25.04.2024

«Füzulinin, Xocavəndin azad olunmasına görə medalları mənə niyə veriblər?» — Veteranlıq ala bilməyən döyüşçü

“Vətən müharibəsində iştirak etsəm də, hələ də mənə veteran statusu verilmir. Mən Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə Xocavənd və Füzuli rayonlarının azad olunmasına görə medallarla təltif olunmuşam. Mənim tabeçiliyimdə olan MAXE və əsgərlər «Müharibə veteranı» adı və təqaüdü alıblar. Amma hərbi hissə mənim hərbi biletimdə manqa komandiri ixtisasımı sanitar kimi hərbi Müdafiə Nazirliyinə yanlış təqdim edib. Bundan sonra Müdafiə Nazirliyinə etdiyim müraciətimə isə hərbi hissədən qəribə cavab göndəriblər ki, sən müharibədə olmamısan».

Bununla bağlı Redaktor.az-a Sabirabad royunu Sarxanbəyli kənd sakini İbadulla Daxil oğlu Əhmədov müraciət edib.

O, bildirib ki, müharibəyə 2020-ci ilin oktyabr ayının 1-də yola düşüb.

«Oktyabr ayının 2-dən Ağcabədiyə getmişik. Ağcabədidən 704 saylı hərbi hissədən bizi 706 saylı hərbi hissəyə aparıblar. Füzuli və Xocavənd rayonlarının işğaldan azadlığı uğrunda döyüşmüşəm. O zaman 706 saylı hərbi hissənin komandiri Firudin Eyvazov idi. Biz oradan dekabr ayının 26-sı tərxis olunduq. Ancaq indiyədək veteran adı və təqaüdü ala bilmirəm. Bildirdilər ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə müraciət edim. Orada da dedilər ki, ixtisasın səhvən sanitar kimi yazılıb, ona görə sənə veteran təqaüdü düşmür. Dedilər ərizə yaz, düzəldilib veriləcək. Biz Müdafiə Nazirliyinə martın 3-ü ərizə yazmışıq. Məktubum oradan 706 saylı hərbi hissəyə göndərilib. Məktubun cavabı 20 mayda gəlib. Həmin hərbi hissədə komandir dəyişdirilib. Hərbi hissə komandirinin məktubda cavabı odur ki, 706 saylı hərbi hissənin tərkibində döyüşdə olduğunuz təsdiq olunmayıb. Hərbi hissədə belə bir qeydiyyat yoxdursa, hərbi biletimdə hərbi hissənin nömrəsi, manqa komandiri necə yazılıb? Bəs Füzulinin, Xocavəndin azad olunmasına görə medalları mənə niyə veriblər”?

Qeyd edək ki, bir müddət öncə İbadulla Əhmədovun redaksiyamıza müraciəti ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov bildirmişdi ki, bu məsələyə müvafiq komissiyada baxılacaq. 

Lakin göründüyü kimi sonradan Vətən müharibəsi iştirakçısına hərbi hissə komandiri tərəfindən həmin hərbi hissənin tərkibində döyüşmədiyi barədə cavab məktubu gəlib.

Redaktor.az İbadulla Əhmədovun sözügedən hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyini və hansı vəzifə tutduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunmasını sübut edən sənədlərin fotoşəkillərini tədqim edir:

Zərif Ülviqızı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: