29.03.2024

AVMVİB sədrindən bayram təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan xalqını, o cümlədən şəhid ailələrini və müharibə veteranlarını bu müqəddəs gün — Ramazan bayramı münasibətiylə təbrik edib.

Təbrikdə deyilir: «Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Ən başlıcası isə, bu Ramazan bayramını illərcə arzusunda olduğumuz Zəfər müjdəli, qələbə sevincli bir bayram kimi qarşılamaqdayıq. Bu müqəddəs günə rövnəq verən bu qələbəni xalqımıza bəxş edən Ordumuzu və Ali Baş Komandanımız cənab İlham Əliyevin böyük xidmətlərini qeyd etməliyik. Ali Baş Komandanımız başda olmaqla bütün əsgər və zabitlərimizi, xalqımızı açıq qəlblə təbrik edirəm!


Xalqımız mübarək Ramazan ayını, bu il könül xoşluğu ilə qarşılayır. Veteranlarımız da bayram sevinclərini bölüşür, dövlətimizin rifahı və tərəqqisi üçün dualar edirlər, şəhidlərimizin ölməz ruhuna dualar oxuyurlar. İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bizə şah damarımızdan da yaxın olan Allah Qarabağ torpaqlarının azad edilməsini görməyi bu müqəddəs günlərin xatirinə hər birimizə qismət elədi. Qarabağ nisgiliylə dünyadan köçən döyüşçü qardaşlarımıza və şəhid qardaşlarımıza bir daha rəhmətlər diləyir və veteranlarımızı ürəkdən təbrik edirəm.


Qoy Uca Allah bu gözəl günlər xatirinə bizləri daim müzəffər eləsin, Ordumuzu qalib ordu, Dövlətimizi qüdrətli, millətimizi isə firavanlıq içində yaşayan bir millət eləsin!

Bayramınız mübarək»

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: