Rüstəm bəy Xazalanski: Şuşalı saray müşaviri — ARAŞDIRMA

Rüstəm bəy Şuşa şəhərində məşhur olan Xazalanski soyundandır. Mənşəcə Cavanşir elinin Poladlı oymağındandır. Babaları Cavanşir mahalında naib vəzifəsi daşımışdı.
Xazalanskilərin ulu babası Məhəmmədrza bəy Cavanşirdir. Məhəmmədrza bəy İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. O, Poladlı adlanan obanı idarə edirdi. Bu oba Cavanşir mahalının Xazalan mülkündə qərar tuturdu.
Məhəmmədrza bəyin törəmələri Xazalanski soyadını daşıyırdılar.

Məhəmmədrza bəyin Qasım bəy adlı oğlu vardı.

Qasım bəy Məhəmmədrza bəy oğlu 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi.

Qasım bəyin Qurban bəy, Səfi bəy, Süleyman bəy, Hüseyn bəy, Əli bəy adlı oğlanları vardı.

Qurban bəy Qasım bəy oğlu 1809-cu ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi.

Qurban bəyin Mehdi bəy, Şükür bəy, İskəndər bəy adlı oğlanları vardı.

Mehdi bəy Qurban bəy oğlu 1835-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Rus üsul-idarəsində məmur kimi çalışmışdı.

Mirzə Mehdi bəyin Rüstəm bəy, Kərim bəy, Səlim bəy adlı oğlanları, Gövhər xanım, Cahan xanım adlı qızları vardı.

Rüstəm bəy Mirzə Mehdi bəy oğlu Xazalanski 15 may 1863-cü ildə (bəzi mənbələrə görə 1858-ci ildə) Şuşa şəhərində dünyaya göz açmışdı. Şuşa Real məktəbini bitirmişdi. 18 dekabr 1886-cı ildə Tiflis şəhərində II dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. 4 oktyabr 1889-cu ildə işdən çıxmışdı. 2 dekabr 1889-cu ildə Şuşa Qəza idarəsinə tərcüməçi təyin olunmuşdu. 1 aprel 1893-cü ildə Şuşa şəhərinin 1-ci hissəsinə polis pristavı vəzifəsinə dəyişilmişdi. 26 iyun 1893-cü ildə işdən çıxmışdı.

Rüstəm bəy Xazalanski 11 iyun 1895-ci ildə Şuşa Qəza idarəsində işləyirdi. 30 noyabr 1898-ci ildə qəza idarəsində tərcüməçi vəzifəsində çalışırdı. 6 mart 1902-ci ildə Yelizavetpol (Gəncə) dairə məhkəməsinə dəyişilmişdi. 8 yanvar 1903-cü ildə Şuşa qəzasının Ağdam nahiyəsinə polis pristavı vəzifəsinə göndərilmişdi. 2 noyabr 1909-cu ildə ədliyyə pristavı vəzifəsinə təyin olunmuşdu. 13 sentyabr 1914-cü ildə xəstəliyi ilə bağlı işdən azad olunmuşdu.

Rüstəm bəy Xazalanski 6 iyul 1897-ci ildə imperator III Aleksandrın çarlığının şərəfinə təsis edilmiş gümüş medalla ödülləndirilmişdi. 1897-ci ildə əhali sayımını uğurla yerinə yetirdiyinə görə gümüş medal almışdı. O, 1 yanvar 1910-cu ildə III dərəcəli «Müqəddəs Stanislav» оrdеninə layiq görülmüşdü.

Rüstəm bəy Xazalanski 12 fevral 1892-ci ildə kollej qeydiyyatçısı, 22 iyun 1893-cü ildə quberniya katibi, 26 yanvar 1898-ci ildə kollej katibi, 30 aprel 1901-ci ildə titulyar müşavir, 12 noyabr 1904-cü ildə kollej assesoru, 3 dekabr 1907-ci ildə saray müşaviri mülkü çinlərini almışdı.

Rüstəm bəy Xazalanski əvvəlcə Sayat xanım Məşədi Adil bəy qızı Vəliağayeva ilə, sonra Ayna xanım Xazalanskaya ilə ailə qurmuşdu. Birinci nigahdan Hürnisə xanım, Asiya xanım adlı qızları, ikinci nigahdan isə Şamil bəy, Xosrov bəy adlı oğlanları vardı.

Ənvər Çingizoğlu,
jurnalist-etnoqraf

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share

Bunları da oxumağı tövsiyə edirik: