19.03.2024

«Ermənistanın əsassız bəyanatını rədd edirik» — XİN

«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçın rayonunda 28 may 2023-cü il tarixində səsləndirdiyi fikirlərə və çağırışlara istinadən Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə verilmiş qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edirik».

Bakupost.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin bıyanatında yer alıb.
«Ermənistan tərəfinin bu bəyanatı, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, şəhər və kəndləri viran qoyan Ermənistanın, bu əraziləri işğaldan azad etdikdən sonra yenidənqurma işləri aparan, ərazilərdən kütləvi şəkildə vəhşicəsinə qovulmuş əhalinin geri qayıtması üçün bütün şəraiti yaradan Azərbaycanın qısa müddətdə gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür.

Görünür ki, Ermənistan bununla eyni zamanda, işğalına 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq son qoyulduğu Laçından öz qüvvələrini çıxararkən bu ərazilərə dinc sakinlərin geri qayıtmasına maneçilik törətmək məqsədilə 2700-dən artıq mina yerləşdirməsi və evlərə mina tələlər qoyması kimi əməllərini də, ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır», — Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

«Azərbaycan Respublikasının Prezidentinin ərazi bütövlüyü və suverenliyə hörmət edilməsinin zəruri olduğuna, Azərbaycanın daxili işlərinə qarışmağın qəbuledilməzliyinə və bölgədə separatçılığın təşviq edilməsinə xidmət edən addımların qarşısının qətiyyətlə alınmasına istiqamətlənən çağırışlarının Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən qəsdən təhrif edilməsi Ermənistan XİN-in tarixdən dərs çıxartmadığını nümayiş etdirir.

BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycana qarşı təcavüz aktı törədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayaraq işğala son qoymayan Ermənistanın Azərbaycanın güc tətbiq etməklə hədə törətdiyini iddia etməsi gülüncdür», — nazirlikdən əlavə edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: