26.04.2024

AVMVİB sədrindən Silahlı Qüvvələr Günü təbriki

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri, hər iki müharibənin iştirakçısı Füzuli Rzaquliyev Silahlı Qüvvələr Günündən yazdı. Ordumuza, Ali Baş Komandanımıza və xalqımıza təbrik ünvanlayıb:


Vətən sərhəddən başlayır. Sərhəd isə əsgərdən. Deməli Ordu Vətən deməkdir.

104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaranıb.


Bunun ardınca orduya çağırış haqqında fərman verilib.


Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.

Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.


Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər — İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub.

Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.


Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib.


Ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilib. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Biz veteranlar ordumuzun bu tərəqqisindən daim qürur duymuşuq.


Azərbaycan Ordusunun bir özəlliyi ondadır ki, həm 104 il öncə, həm də 1991-ci ildə ordu birliklərimiz od-alovun içində, mənfur düşmənə qarşı mübarizə apararaq yarandı. Bu gün ordumuzun Qafqazın ən güclü ordusu olmasının qürurunu yaşayır və hər bir müharibə veteranı qüdrətli ordumuzun qəhrəman döyüşçülərinin Zəfər müjdələrini yaşadıq. Bu zəfərə təşnə olan xalqımız bu Zəfəri təmin etmək ordumuzun yanında oldular. Mənfur düşmən son əsgərinədək o torpaqlardan qovulacaqdır. Bu bizim inancımızdır.


Bu gün Ordumuzun 104 yaşı tamam olur. Bu böyük və şanlı səhifələrlə dolu bir tarixdir. Bu münasibətlə başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, əsgər və zabitlərimizi, xalqımızı, xüsusən də müharibə veteranları və şəhid ailələrini, Azərbaycan xalqını təbrik edir, onlara Xankəndidə keçiriləcək Qələbə paradının seyrçiləri olacaqları bir gün arzulayıram.


Bu gün Allahın inayətiylə bizlər fəxrlə deyə bilərik: «Ən böyük Ordu, bizim Ordu!»


Azərbaycanın Şanlı Ordusuna eşq olsun!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: