28.03.2024

31 İL Xocalı Soyqırımı Günü

Polkovnik Salman Musayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq məsələləri üzrə müavini

XXI əsrin qanlı cinayətlərindən biri olan Xocalı soyqırımından 31 il ötür. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl — 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi.

Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi,  milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.

Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib.

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.

Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bunu Xocalı faciəsindən təqribən ay yarım sonra — aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı qabaqcadan hazırlanmış plan əsasında həyata keçirilmiş kütləvi qırğın aktında xüsusi amansızlıqla, içərisində uşaqlar, qadınlar və qocalar olmaqla, 67 nəfər dinc sakinin qətlə yetirilməsi, onlarla şəxsin girov götürülməsi, itkin düşməsi, kəndin tamamilə yandırılması da sübut edir. Bu tədbirlərin davamı kimi 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət — Ballıqaya qətliamı törədilib. Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.

Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncamında Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqının əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda apardığı Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə almasını Ermənistan tərəfinin dövlət siyasəti olduğu, 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdiyi, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyətin aparıldığı, 2008-ci ildən isə bu fəaliyyətin “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət aldığı, hazırda Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığı və faciəyə beynəlxalq siyasi qiymətin verildiyi, hüquqi qiymətin verilməli olduğu və bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını almalı olduğu qeyd edilir. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: