29.03.2024

Qaxda şəhid bulağının açılışı olub

Qax rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

«Report»un Şimal-qərb bürosunun məlumatına görə, şəhid Nəzir Rahib oğlu Osmanovun adına inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, döyüşçü yoldaşları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid N.Osmanovun şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, N.Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub. Osmanovlar ailəsinin sonbeşiyi olan Nəzir orta təhsilini doğulduğu Qıpçaq kənd tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Daxili Qoşunların «N» saylı hərbi hissəsində xidmət edib.

N.Osmanov Vətən müharibəsi başlayan gündən Hadrut, Horadiz və Füzuli istiqamətlərində gedən döyüşlərdə əsl qəhrəmanlıqlar göstərib. Noyabr ayının 1-də Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, «Şuşanın azad olunmasına görə”, «Kəlbəcərin azad olunmasına görə» və Azərbaycan Respublikası müdafiə nazirinin 28 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalları ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: