Tbilisidə etirazçılar parlamentin binası qarşısında çadırlar qurublar — YENİLƏNİB-3 — FOTO

Tbilisidə etirazçılar parlamentin binası qarşısındakı Rustaveli prospektində bir neçə çadır qurublar.

«Report»un yerli bürosu xəbər verir ki, aksiyaçıların bir qismi gecəni prospektdə keçirəcək.

Binanın bütün girişləri yaxınlığında da çadırlar qurulub.

Nümayişçilər parlament binası ətrafına gətirdikləri yumşaq oturacaqlarda əyləşiblər. Onlar deputatların parlamentin sabahkı plenar iclasında iştirak etmələrinə imkan verməyəcəklərini bildiriblər.


***21:50

Tbilisidə etirazçılar parlamentin binasını bloklamağa başlayıblar.

«Report»un yerli bürosu xəbər verir ki, aksiyaçılar qanunverici orqanın girişlərindən birində çadır qurublar.

Etirazçılar çadırda gecələyəcəklərini bildiriblər. Aksiyaçılar qeyd ediblər ki, sabah deputatları parlamentə buraxmayacaqlar.


***21:09

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binası ətrafında canlı zəncir yaradıblar.

«Report»un yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarının bir qismi gecəni parlament qarşısında keçirəcək.

Mitinqə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili də qatılıb. Onun sözlərinə görə, Gürcü Arzusu Partiyası insanları aldadıb və ölkə ictimaiyyəti bu təhqiri unutmayacaq.

Polis qanunverici orqanın bütün girişlərini nəzarətə götürüb. Etirazçıların sabah səhər saatlarında parlament binasınıbloklayacağı gözlənilir.


***20:01

Gürcüstanın parlament binası qarşısında kütləvi aksiya davam edir.

«Report»un yerli bürosu xəbər verir ki, binanın önündəki Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Aksiyaçılar parlamentin qarşısına dəmir qəfəs gətiriblər. Qəfəsdən hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin fotoşəkli asılıb.

Etirazçılar bildiriblər ki, B.İvanişvili xalqı aldatmaqda davam etsə və vədlərini yerinə yetirməsə, o, belə qəfəsə düşəcək.

Aksiyada həmçinin B.İvanişvilinin fotoşəklinin olduğu müqəvva başıaşağı salladılıb.


***19:08

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya başlayıb.

«Report»un yerli bürosu xəbər verir ki, hazırda müxalifət liderləri bir qrup aksiya iştirakçısı ilə birgə Birinci Respublika Meydanından parlamentə qədər yürüş edir.

Müxalifətçilər və ictimai fəalların təşkil etdikləri aksiyanın tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir.

Aksiyaya bölgələrdən də iştirakçılar qatılıb. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbələri də yürüş edərək aksiyaya qoşulacaqlar.

Mitinq təşkilatçıları parlamentə girişləri bloklayacaqlarını və deputatların sabahkı iclasda iştirak etmələrinə imkan verməyəcəklərini elan ediblər.

Parlament ətrafına çox sayda polis əməkdaşları cəlb olunub./Report/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share