25.04.2024

Kiçik Kirs-Şuşa su kəməri bərpa edilir

Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə media nümayəndələrinin Şuşaya səfəri təşkil olunub.

Veteran.az xəbər verir ki, səfər müddətində jurnalistlər Zarıslı çayının məcrasında yeni istismara verilmiş sutoplayıcı bənddə və nasos stansiyasında olub, Şuşa şəhərində yeni su anbarlarının tikintisi prosesini izləyiblər.

Səfər müddətində media nümayəndələrinə Şuşa şəhərinin içməli su təchizatının bərpası və yenidən qurulması işləri barədə geniş məlumat verilib. Bildirilib ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra dövlət başçısının tapşırığı ilə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin vəziyyətini araşdırıb. Məlum olub ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərlərini də sıradan çıxarıb.

Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə şəhərin əsas su mənbəyi olan Kiçik-Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub və dərhal bərpa tədbirlərinə başlanılıb. 

2021-ci ili sonlarında Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi dəyişdirilib.

Şuşa şəhərinin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrinin tələbatı ödəməyəcəyi nəzərə alınaraq alternativ mənbənin yaradılmasına qərar verilib. Layihəyə əsasən, Şuşa rayonunun Daşaltı kəndi yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib. Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb.

Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür. Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: