29.03.2024

Fərizənin 60 yaşlı gənc İlhamı…

1990-cı ilin Qanlı Yanvar gecəsi şəhid olmuş, bu gün 60 yaşı tamam olan İlham Allahverdiyevin ruhuna dərin ehtiramla

Şəhidin də nigaran qalanı, xətircəm olanı olur. Ruhun sınıq-salxağı, ruhun bütövü, ruhun parça-parça olanı, ruhun da “diri” olanı olur. Yəqin ruh da yalqız olanda kövrəlir, özünü tək-tənha hiss edir, rahatlıq tapmır.

Bəlkə onda — uzaq, Qanlı Yanvar qırğınında özünün bir parçası zənn etdiyi İlhamın ölüm xəbərini eşidən Fərizə də bunu düşünüb özünə qıymışdı. Özünün bu dünyada, sevdiyinin o biri dünyada tənha qalmasına ürəyi dözmədiyi üçün balası ilə birgə tələm-tələsik istəklisinin ardınca getmişdi. Getmişdi ki, canından çox sevdiyi orda yalnız qalmasın. Onsuz bu dünyada yaşamağın nə mənası vardı ki?! Həyat sevgi ilə həyatdı, həyat sevdiyinlə həyatdı…

Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı…

Ölməyə nə var ki, bircə dəfə ruhun bədəndən ayrılır, vəssalam, canın qurtarır. Bəs AYRILIQ? Ayrılıq gündə, saatda ölməkdi axı. Bunu istəmədi Fərizə. İlhamsız gündə ölməkdən çəkindi. Bu ayrılığın əzabına yaşamaq hər gün yanıb qovrulmaq kimi bir şey olardı yəqin ki. Bu əzaba dözə bilməyəcəyini bilirdi. Ona görə də tərəddüd etmədən SEVDİYİnin arxasınca getdi…

…Getdi. Gedəndə bilmirdi ki, onların pak sevgisi uşaqdan böyüyə hər bir azərbaycanlının dilində dastana dönəcək. Öz SEVGİ DASTANlarını özləri yazdı. Ayrılmamaqla. Xalqın yaratdığı “Əsli-Kərəm”, “Arzu-Qənbər” məhəbbətinə heç bənzəmədi bu dastan. Bu SEVGİ DASTANI daha real, daha yeni, daha fərqli idi. Azərbaycanın suverenliyi uğrunda istiqlal mücadiləsi aparan xalqın iki fərdi yazdı bu ÜLVİ EŞQ DASTANINI. Beləcə mübarizə meydanından gələn qəhrəmanlıq dastanının bir qolu kimi xalqın yaddaşına əbədi köçdü…

Qanlı Yanvar deyəndə nədənsə ilk olaraq İlhamla Fərizə gəlir ağıla. Nədənmi? Onların adı ilə MÜBARİZLİK və SEVGİ bir yerdədi, ayrılmazdı çünki. İlham ölkəsinin suverenliyi uğrunda mübarizədə rus faşistlərinin gülləsinə tuş gəldi, xalqın qəhrəmanlarından birinə çevrildi. Fərizə öz tərtəmiz SEVGİSİ ilə bu qəhrəmanlığı daha da böyütdü, İlhamın başını ucadan uca etdi. Axı şəhidlərin də taleyi müxtəlif olur. Hər kəs SEVGİSİNƏ, sevgilisinə, həyat yoldaşına bu qədər sədaqətli, bu qədər etibarlı ola bilmir. Sevgilisi, həyat yoldaşı bu dünyadan köçən hər qadın da İlham-Fərizə dastanı yaza bilməz. Çünki…Çünki onlar FƏRQLİ idi…

Bu gün İlhamın 60 yaşı tamam olur. Yaşasaydı… Yaşasaydı yəqin ki, bir masa arxasına yığacaqdı ailəsini. Yubileyi qeyd olunacaqdı. Fərizə də 30 il birgə yaşadığı, birgə yaşlandığı ömür-gün yoldaşını övladları ilə birgə təbrik edəcəkdi. Bir ömür boyu onun sevgisi ilə döyünən ürəyindən gələn ən xoş sözlərini deyəcəkdi. Amma yaşamadılar. O ülvi sevgidən yaranacaq körpələr də gəlmədi dünyaya. Yarımçıq qaldı hər şey, yarımçıq bitən ömürləri kimi. 60 yaşı tamamlanan İlham elə 27 yaşında qaldı, qocalmadı. Sevdiyini tənha qoymayan Fərizə də elə 20 yaşındaca İlhamı ilə birgə yaddaşlara köçdü…

Məkanınız cənnət olsun! Cənnətdəsiz yəqin. Xoşbəxtsiniz. Çünki ayrılıq yaşamadınız. Ölüm də sizi ayıra bilmədi. Yalnız dirilər xoşbəxt olmur ki…

Ayrılıq hər gün ölməkdi, əzabdı. Fərizə isə istəklisi kimi bir dəfə ölməyi seçdi. Ölməz sevgisini yaşatmaq üçün…Bu gün öz ölümü ilə o ÜLVİ SEVGİni yaşadan, ölməzliyə qovuşduran Fərizənin İlhamının 60 yaşı tamam olur…

Arzu Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: