Ağdam sakinlərinin doğma şəhərlərinə qayıdacaqları il açıqlandı

Ağdam şəhərinin Baş planına uyğun olaraq həm minatəmizləmə sahəsində, həm də infrastrukturun qurulması sahəsində işlər davam edir.

Bunu AZƏRTAC-ə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib: «Rayonun 23 faizi minalardan təmizlənib. Avtomobil və dəmir yolu, elektrik enerjisi kimi baza infrastruktur layihələri yekunlaşmaq üzrədir.

Bəzi iqtisadi-sosial infrastruktur layihələrinə də başlanılıb. Artıq 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmaqdadır. Tarixi-mədəni abidələrin — Ağdam Cümə məscidinin, İmarət kompleksinin restavrasiyası davam edir. Prezident İlham Əliyevin son səfəri zamanı bir neçə layihənin təməli qoyuldu.

Gələn ilin ortalarından etibarən iki yaşayış məhəlləsinin, Ağdam şəhərinin ətrafında 3 kəndin, onun ardınca daha 9 kəndin tikintisinə başlanılacaq.

Bunlar hamısı bu yaxınlarda təsdiq olunmuş Dövlət Proqramının tərkib hissəsidir. Məqsədimiz odur ki, Dövlət Proqramında göstərildiyi kimi 2026-cı ilin sonunadək həm Ağdam şəhərinə, həm də onun ətraf kəndlərinə insanlarımızın qayıtmasını təmin edək».

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: