29.03.2024

“Qarabağ meşələri kütləvi şəkildə məhv edilir” – Erməni yazıçısından etiraf…

Ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarındakı sərvətləri vəhşicəsinə istismar etdiyi, amansızcasına taladığı uzun illərdir ki, mediamızın gündəmə gətirdiyi məsələlərdən biridir.

Qarabağda mövcud olan və bütün dünyada nadir ağac növlərinin bitdiyi meşələrin məhv edilməsi son zamanlar daha da artmaqdadır. Hətta iş o yerə çatıb ki, baş verən bu talan erməni millətçiləri tərəfindən də etiraf edilməkdədir.

Moderator.az xəbər verir ki, Amerikada yaşayan və Qarabağa səfər edən erməni yazıçısı Anna Turcotte işğal edilmiş Azərbaycan torpaqlarında meşələrin kürləvi şəkildə məhv edildiyini təsdiqləyib. Erməni yazıçısı qeyd edib ki, səfər əsnasında onun qarşısına kəsilmiş ağaclarla dolu bir neçə yük maşını çıxıb. O, bu avtomobillərdən bəzisində dövlət-nömrə nişanlarının olmadığına da diqqət çəkib.

Erməni yazıçısı hüquq-mühafizə orqanlarının da meşələrin kütləvi məhvindən xəbərdar olduğunu, lakin problemin qarşısını almaq üçün heç bir addım atmadığını vurğulayıb:

“Bu gün Qarabağdan geri dönərkən, ən az 6 yük maşını gördük (bəziləri dövlət lisenziyası olmayan). Bu maşınlar Vardenis istiqamətinə gedirdi və yeni kəsilmiş ağaclarla dolu idi.

Qeyri-qanuni ağac kəsmə Qarabağ meşələrində geniş yayılıb. Ermənistanın digər bölgələrində olduğu kimi, Qarabağın  hüquq-mühafizə orqanları da baş verənlərdən xəbərdardılar və susurlar”.

Göründüyü kimi, bir tərəfdən sivil dünyanı aldatmaq, ekoloji problemlərə guya duyarlı olduğunu nümayiş etdirmək üşün bəzi ekoloji layihələrə qoşulan Ermənistan, Qarabağ meşələrinə divan tutmaqda, Azərbaycan xalqına məxsus sərvətləri talamaqdadır. Baş verənlər sübut edir ki, rəsmi Bakı, eləcə də Azərbaycanın diaspor təşkilatları, xaricdəki soydaşlarımız ermənilərin ekoloji müstəvidəki cinayətlərini ifşa etmək üçün daha ciddi addımalr atmalı, beynəlxalq təşkilat və birliyin diqqətini bu problemə cəlb etməlidir.

Seymur ƏLİYEV

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: