18.04.2024

Vahid Qazi terrorçu Köçəryanın kitabından bir hissə paylaşıb

Cinayətkar Köçəryanın kitabından Vahid Qazinin həmin statusunu təqdim edirik: «Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın “Həyat və azadlıq” kitabından Ağdamın işğalına aid hissəni bölüşürəm. Kitabdan bu hissəni facebook dostumuz Gülya Xakinin tərcüməsində bölüşürəm: Koçaryan yazır ki, Ağdamı Kəlbəcərə görə tutduq, başqa yolumuz yox idi, çünki beynəlxalq birlik Kəlbəcərə görə bizə təzyiq edirdi. (qeyd: BMT-nin 822 saylı qətnaməsi Kəlbəcərin işğalından sonra verilib, 30 aprel 1993-cü il) Kəlbəcər isə Laçından sonra Ermənistanla əlaqə saxlamaq üçün bizə hava-su kimi lazım idi. Neçə dəfə Rusiyadan, Ermənistandan zənglər gəldi ki, Kəlbəcəri qaytarın. Ter-Petrosyan və Yeltsin bizdən Kəlbəcərin qayrarılmasını tələb edirdilər. Bununla bağlı Gorusda görüşümüz oldu. Orada konkret razılığa gələ bilmədik. Sonra Ter-Petrosyan Stepanakertə gəldi, bizim Parlamentin iclasında iştirak etdi və Kəlbəcəri təcili qaytarmağımızı tələb etdi. Biz ona dedik, bir şərtlə qaytara bilərik ki, oradakı silah-sursatı götürək və Kəlbəcərlə Mardakert arasında ciddi mühafizə xətti yaradaq. Bunun üçün bizə vaxt lazım idi. Ter-Petrosyan razı oldu. Bizi dalana dirəmişdilər.

Həmin dövrdə Mardakertə tam nəzarəti ələ keçirtdikdən sonra qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, çünki oranı tutsaq, Kəlbəcər arxa plana keçəcək. Bizə isə nə olursa olsun, Kəlbəcəri saxlamaq lazım idi.

Müəllif yazır ki, Ağdama hücum edəcəyimiz haqda Ermənistan hökumətinin xəbəri yox idi. Əməliyyat iyulun ortaları başladı. Ağdamın mərkəzinə girib orada yerləşən Azərbaycanın hərbi qərargahı ilə kəllə-kəlləyə gəlmək fikrimiz yox idi. Ona görə şəhəri boşaltmaq üçün manevr etdik. Əvvəl şəhəri cənubdan və şimaldan əhatə edib xəbər göndərdik ki, bu günlərdə hücuma hazırlaşırıq. Əhali panikaya düşüb şəhəri tərk etməyə başlamışdı. Şəhərin ətrafında xırda atışmalarımız olurdu və 23 iyul tarixində biz Ağdama daxil olduq. (Koçaryan bir yerdə yazır ki, Ağdamda o qədər silah-sursat var idi, günün günorta çağı, bir də gördün atışma səsləri başladı. Azərbaycanlılar boş-boşuna havaya atırdılar. Onlara necə paxıllığım tuturdu. Ağdamda “Qiasint” topları var idi ki, ondan bizdə yox idi. Həmin toplarla hər gün Stepanakerti atəşə tuturdular. Azərbaycan tərəfdə şarikli bombalar var idi, hansı ki, beynəlxalq konvensiyaya görə onu dinc əhali arasında tətbiq etmək yasaq idi. Ağacların başında qalıb partlamayan həmin bombalardan suvenir düzəldirdik)”.

Telefonumuz susmurdu. Ermənistandan nə qədər adam zəng vurub bizdən nə baş verdiyini soruşurdu. Ermənistan Parlamentinin sədri Babken Ararktsyan mənə zəng vurub əsəbi halda: “Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi hardasınız?” “Yox, elə bir şey baş verməyib, sadəcə burada bir-iki təpəni tutub, oturub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”, dedim. “Sizin orada nə itiniz azıb? Beynəlxalq birlik gözləyir, biz nə vaxt Kəlbəcəri qaytaracağıq, siz isə Ağdama girmisiniz?” Dedim, “yox əşi, biz heç hara girməmişik, sadəcə qarşı tərəfdən artelleriya atəşi oldu, biz də onu susdurmaq üçün bir az irəliləmişik, vəssalam”. Babkenə yalan söyləyirdim, halbuki, bu sözləri ona Ağdamın mərkəzindən deyirdim. Onunla dost idik. Aldatdığıma görə pis olmuşdum. Sonra o, Qukasyana zəng elədi. Qukasyan da yanımda idi. O, Qukasyana: “Qulaq as, səni normal adam bilib zəng edirəm. Mənə deyə bilərsənmi, orada nə baş verir? İndi hardasınız?” Qukasyan da mən dediyimi dedi. Dedi ki, Ağdam ətrafındakı təpələrin birində oturub şəhəri müşahidə edir.

Düz 2 gün Ermənistan hökumətinə yalan məlumatlar verdik. Şəhəri tam ələ keçirdəndən sonra onlara həqiqəti dedik. Ermənistanda bircə Vazgen Sarqsyanın bundan xəbəri var idi. (qeyd: həmin dövrdə Vazgen Sarqsyan Ermənistan Prezidentinin müşaviri olub).

Ağdamı itirəndən sonra Səfər Əbiyev Kazimirov vasitəsilə Samvel Babayana zəng edib bizdən müvəqqəti olaraq əməliyyatları dayandırmağımızı xahiş etdi. Ayın 25-dən 28-nə kimi atəşkəs elan etdik. Hər dəfə Azərbaycan tərəfi özü atəşi dayandırmağımızı xahiş edirdi və hər dəfə də özü birinci atəşkəsi pozurdu.

1993-cü ilin 29 iyulunda BMT-nin 853-cü Qətnaməsi qəbul olundu və beynəlxalq diqqət Ağdama yönəldi, Kəlbəcər arxa plana keçdi. Ağdamdam sonra Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Horadizi ələ keçirtdik. Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik. Əhali panikaya düşüb özləri kəndləri, şəhərləri tərk edirdilər. (Koçaryan yazır ki, Stepanakert camaatı 2 il zirzəmidə yaşadı. Çimdikləri su ilə sonra paltarlarını yuyurdular).»

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: