19.03.2024

28 May Respublika Günü — Azərbaycan tarixinin şanlı səhifəsi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədri polkovnik Salman Musayev.

Yüz beş il bundan əvvəl 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin və xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan edib. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət qurluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib».

 28 May Respublika Günü — Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür: «Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX — əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Azərbaycan Xalq Cumhhuriyyəti 23 ay ərzində fəaliyyət göstərib. Ancaq bu müddət ərzində böyük işlər görə bildi.

Azərbaycanın dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordumuz yaradıldı. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirərək yeni bir dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi təmin edilmişdi. Azərbaycan dilinin dövlət dili elan olunması, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərməsi, milli ordunun, təhlükəsizlik strukturlarının yaradılması mühüm tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət daşıyırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyəti barəsində demişdir: “Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, müstəqil xalqdır”. Dövlət başçımızın müvafiq sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyimizin itirilməsinə real təhlükə yaranandə xalqın çağrışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəldi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi önəm verən Heydər Əliyev deyirdi: «Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu Öndər Heydər Əliyev demişdi: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki və gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”.

2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial –rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həmdə dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha də möhkəmləndirir.

Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən COVID-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olunan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Düya Bankının “Doing Business” hesabatında reyinqə görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdə, hökumətin siyasi stabilliyi təmin etməsi üzrə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı göstəriciləri də yüksəkdir.

Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerlərdədir. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində, Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək, Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının böyük tarixi qələbəsidir.Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: