29.03.2024

AVMVİB ÇİLOV ŞÖBƏSİ ŞƏHİD NEFTÇİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRDİ

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Çilov şöbəsinin sədri Bayram Cəfərovun verdiyi məlumata görə, 26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı şəhid neftçi Şahgündüz Cabbarovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib.

Daha əvvəl qrup mərhələsində qarşı-qarşıya gələn Dalğıc Xidməti ilə Qaz Anbarlarının İstismarı İdarəsi bu dəfə final görüşündə öz güclərini sınayacaqlar. Tədbirdə SOCAR və “Azneft” İB-nin rəhbərliyi iştirak edib.

Şəhid Ş. Cabbarovun döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocavənddən keçib: “Şahgündüz oktyabr ayının 25-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Həmin ərazidə Şahgündüzün 27 silahdaşı şəhid olub.

Şahgündüz Cabbarov 1995-ci il yanvarın 13-də Bərdənin Mollalı kəndində anadan olub. Rayonun Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. O, 2012-ci ildə məktəbi bitirib.

Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Qaz-neft və mədən fakültəsinə qəbul olunub. Bakalavr təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə o zaman ön xətdə yerləşən postlardan birində həqiqi hərbi xidmətdə olub. Xidmət vaxtı yüksək hərbi nizam-intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə hərbi birliyin komandiri general-mayor Mais Bərxudarov tərəfindən Fəxri fərmanla təltif edilib.

Cabbarovlar ailəsi əslən Laçın rayonunun Oğuldərə kəndindəndirlər. 1992-ci ildə doğma yurdlarından didərgin düşəndən sonra Bərdə rayonuna pənah gətiriblər. Ailə 2016-cı ildə Bakıya köçüb, Qala qəsəbəsində SOCAR-ın balansında olan inzibati binada məskunlaşıb.

2018-ci ildə SOCAR-da qazmaçı vəzifəsində işə qəbul olunub.

Laçından ağız dolusu, həsrətlə danışırmış, o yerlərə qayıtmaq, ata-baba yurdunu görmək, o dağlarda gəzmək, saz çalmaq ən böyük arzusu idi.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşə yollanıb, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. Oktyabrın 25-də şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Şahgündüz Cabbarov ölümündən sonra «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Çilov şöbəsinin sədri Bayram Cəfərov, Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: