Muradxan bəy Dilağarda: Aslandüz məğlubiyyətinin baiskarı — ARAŞDIRMA

Muradxan bəy təxminən 1771-ci ildə Cavanşir-Dizaq mahalının Dilağarda obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Qarabağ xanlığının atlı alayında xidmət etmişdi.

Muradxan bəyin Məmləkəti-məhrusəyi-Qacariyyənin Aslandüz döyüşünün uduzmasında önəmli rolu olmuşdu. Rus generalı Pyotr Kotlyarevskinin (1782-1852) dəstəsinə bələdçilik etmişdi.

Abbas mirzə Arazın sağ sahilindəki Aslandüz kəndinin ətraflarına 30 minlik qoşun toplamış, özü isə Arazı keçərək Soltanlı kəndinin əhalisini qovub burada yerləşmişdi. Onun məqsədi rus komandanlığının diqqətini Aslandüzdən yayındırıb Aslandüz istiqamətində qəflətən zərbə endirmək idi. Bu zaman Abbas mirzənin adamları Arazboyu kəndləri soyur, əhalinin və rus əsgərlərinin atlarını oğurlayıb öz qoşunlarına göndərir, mal-qaranı sürüb aparırdılar. Buna baxmayaraq Ağoğlan təpəsində düşərgə salan polkovnik P. Kotlyarevski Qacarlar dövləti ilə Rusiya arasında başlanan sülh danışıqlarını pozmaq üçün heç bir əməliyyata başlamayaraq Abbas mirzəyə belə bir məktub yazdı: «Siz şahzadəsiniz. Rusların azlığından istifadə edib böyük qüvvə ilə üstümüzə gəlmək istəyirsiniz, üstəlik atlarımızı da oğurlayıb aparırsınız. Siz böyük nəsildənsiniz, belə hərəkətlər sizə yaraşmaz». Abbas mirzə məktubu aldıqdan sonra at oğurluğunu qadağan etdi və təcili olaraq Soltanlı kəndindən çıxıb Aslandüzə yollandı. P. Kotlyarevski düşməni qabaqlayıb özü hücuma keçməyi qərara aldı. Lakin 30 minlik İran ordusuna qarşı onun cəmisi 1525 piyada və 495 süvarisi var idi. Ona görə də P. Kotlyarevski qəfil hücum taktikasını seçdi. Bu işdə Dilağarda obasından Muradxan bəy ona böyük köməklik göstərdi. Bu yerlərə yaxşı bələd olan Muradxan bəyin məsləhəti ilə rus qoşun dəstəsi Cərəkən-Horovlu-Daşkəsən- Quycaq-Maralyan kəndləri istiqamətində hərəkətə başladı və 1812-ci il oktyabrın 18-də dan yeri ağarmamış Arazı keçib Aslandüzə yaxınlaşdı. Bu vaxt Abbas mirzənin qoşunu hərbi təlimlə məşğul idi. Rusların Arazın sağ sahilində qəflətən görünməsi hərbi məşqlər keçən İran əsgərlərini vahiməyə saldı. Bu çaxnaşmadan istifadə edən rus dəstələri İranlıların üzərinə atıldılar. Üç saat davam edən sünkü döyüşündə Qacar ordusu pərakəndə vəziyyətə salındı. Abbas mirzənin özü bir təsadüf nəticəsində əsir düşmək təhlükəsindən qurtarıb qaçdı. Qacar ordusunda istifadə edilən iki ingilis topu ələ keçirildi. 1200-dən çox İran sərbazı öldürüldü, 587 nəfər əsir alındı. Qacar qoşunlarının üç bayrağı rusların əlinə keçdi ki, onlardan biri də Abbas mirzənin öz şəxsi bayrağı idi. Ruslardan isə ölən 26, yaralanan 99 nəfər oldu. Maraqlıdır ki, bir İran tarixçisi bu hadisəni «taleyin hökmü belə imiş» deyərək Abbas mirzəyə təskinlik vermişdi. Tədqiqatçı D. Vateyşvili yazır ki, Aslandüz döyüşündə ruslara kömək edən Dilağarda Muradxan bəyə uzun müddət İran məscidlərində lənət oxuyurdular.

Mirzə Yusif Qarabaği «Tarixi-Safi» adlı əsərində yazır: » 1227 (1812)-ci ilin fevralında general-leytenant Rtişşev Qafqaz və Gürcüstan sərdarlığına təyin olub Tiflisə gəldi. Bu yerlərdə işləri qanun-qaydaya salmağa başladı. Həmin ilin oktyabrında Ağzıpara adı ilə məşhur olan general-mayor Kotlyarevski gecə Ağoğlandan Aslandüzə Abbas mirzənin üzərinə hücuma keçib, onun qoşununu dağıtdı.

Bu işin təfsili belədir: həmin general şam vaxtı bir batalyon qaniçən qoşunla Qazax atlılarından və bir dəstə Qarabağın igidlərindən ekspedisiya düzəldib Ağoğlandan, Muradxan adlı bir adamın bələdçiliyi və çıraq işığı ilə Arazdan keçib, Abbas mirzənin ordusunun üzərinə hücum etdi. Gün çıxan vaxt ona yetişdi, top səslərini eşidən qızılbaşlar yuxudan sərsəm oyandılar. Çadır və orduya lazım olan şeyləri atıb, Aslandüz təpəsində tikdikləri qalaya tərəf getdilər. General ordugahı tutub burada qaldı. (Qarabağnamələr. II kitab. Bakı, «Şərq-Qərb», 2006, 288 səh. s.67-68) N. F. Dubrovin rus qoşunlarının bələdçisinin Qarabağlı Muradxan olduğunu göstərir. (Дубровин Н. Ф. История войны и владычества русских на Кавказе: в 6 томах. — СПб., 1888. — Т. 6 : Ртищев и Ермолов. — 756 с. c.82).

Bəzi sənədlərə görə Abbas mirzə Sisiyanovun qatili İbrahim bəyə Muradxan bəyin öldürülməsini tapşırmışdı. 11 avqust 1819-cu ildə general Velyaminov general Yermolova məruzə edirdi: «Abbas mirzə bizim knyaz Sisiyanovu öldürtdüyü kimi İbrahim bəydən Muradxan bəyi öldürməyə qatil göndərib. Bununla belə sizə Təbrizdə xatircəmlik göstərirdi. O, bütünlüklə razılaşdı ki, Muradxan bəyi öldürmək istəyirmiş. Sonradan düşündü ki, Muradxan bəyi öldürmək istəyən qatil onlara xidmət etmək istəyirmiş. Əslində Muradxan bəy Qacarlar dövləti üçün heç kimsədir, kimsə onun öldürülməsini istəmir. O, heç kimin diqqətinə layiq deyil» (AKAK, 6-2 cild, sənəd 398, s. 216) Muradxan bəy Qafqaz canişinindən poruçik hərbi rütbəsi almışdı.

Poruçik Muradxan bəy 7 noyabr 1822-ci ildə Qırçı qışlağında Rüstəm bəyin ilxısına məsul idi. Sənəddə yazılır: » Xanın əmlakı vacib ola bilməz və nə qalıbsa, hеç bir əhəmiyyəti yoxdur. Bütün qüvvə Qırçıda kapitan Rüstəm bəyin və onun oğlu Əsədin daşınar əmlakını siyahıya almaq üçün iki zabitin və poruçik Muradxan bəyin yanında bir nеçə gün olan podpolkovnik fon-Distеrlona gizli qasidlə göndərilən sərəncama görə artıq qorunub, saxlanılan yalnız təkcə ilxıdan ibarətdir. Dərhal ilxıya 50 kazakdan ibarət kеşikçi dəstəsi təyin еtmək əmr olunmuşdur». (AKAK, 6-1 cild, sənəd 1292, s. 848-849) Muradxan bəyin Məhəmmədhəsən bəy, Ağahəsən bəy adlı oğlanları vardı.

Ənvər Çingizoğlu,
jurnalist-etnoqraf

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share

Bunları da oxumağı tövsiyə edirik: