri də komadan nə vaxt çıxacağını bilmirlər. Qeyd ed’k ki? hüquq müdafiəçisinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götrüb.

Hadisə ilə bağlı müxtəlif versiyalar səslənib. Bunun ehtiyatsızlıqdan baş verən yol qəzası olduğunu deyənlər də olub, qəsdən törədildiyini iddia edənlər də. Hüquq müdafiəçisinin yaxınları, ictimai-siyasi fəallar bu olayla bağlı fikirlərini mediada, sosial şəbəkələrdə paylaşır.

Bugünlərdə Repressiya və İşgəncələr Əleyhinə Komitə sözügedən avtomobil qəzasının müəmmalı olduğunu bəyan edib və hadisə ilə bağlı beynəlxalq araşdırma aparılması istənilib.

Hokm.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu istiqamətdə müzakirələrdə qarşı tərəfin fikri bəlli deyildi. “Azadlıq” Radiosu hadisəni törətmiş «Hyundai» markalı, 90-PZ-543 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan Abdullayevin də olayla bağlı fikirlərini, O.Gülalıyevin qəsdən vurulması, onun xəstəxanaya gec çatdırılması və s. ittihamlara münasibətini öyrənib.

35-yaşlı K.Abdullayev Mingəçevirdəndir, amma Bakıda yaşayır və burada taksi fəaliyyətiylə məşğul olduğunu deyir. Üçyaşlı bir qızı var. Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti qaydalarını pozma – zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ona qarşı ittiham irəli sürülüb.

K.Abdullayev özü haqqında sosial şəbəkələrdə yazılanlardan məyus olduğunu deyir:

– Görürəm ki, hamı sui-qəsd, təxribat yazır, qəsdən törədildiyini bildirir, məni terrorçu kimi qələmə verirlər. Bu hadisədə sui-qəsd yoxdur. Hadisə vaxtı Oqtay müəllimin dostları da ordaydı. Onu «Semaşko»ya çatdıranda da ordaydılar. Özləri də gördülər ki, burada sui-qəsd yoxdur. Sadəcə, ehtiyatsızlıqdan olub. Özləri də deyirdilər ki, ehtiyatsızlıqdandır. Sonradan bu sui-qəsd söhbətləri niyə ortaya çıxdı, heç nə başa düşmədim. Heç kim də gəlib məndən heç nə soruşmadı, fikrimi bilmək istəmədi.

– Hadisə necə baş verdi?

– Sadəcə, görmədim. Maşının kor bucağı deyilən yer olur. Dönəndə fikirli oldum, görmədim. Özüm də dərhal mindirib xəstəxanaya aparmışam. Bu qədər şişirtmək, yalan yazmaq… Təxribat, təxribat, sui-qəsd… Dediyim kimi, sırf ehtiyatsızlıqdan olan bir hadisəni insanlar niyə bu qədər təhrif edir, anlaya bilmirəm.

– Öncədən Oqtay Gülalıyevlə tanışlığınız vardımı?

– Xeyr, olmayıb. Mən hadisədən sonra onu tanımışam. Onu xəstəxanaya aparanda soruşdum ki, «kimsiniz, müəllimə oxşayırsız»? Çünki kostyumda, qalstukda idi. Dedi, adım Oqtaydır. Soruşdu ki, məni tanıyırsız? Dedim, yox, tanımıram. Dostları da bilir, onlardan da soruşdum, dedilər, Oqtay Gülalıyev belə-belə insandır.

– Dediyinizdən belə anlaşılır ki, Oqtay Gülalıyev xəstəxanaya aparılanda danışırmış…

– Əlbəttə. Hətta xəstəxanaya aparanda dedi ki, «düşür məni, hər şey normaldır, xəstəxanaya getməyə ehtiyac yoxdur». Mən özüm apardım ki, yoxlansın, lazımi yardım göstərilsin.

-Deyirsiniz ki, hadisə vaxtı dostları da yanında olub. Yayılan videoda onun yolu tək keçdiyi görünür…

– Bəli, yolu tək keçirdi. Amma dostu yolun o biri tərəfində onu gözləyirmiş.

– Dostunun kimliyini, adını xatırlayırsınızmı? Çünki onunla da danışdığınızı deyirsiniz…

– Xeyr, adı yadımda deyil. «Semaşko»da da mənə dedi ki, «yolun o biri tərəfində Oqtay müəllimi gözləyirdim, qəza olanda yaxınlaşdım, gördüm ki, Oqtay müəllim yerdə uzanıb». Onu xəstəxanaya mən öz maşınımda aparmışam, amma xəstəxanaya çatana qədər dostu mənimlə telefonla danışıb. Zəng eləyib soruşurdu ki, hardasız, çatmısız və s.

– Belə iddialar da var ki, hadisədən sonra xəstəxanaya gec çatdırılıb. Bu barədə nə deyə bilərsiniz?

– Mən qəzadan sonra yarım saata aparıb çatdırmışam. Deyirlər ki, guya axşam saat 9-da aparmışam. Niyə olmayan şeyləri danışırlar, yazırlar, başa düşə bilmirəm. Axşam saat 6-ya 20 dəqiqə işləmiş qəza olub. Oqtay müəllim ayağa qalxana, maşına minənə qədər bir qədər vaxt keçdi. Təxminən 6-nın yarısında aparmışam. 7-yə uzağı 5-10 dəqiqə işləmiş artıq xəstəxanada idik. Xəstəxananın kamera görüntüləri var, onlara baxmaq olar. Mənim dostum orada olub, Oqtay müəllimin öz dostları… Bunu sübut eləmək elə də çətin deyil axı. Yəni, saat 9-da aparıb çatdırmağım yalandır.

Biz Oqtay bəyin ayılmasını, özünə gəlməsini gözləyirik. Vəkilim də vəsatətlər qaldırıb, müstəntiq məktublar göndərib. Bu işin obyektiv araşdırılmasına çalışırlar. Biz də kamera görüntülərinin çıxarılmasında, hətta sosial şəbəkələrdə yayılmasında maraqlıyıq. Bakı Nəqliyyat Agentliyində də, başqa orqanlarda da yəqin ki, o görüntülər var. Çıxıb gəldiyim yerdən, hadisə yerinə qədər baxa bilərlər. Bunları bilmədən, görmədən haqqımda niyə yalan yayırlar?

Xatırladaq ki, hadisə ilə bağlı istintaq araşdırmaları Nəsimi Rayon Polis İdarəsində aparılır. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin oktyabrın 31-də yaydığı birgə açıqlamasında hadisənin qəsdən törədilməsi barədə fikirlərin əsassız olduğu bilirilib.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunaraq aşağıdakılar bildirilmişdi.

Müvafiq cinayət işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, 2019-cu ilin iyun ayından “A taksi” şirkətində taksi sürücüsü işləyən Abdullayev Kənan Kamal oğlu əməkdaşlıq etdiyi digər taksi şirkətinin çağrı nömrəsinə hadisədən təxminən 2 saat əvvəl daxil olmuş sifarişi icra etmək üçün həmin şirkətə məxsus “Hyundai Accent” markalı, 90-PZ-543 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzində yerləşən “Nizami” kinoteatrının qarşısından milliyətcə ərəb olan Məhəmməd adlı şəxsi və onun tərcüməçisi Məmmədov Nail Şamil oğlunu Abşeron rayonu Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparmışdır. Müəyyən vaxtdan sonra müştəriləri geri qaytararkən saat 17:19:16-da Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönərək hərəkətini davam etdirmiş, saat 17:21:48-də isə avtomobili 28 May küçəsində yerləşən “İpad usta” adlı iaşə obyektinin qarşısında saxlayıb sərnişinləri düşürmüşdür.

Bundan sonra Kənan Abdullayev cari ilin sentyabr ayından etibarən hər gün saat 17.30-da Nizami küçəsində fəaliyyət göstərən “Kinder Ville” hazırlıq kursundan götürdüyü qonşusu Əsədov Saməddin Fəxrəddin oğlunun övladını evə aparmaq üçün 28 May küçəsi ilə hərəkətini davam etdirərək 15-20 metr getdikdən sonra saat 17:22:35-də işıqforun yaşıl işığında Puşkin küçəsi istiqamətində sola dönərkən həmin küçədəki piyada keçidi ilə yolu keçən Oktay Gülalıyevi ehtiyatsızlıqdan vurmuşdur. O, dərhal ətrafdakı şəxslərin köməkliyi ilə Oktay Gülalıyevi avtomobilə mindirərək tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə aparmışdır.

“Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları ilə qeydə alınmış müvafiq görüntülər Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən hadisədən dərhal sonra ictimaiyyətə açıqlanmışdır. Bu təfərrüatlar, həmçinin sürücü Kənan Abdullayevin, onun qonşusu Saməddin Əsədovun, eləcə də qəzadan qısa müddət əvvəl avtomobildən düşmüş sərnişin Nail Məmmədovun ifadələri ilə təsdiq olunur.

Sürücü Kənan Abdullayevin taksi fəaliyyəti ilə məşğul olması, onun hərəkət marşrutunun piyada Oktay Gülalıyevin hərəkət istiqamətindən fərqlənməsi, zərərçəkmiş şəxsi əvvəlcədən tanımaması, hadisədən təxminən iki saat əvvəl peşəsi ilə bağlı olaraq şəhərin mərkəzindən müəyyən məsafədə uzaqlaşması və müştərilərinin tələbi ilə 28 May küçəsinə qayıtması, hadisənin baş verdiyi yerin və vaxtın sürücünün gündəlik taksi xidməti göstərdiyi hərəkət marşrutunun üzərində yerləşməklə eyni vaxta təsadüf etməsi, Kənan Abdullayevin qəzadan sonrakı hərəkətləri hadisənin ehtiyatsızlıqdan baş verməsini təsdiqləməklə Oqtay Gülalıyevin qəsdən vurulması ehtimalını tamamilə istisna edir.

Bununla bərabər, ilkin sübutlarla sürücü Kənan Abdullayevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinin, yəni “Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbinin pozuntusu müəyyən edilmişdir.

Cinayət işinin istintaqı zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, sürücü sərxoşluq və narkoloji müayinələrə cəlb olunaraq hər hansı qanunazidd hal aşkar edilməmişdir. Kənan Abdullayevin, avtomobili, nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiqləyən sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi müəyyənləşdirilmişdir.

Bir daha bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə bir qrup şəxsin kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq məqsədilə istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqla cəmiyyəti çaşdırmaq və ajiotaj yaratmaq cəhdləri yolverilməzdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizaların rəyləri alındıqdan və digər zəruri hərəkətlər həyata keçirildikdən sonra K. Abdullayevin əməlinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: