20.04.2024

AVMVİB POLİSLƏRİMİZİ TƏBRİK ETDİ

Füzuli Rzaquliyev

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Başda Şəhid və Qazi Polislərimiz olmaqla öz vəzifəsini layiqincə yerinə yetirən bütün polislərimizin günüdür, bu gün.


104 il əvvəl elə bu gün yaranmış Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.


Tarixi günün bərpası Ümummilli lider Heydər Əliyevin adıyla bağlıdır. 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olundu.
Azərbaycan polisi, bəzən ordu, bəzən də xüsusi təyinatlı missiyasını öz üzərinə götürməyə qabil olub.

O, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu.


Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Döyüşlərdə göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb. Bu gün onlarla müharibə veteranı polisimiz Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sıralarındadır. Fəal ictimai fəaliyyətlə məşğul olurlar. Onların istəyi ilə AVMVİB Polis veteranları şöbəsi təsis etmişik.

44 günlük Vətən müharibəsi günlərində də Azərbaycan Respublikası DİN və Daxili Qoşunlar ordumuzla çiyin-çiyinə mücadilə etdi. Tarix yazdılar. Azərbaycan xalqının arzularını reallaşdırmaq üçün savaşdılar.


Bu gün müharibə veteranı və şəhid ailələrinə örnək münasibətiylə seçilən DİN və nazir general-polkovnik Vilayət Eyvazovu hər kəsə nümunə çəkməyimiz heç də təsadüfi deyil. Azərbaycan polisi döyüşlərdən keçdiyi üçün döyüşçüləri daha yaxşı anladıqlarını əməllə sübut ediblər. Şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının işə qəbulu, onların problemləriylə yaxından məşğul olmaları da bir nümunədir. Ona görə də Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarıyla Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovu Azərbaycan Polisinin 104 illiyi münasibətiylə AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif etmişik və bu günlərdə təqdim etmək üçün müraciət edəcəyik.


Ölkəmizin hər bir guşəsində uğurlu işlər görən polisimizin Polis Gününündə bu cənnət Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizi rəhmətlə yad edir və başda nazir, general polkovnik Vilayət Eyvazov olmaqla bütün polislərimizi təbrik edirəm.


Ölkəmizin bölünməzliyini və ərazi bütövlüyünü təmin etmək, xalqımızın can və mal təhlükəsizliyini təmin etmək, asayişi qorumaq və asayişi təmin etmək, cinayətlərin qarşısını almaq, cinayətkarlar ədalət qarşısına çıxarmaq kimi mühüm vəzifələri uğurla yerinə yetirən polislərimizin Polis Günü mübarək olsun.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: