28.03.2024

Azərbaycan Baranlı sülaləsinin hakimiyyəti illərində

(YƏHYA BİN ƏBDÜLLƏTİF QƏZVİNİNİN “LÜBBÜT-TƏVARİX” ƏSƏRİ ÜZRƏ)

Prof. Dr. Zabil Bayramlı
Bakı Dövlət Universitetı

Azərbaycanın XV əsr tarixinin tədqiqi sahəsində Azərbaycanın və eləcə də xarici ölkələrin tarixşünaslığında xeyli işlər görülmüş, dəyərli monoqrafiyalar, elmi məqalələr yazılmışdır. Bu tədqiqat əsərləri içərisində dövrün tədqiqatçılarından Y.M.Mahmudov, C.İbrahimov, Ş.Fərzəliyev, F.Sümər və L.P.Petruşevskinin araşdırmalarını göstərmək olur. Adları çəkilən tarixçilərin irihəcmli əsərlərindən fərqli olaraq məqalədə XVI əsrin Azərbaycan tarixçisi Yəhya bin Əbdüllətif Qəzvinin “Lübbüt-təvarix” adlı əsərindəki Baranlı (“Baranlı” sözünün mənası haqqında bax: F. Sümer. Karakoyunlular. Cilt 1, Ankara, 1967, s. 16-18) sülaləsinin Azərbaycanda idarəçilik illərinə aid materialların araşdırılmasına cəhd göstərilmişdir.
“Lübbüt-təvarix”in beşinci fəsli “Türk padşahları haqqında” adlanır və iki yarımfəsildən ibarətdir. Birinci yarımfəsildə sultanlarının nisbəsi Baranlı olan Qaraqoyunlu, ikinci də isə Ağqoyunlu (Bayandurlu) sülaləsinin Azərbaycanda hakimiyyətdə olduqları illərin siyasi tarixi məsələlərindən bəhs edilir.

Yəhya bin Əbdüllətif Qəzvini yazır ki, Baranlı sülaləsinin XV əsrin əvvəllərində Azərbaycanda hakimiyyətə keçən ilk nümayəndəsi Sultan Əhməd Cəlayirin (Cəlairilər dövləti Şeyx Həsən Cəlayir tərəfindən 1340-cı ildə Bağdadda yaradılmışdı. Ondan sonra Bağdadda hakimiyyətə keçən Şeyx Üveys Cəlayir (1358-1374) 1359-cu ildə Azərbaycanı da tutub Cəlayir dövlətinin tərkibinə daxil edir. 1360-cı ildən Təbriz Cəlayir dövlətinin paytaxtı olur. Cəlayir dövlətinin ərazisi Dərbənd də daxil olmaqla bütün Azərbaycan, İraq-i Əcəm, İraq-i ərəb və Gürcüstanı əhatə edirdi. Şeyx Uveysdən sonra hakimiyyət oğlu sultan Hüseyn, ondan sonra isə Sultan Əhməd Cəlayir keçmişdi.) əmirlərindən Qara Yusif bin Qara Məhəmməd bin Bayram Xoca Türkmandır. O, Azərbaycanda hakimiyyətə keçənə qədər Qaraqoyunlu ulusunun sərdarı olmuşdu. Babası Bayram Xoca Sultan Üveysin vəfatından (1374) sonra Mosul, Səncar və Ərciş hakimi olub h.782-ci ildə (m.1380) vəfat etmişdi. Bayram Xocadan sonra Qaraqoyunlu ulusunun başçısı olan Qara Məhəmməd (1380-1389) və oğlu Qara Yusif Azərbaycanda hakimiyyət uğrunda Sultan Əhməd Cəlayirlə savaşdıqları vaxtda Əmir Teymur Orta Şərq ölkələrini fəth etməyə başlayır və bu zaman Qaraqoyunlu Qara Yusiflə Əmir Teymur arasında da ciddi düşmənçilik yaranır. Əmir Teymur Ankara döyüşündə (1402) Osmanlı Sultanı Bayəzid üzərində qələbədən sonra İraqi Ərəbi də fəth edib Azərbaycana qayıdır. Bu zaman Sultan Əhməd Cəlayirlə Qara Yusif arasında ziddiyyət olmasına baxmayaraq onlar Əmir Teymura qarşı birgə mübarizə aparmaq üçün birləşirlər. Mənbədə göstərilir ki, Əmir Teymur Ərəb İraqını nəvəsi Əbubəkrə verib. Onu Qara Yusif və Əhməd Cəlayiri dəf etmək üçün Bağdada göndərdi və hökm verdi ki, digər nəvəsi Rüstəm bin Ömərşeyx də Həmədan hüdudunda Mirzə Əbubəkrə kömək etsin. Onlar İraqi Ərəbə gəlib Hillə altında Qara Yusifə çatdılar və onunla cəng etdilər. Döyüşdə Qara Yusifin qardaşı Yarəlini öldürdülər, Qara Yusif məğlub olub Sultan Əhməd Cəlayirlə birlikdə Misirə qaçdı. Yəhya Qəzvinin yazdığına görə Misir padşahı onları Əmir Teymurun hökmü əsasında həbsxanaya saldırır.
Həsən bəy Rumlunun yazdığına görə Əmir Teymur Kürəkanı Misir sultanı Fərəcə göndərdiyi məktubda Qara Yusifin qətlə yetirilməsi, Sultan Əhmədin isə tutulub onun dərgahına göndərilməsini tələb etmiş, ancaq Misir sultanı onların hər ikisini Dəməşqdə həbsxanaya saldıraraq, Əmir Teymurun tələbinə əməl etməmişdir. Onlar həbsxanada olduqları müddətdə Qara Yusifin sadiq mülazimlərindən Pir Ömər Dəməşq bazarlarında su satıb, dolanışıqlarını təmin etmişdir.
Həsən bəy Rumlu yazır ki, Qara Yusiflə Əhməd Cəlayir həbsxanada olarkən öz aralarında şərt kəsdilər ki, əgər bu bəladan nicat tapmsalar, Azərbaycan Qara Yusifin, İraqi-Ərəb isə Sultan Əhmədin olsun. Qara Yusifin həbsxanada anadan olan və adı Pirbudaq qoyulan oğlunu Sultan Əhməd Cəlayir də oğulluğa qəbul edərək aralarındakı andlaşmanı rəsmiləşdirirlər. Beləliklə, Qara Yusif Türkmanın Sultan Əhməd Cəlayirlə siyasi bağlaşma qurması onun nəslinə Azərbaycanda tam hüquqlu dövlət başçısı olmaları hüququnu qazandırdı.

Həsən bəy Rumlu Dəməşq məlikülümərası Şeyx Xasəginin (Şeyx Xasəgi 1401-ci ildə Sultan Fərəc tərəfindən Şam (Dəməşq) məlikülümərası təyin edilmiş, 1412-ci ildə Məmlük sultanı olmuş və 1421-ci ildə vəfat etmişdi) Sultan Fərəcə qarşı hakimiyyət iddiaçısı kimi çıxıb müxaliflik etməyə başladığına görə, sultan Fərəcin Qara Yusif və Sultan Əhmədi həbsdən azad etdiyini, onlara çox böyük ehtiram göstərdiyini yazır. Tarixçinin fikrincə, sultan Fərəc Qara Yusifi həbsdən azad edib, bu zaman Dəməşq ətrafında bəylərinin həbsdən azad olmasını gözləyən 1000 nəfər türkman gəncindən Şeyx Xasəgiyə qarşı istifadə etmək istəmişdir. Ancaq Həsən bəy Rumludan fərqli olaraq, Yəhya Qəzvini zamanın tarixi gerçəkliyindən məsələyə yanaşıb bildirir ki, Əmir Teymurun ölüm (1405) xəbəri Misirə çatdıqda, dərhal Qara Yusifi zindandan çıxardılar. Dəməşq ətrafında bəylərinin azad olmasını gözləyən min nəfər türkman atlısı onun ətrafında cəm oldular. Onlar Misirdən Fərat çayına qədər sərhəd mühafizəçiləri və qala əmirləri ilə cəng edib bütün mərəkədə qalib gəldilər. Bu yolla o və nökərləri hara çatdılarsa, oranı ələ keçirdilər. Elə ki, Diyarbəkrə çatdılar ögey qardaşları, qohumları da onunla birləşdilər və Avnik qalasını tutdular. Hicri-qəməri tarixi ilə cəmadioləvvəl ayının ilk günü 809-cu ildə (m.1406) Naxçıvan ətrafında Mirzə Əbubəkr bin Miranşahla da döyüşüb onu da məğlub etdilər.

Qara Yusiflə Mirzə Əbubəkr arasında baş vermiş savaşlar “Lübbüt-təvarix”lə müqayisədə “Əhsənüt-təvarix”də daha geniş təsvir edilmişdir. “Əhsənüt-təvarix”də göstərilir ki, Qara Yusif və Əhməd Cəlayir həbsdən azad olunduqdan sonra Əhməd Cəlayir Bağdadda yenidən hakimiyyətə keçdikdə, Mirzə Əbubəkr ona qarşı müharibəyə hazırlaşsa da, Qara Yusifin uğurları və Azərbaycanda hakimiyyətə keçmək istəyindən daha çox ehtiyat etdiyinə görə Naxçıvana hərəkət edib ilk zərbəni onun türkman ordusuna vurmağı qərara alır. Döyüş zamanı hər iki türk ordusundan çoxlu adam tələf olduğuna görə, Qara Yusif Mirzə Əbubəkri təkbətək döyüşə çağırmış, ancaq o yerindən belə tərpənməmişdir. Naxçıvan savaşında Mirzə Əbubəkrin ordusu məğlub olmuş, türkmanlar tərəfindən təqib edilməsə də, sürətlə geri çəkildikırinə görə Araz çayından çoxlu əsgərləri qərq olmuşdur. Kiçik dəstə ilə Təbrizə gələn Mirzə Əbubəkr şəhər əhalisindən böyük məbləğ tələb edir. Bu zaman şəhər ətrafında Şeyx Qəssabın qalatdırdığı çoxlu tonqalı gördükdə, Qara Yusifin ordusunun gəlib çatdığını hesab edərək Təbrizi tərk edirlər. Mirzə Əbübəkr üzərində Qara Yusif Türkmanın qələbəsindən sonra zamanın görkəmli şəxsiyyətlərindən olan Xoca Seyid Məhəmməd Keçəçi onun dərgahına gəlib, onu Təbrizə gedib hakimiyyəti ələ almağa təhrik edir. Ancaq Qara Yusif Türkman ona cavabında bildirir ki, hakimiyyətlə işi yoxdur. And içmişdir ki, Sahibiqran Əmir Teymur Kürəkan övladları ilə ədavət etməyəcəkdir. Naxçıvanda baş vermiş savaşa isə Mirzə Əbubəkrin bais olduğunu bildirdi. O, bu bəyanatı ilə hələlik Əmir Teymurun övladları ilə münasibətlərini yaxşılaşdırıb, Azərbaycanın şimal-qərbində və Şərqi Anadoluda rəqiblərini aradan götürüb bu bölgələrdə tam sabitlik yaratdıqdan sonra hakimiyyət məsələsini həll etmək məqsədini güdürdü. Ancaq bu zaman Şirvan şahı Şeyx İbrahim (1382-1417) Təbrizə daxil olmuş və Əhməd Cəlayir isə Bağdadda hakimiyyəti ələ almış, bu bölgələrdə türkman və kürdlərdən ordu toplayıb Qara Yusiflə aralarındakı Bağdad andlaşmasına xəyanıət edərək Azərbaycana doğru hərəkət edir. Ondan ehtiyat edən Şeyx İbrahim Təbrizi dərhal tərk edir. Təbrizi Sultan Əhməd Cəlayir ələ keçirdi. Ancaq Təbrizdə onun əməllərindən narazılıq baş verdi. Şəhərin bir neçə başbilən şəxsiyyəti Mirzə Əbubəkri Təbrizə dəvət etdilər. O, Təbrizə yaxınlaşdıqda Əhməd Cəlayirin kifayət qədər hərbi qüvvəsi olmadığı və yerli əhalinin etimadını qazana bilmədiyinə görə Bağdada qaçdı. “Lübbüt-təvarix”də Mirzə Əbubəkrlə Qara Yusif arasında 1408-ci ildə Sərdrudda baş vermiş sonuncu döyüş bir cümlə ilə ifadə edilərək göstərilir ki, 24 zilqəde 810-cu ildə (1408) Mirzə Əbubəkr yenə də Təbriz sərhədlərində Qara Yusiflə cəng etdi və məğlub oldu. “Əhsənüt-təvarix”də tərəflər arasında Sərdrudda baş vermiş savaş geniş şəkildə təsvir edilmişdir. Qaynaqda qeyd edilir ki, 1408-ci ildə Təbrizdə Şənbi-Qazanda ordusu ilə yerləşən Qara Yusif İraq əmirlərini (türkman əmirləri – Z.B.) çağırıb deyir: “Mən türkman qəbiləsindənəm. …İndi Mirzə Əbubəkr döyüş və vuruş meydanına gəlməkdədir. …Əgər onun tərəfinə getsəniz, qətiyyən mənim könlümə ağır gəlməz”. Mənbədə göstərilir ki, bütün əmirlər Qara Yusifə sədaqətini ifadə etmiş və dövlətin düşməninə qarşı qətiyyətlə vuruşacaqlarını elan etmişlər. Qara Yusifin 20000 süvari və piyadadan ibarət ordusu şahzadəni (Mirzə Əbubəkri) qarşılamağa çıxmış və tərəflər arasında savaş 24 zilqəde (zülqədə) 810-cu ildə (21.04.1408) Sərdrudda baş vermişdir. Savaşda Mirzə Əbubəkrin ordusu məğlub oldu. Mirzə Miranşahı Əmir Musa Dügərlinin qulamı qətlə yetirdi və onun bir çox görkəmli sərkərdələri də öldürüldü. Qara Yusif döyüşçülərinin ələ keçirdiyi qənimətə tamah salmadı və Əbubəkrin geri çəkilən ordusunun da təqib edilməsinə icazə vermədi. Mirzə Miranşahın cəsədini Təbriz yaxınlığındakı Sürxabda dəfn etdirib, onu qətlə yetirən qulamı da öldürtmüşdü. Mənbənin verdiyi məlumatların təhlilindən aydın olur ki, bu qələbədən sonra, 1408-ci ildə Qara Yusif oğlu Pirbudağı hökmdar elan edib, onun adına xütbə oxutdurub, sikkə kəsdirmiş və buyurmuşdu ki, “Pirbudaq xan yarlığında Əbu-Nəsr Yusif Bahadur sözümüz” (Əhsənüt-təvarix) yazılsın.
“Lübbüt-təvarix”də Qara Yusifin 1410-cu ildə Qara Osman Bayanduru Diyarbəkrdə baş verən savaşda məğlub etməsi, həmin ildə Sultan Əhməd Cəlairi də Təbriz döyüşündə ələ keçirərək edam etdirməsi, Ərəb İraqını da tutub ora oğlu Şah Məhəmmədi hakim göndərməsi məsələlərinə az da olsa toxunulmuşdur.

Həsən bəy Rumlu Yəhya bin Əbdüllətif Qəzvinidən fərqli olaraq 1410-cu ildə Qara Yusiflə Əhməd Cəlayir arasındakı Təbriz savaşı haqqında ətraflı məlumat vermişdiş O, yazır ki, Sultan Əhməd Cəlayir oyrat türkmanları, Kürdistan və Luristan aşirətlərindən ibarət olan ordusu ilə Qara Yusif Türkmanın Şərqi Anadoluda, Qara Osman Türkmanla savaşda olmasından istifadə edib Təbrizə daxil oldu. Qara Yusif tərəfindən həmin ildə məğlub edilib əsir götürülən Sultan Əhməd Cəlayir onun təkidi ilə Azərbaycanın Pirbudağa, Ərəb İraqının isə Qiyasəddin Şah Məhəmməd Bahadura verilməsinə aid fərman yazıb möhürlədi. Pirbudaqla yanaşı, onun mənsub olduğu Baharlı sülaləsinin ondan sonra hakimiyyətə keçən nümayəndələri tam müstəqil hökmdar statusuna sahiblik hüququ qazanmış oldular.
“Əhsənüt-təvarix”də Qara Yusiflə Şirvan padşahı Sultan İbrahim arasında elçilik mübadiləsi və baş vermiş savaş da ətraflı təsvir edilmişdir. Mənbədə göstərilir ki, hələ 1410-cu ildə Sultan Əhməd Cəlair Təbrizə hücum edərkən Sultan İbrahimdən də kömək istəmişdir. Lakin Sultan İbrahimin oğlu Kəyumərsin başçılığı altında göndərdiyi qoşun həmin ildə Təbriz yaxınlığında türkmanlar tərəfindən mühasirəyə alınıb əsir götürülmüşdür. Sultan İbrahim Qara Yusifə elçi ilə çoxlu töhfə göndərib oğlunu azad etmiş, ancaq onun Qara Yusiflə gizli ittifaqından ehtiyat edib edam etdirmişdir. Qara Yusifin Azərbaycanı vahid mərkəzdə birləşdirmək məqsədi ilə Şirvana hücum etməsinin qaşısını almaq üçün Şəki hakimi Əmir Seyid Əhməd və Gürcüstan valisi Küstəndillə (1407-1412) müqavilə bağlayıb, h. 816-cı ildə (1413) Təbrizə doğru hərəkət edirlər. Mənbədə tərəflər arasında savaşın h. 816-cı ildə (1413-cü il) Kür çayı sahilində baş verdiyi yazılmışdır. Ancaq “Lübbüt-təvarix”də qeyd edilir ki, Qara Yusiflə Şirvan valisi Əmir Şeyx İbrahim Şirvani, Gürcüstan məliyi Küstəndillə döyüş h.815-ci ildə olmuşdu. Qara Yusifin ordusu döyüşdə qələbə çalmış, Şeyx İbrahimi gürcü əsilzadələri ilə birlikdə əsir götürmüş (1412), onun qardaşını, əmirlərini ələ keçirmiş, Küstəndili və onun bütün qohumlarını dərhal oldürtmüşdü. Şeyx İbrahimi isə Təbrizə gətirdib qan bahası bağladıqdan sonra azad edib Şirvana yola salmışdı. “Əhsənüt-təvarix”ə görə Şirvanşah dövlət xəzinəsinə 200 İraq tüməni ödəməyi öhdəsinə götürmüş, bunu Əxi Qəssab və bir neçə nəfər Təbriz varlısı Sultan İbrahimin Şamaxıya qayıtdıqdan sonra qaytaracağı şərti ilə ödəmişdilər. Şeyx İbrahim bundan sonra beş il də Şirvanda şahlıq etmiş h.820-ci ildə Allahın rəhmətinə qovuşmuşdu. Ondan sonra oğlu Əmir Xəlil onun yerinə padşah oldu. O da 48 il hakimiyyətdə olmuş, h. 868-ci ildə vəfat etmişdi.

Həsən bəy Rumlu Qara Yusifin h.816-cı ildə (1414-cü il) Diyarbəkr yaxınlığında min baş qoyun və yüz madyan kəsdirib oğlu Pirbudağa şahanə toy etmısindən bəhs edərkən, Azərbaycanın şimal-qərbində geniş ərazilərin ona tabe olduğunu yazır. Göstərilən ildə Bitlis hakimi Əmir Şəmsəddin Qara Yusifə tabe olub, Tərcanın idarəçiliyi türkman əmirlərindən Qara Bahadura tapşırılmış, Diyarbəkr yaxınlığındakı Germük qalası da ələ keçirilmiş, Qara Osmanla savaşda o, məğlub olaraq Diyarbəkrin şimal-qərbindəki Erqanı qalasına sığınmışdır. Bu zaman Əmir Bistam Çagırlı Qara Yusifin böyük əmirlərindən olub, Sultaniyyə, Ərdəbil, Muğan ona tiyul şəklində idarəçilik hüququ ilə verilmişdir. Mənbədə bu il Şahrux padşahın Azərbaycana yürüş məqsədi ilə Heratdan Nişapura gəlməsi haqqındakı məlumat Qəzvin, Germükün, İraq, İraqi Əcəmin də tabe olduğu Azərbaycanın bir türkman dövlət anlayışında adının siyasi məna kəsb etməsindən xəbər verir. Mənbədə 1419-1420-ci illərdə baş vermiş hadisələrdən bəhs edilərkən Qara Yusif Azərbaycan padşahı kimi təqdim edilir.

Həsən bəy Rumlunun Turanın Aslanı adlandırdığı Qara Yusif Türkman 1419-cu ildə Şahruxun elçisi Sədiqini pərişanedici sözlərlə qarşılayıb Herata yola salır. Sədiqi Herata qayıdıb Şahruxa bildirir. “Qara Yusif Türkman özünü o diyarda müstəqil padişah sayır və ətrafdakı hakimlər, yan-yörədəki sərdarlar ona tabe edirlər”. Şahrux 01.09.1419-cu ildə Heratın Zağan bağından çıxıb Azərbaycana doğru hərəkət edir.
Yəhya bin Əbdüllətif Qəzvini yazır ki, Qara Yusif h. 816-cı ildə (1414) İraqa gedərkən yolda xəstələndiyinə görə Həmədandan geri dönüb Sultaniyyə, Qəzvin, Tarom və Savəni yenə tutur. O, h.822-ci ildə (1419) Hələbə qoşun çəkmiş, ancaq h. 823-cü ildə (1420) Mirzə Şahrux Xorasandan onun üzərinə gəldiyini eşidib, onu qarşılamaq üçün geri qayıdarkən Ucanda pərşənbə günü 7 zilqəde h. 823-cü ildə öz əcəli ilə vəfat et. Bu zaman onun oğullarından, əmirlərindən heç biri orada yox idi. Çılpaq götürüb yerə atdılar. Mənbələr yazırlar ki, onun vəfatından iki gün iki gecə keçdikdən sonra axtaçılar gəlib (şah ilxıçı və atabaxanları, əmiraxur və s.- Z.B) onu Ərcişə apardılar ata-baba və əcdadlarının qəbirstanlığında dəfn etdilər. Onun hakimiyyət müddəti on dörd ildən bir az çox olmuşdu. “Əhsənüt-təvarix”də Qara Yusif Türkmanın şəxsi keyfiyyətinin üstün cəhətləri, igidliyi, ədaləti, rəiyyətlə yaxşı rəftarı, məmləkətinin coğrafi hüduduları haqqında ətraflı məlumat verilmişdir. Mənbədə göstərilir ki, o, gözəl, əxlaqlı, Ulu Tanrının qorxusunun göz önündə saxlayan, insanlarla ədalətli rəftar edən, igid tarixi şəxsiyyət olub, əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq təminatının səbəbkarı olan kəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. Məmləkəti Azərbaycan, İraqi-Ərəb, İraqi-Əcəmdən və Diyarbəkrin bəzi yerlərindən ibarət idi. Qara Yusifin altı oğlu vardı. Pirbudaq xanı Qara Yusif hakimiyyətə oturtmuşdu. Ancaq o, atasının sağlığında vəfat etmişdi. Ondan sonra hakimiyyəti Qara Yusif öz adına keçirmişdi. Digər oğlu Əmir Şah Mahmud 20 il Ərəb İraqında hakim olmuşdu. H.836-cı ildə (1432) qardaşı Əmir Əsban Bağdadı onun əlindən çıxardı. Şah Mahmud qorxudan Bağdadı tərk edib Mosula gəlmiş, Mosul və Ərbili ələ keçirmişdi. Bundan sonra Bağdada tərəf yola düşüb Yaqubiyyəni qarət edib Dərtəngə gəlmişdi. Məqsədi Səncarı da tutmaq idi. Ancaq orada Hacı Həmədani tərəfindən öldürüldü. Əmir Əsban isə qardaşı Şah Mahmudu Bağdaddan çıxardıqdan sonra on iki il orada hakim olmuşdu. O, 28 zilqəde 848-ci ildə (1445) öz əcəli ilə vəfat etmişdi.
Yəhya Qəzvini yazır ki, Qara Yusifin oğullarından Əmir İsgəndər son dərəcə cəsarətli şücaətli və qorxmaz idi. Qaraqoyunlu tayfasında o şücaətdə bir nəfər yox idi, ancaq dövlət xadimi kimi zəif idi. Atasından sonra Qaraqoyunlu qoşunu onun ətrafında cəm olmuşdu. O, şəşenbə günü 27 rəcəb h. 824-cü ildə (1421) Şərqi Anadoluda Ələşgərdin (Ələşgərd ovalığı) sərhəddində Yəxşi deyilən yerdə Mirzə Şahruxla döyüşdü və onların arasında müharibə alovunun qətl və qırğın şöləsi iki gün davam etdi. Axşamlar tərəflərin qoşunu qaravulda durur, gündüzlər isə savaşırdılar. Üçüncü gün Mirzə İsgəndər məğlub oldu və Fərat hüduduna qaçdı.

“Əhsənüt-təvarix”də Mirzə İsgəndərlə Şahruxun ordusu arasındakı bu savaşda türkmanların çox cəsarətlə vuruşduğu, hətta müəyyən qələbələr də çalması qeyd edilir. Mənbədə döyüşün Şahruxun ordusunun qələbəsi ilə başa çatmasını onun ordusunun sayca çox olması, döyüş fillərindən istifadə etməsi və döyüşün gedişində Şahruxun Sərkərdələrindən Əmir Şahməliyin hiylə işlədərək, sevinc nağarası çaldırıb Mirzə İsfəhanın (Qara Yusifin oğlu Mirzə Əsban əsir tutduqlarını elan etməsi nəticəsində türkman ordusunun pərişan olması nizam-intizamın pozulması ilə əlaqədar olduğu göstərilmişdir. Həsən bəy Rumlunun yazdığına görə, Şahrux Xoy yolu ilə Təbrizə gəlmiş və bu diyarın idarəçiliyini Qara Osmanın oğlu Əli bəyə tapşırmışdı. Yəhya Qəzvini yazır ki, h.828-c. i ildə (1424) Əmir İsgəndər yenə Təbrizə gəlib taxtda oturdu və Azərbaycana sahib oldu. O, həmin ildə ona müxalif olan İzzədin Məlik Kürdü, Əhlət hakimi Əmir Şəmsəddini də edam etdirdi. 830-cu ildə (1426) isə Kürd Sultan Əhmədi də öldürtdü. Onun ordusu h. 831-ci ildə (1427) Şirvana daxil olub Şamaxını ələ keçirir, 832-ci ildə (1428) Sultaniyyəni tutub buradan Mirzə Şahruxun adamlarını çıxarır və həmin ildə Mirzə Şahrux ikinci dəfə ona zərbə vurub sıradan çıxarmaq məqsədilə Azərbaycana gəlir.

“Əhsənüt-təvarix” Şahruxun ikinci dəfə Azərbaycana qoşun çəkib, İsgəndər Türkmanla müharibə etməsinin səbəbi ətraflı təsvir edilmişdir. Mənbədə göstərilir ki, Mirzə İsgəndər Türkman 1429-cu ildə böyük ordu ilə İraqi Əcəmə daxil olub, Sultaniyyə, Zəncan, Əbhər, Qəzvini tutmuş və bu diyara Şahruxun hakim təyin etdiyi İlyas Xoca oğlu Əmir Yusifi də əsir götürüb Təbrizə göndərmişdir. Bu diyara Dəli Türkmanı və Əlaüddövləni hakim təyin etmişdir. Bu səbəbdən Şahrux fərman göndərib, Gürcüstan, Məvərəünnəhr, Bədəxşan, Kabil, Zabil bütün Xorasan, Kirman, Fars, Xuzistan əsgərlərini vahid cəbhədə birləşdirib Azərbaycana doğru hərəkət edir. İsgəndər Türkmanın ordusu ilə savaş 10 zilhiccə 1429-cu ildə Səlmasda baş verir. İki qoşun arasında iki gün qətl və qırğın olur. Əmir İsgəndər bu döyüşdə təsəvvürə gəlməyən hücumlar etdi. Nəticədə çox yorulub taqəti qalmadığına görə Ruma qaçdı. Şahrux Azərbaycan hakimiyyətini Qara Yusif Türknanın oğlu Əmir Əbusəidə həvalə edir. Mirzə Şahrux isə Xorasana qayıtdıqdan sonra h. 834-cü ildə (1431) İsgəndər yenə Azərbaycanı tutdu və Mirzə Şahrux tərəfindən Azərbaycana hakim təyin edilmiş qardaşı Əbusəidi qətl etdirdi. O, h. 837-ci ildə (1433-1434) ikinci dəfə Şirvana hücum edib kütləvi qırğın həyata keçirdi. Şirvan valisi Xəlilulla mülazimlərindən Xalıqverdini Şahrux padşahın yanına, bir qasid isə Diyarbəkrə Qara Osman Bayandurun yanına göndərib onlardan kömək istəyir. 2 rəbiolsani h. 838-ci ildə (1434) Mirzə Şahrux onu dəf etmək üçün Xorasandan İraqa yola düşür. Kirmandan Qanaşirin, Yəzddən Əmir Çakmak Şami, Mazandarandan Əmirzadə Əbdülkərim, Fərahdan Şah İsgəndər, İsfahandan Əmir Xavəndşah, Həmədandan Baba Hacı, Şirazdan Mirzə İbrahim, 08.07.1435-ci ildə Şirvan valisi Mirzə Xəlilulla, Qaraqoyunlunun böyük əmirlərindən Sultan Qazan, Bayəzid bəy Çagırlı, Ağa Piri, Seyid Əhməd Türk və Yqut Alpovut Şahrux Mirzəyə qoşuldular. Şahrux padşah bu zaman Van qalasında olan Qara Yusifin oğlu Mirzə Cahanşahın yanına qasidlər göndərib, onun da dərgahına çağırdı. Mirzə Şahrux Reyə çatdıqda Əmir İsgəndərin qardaşı Mirzə Cahanşah onun xidmətinə gəlib qovuşur. O, Mirzə Şahrux tərəfindən hörmət və izzətlə qarşılandı və həmçinin. Əmirzadə Şah Əli bin Əmir Şah Məhəmməd (Mahmud) bin Qara Yusif, Türkman əmirlərindən Əmir Bəyazid Ağqoyunlu da Mirzə Şahruxla birləşdilər. Mirzə Şahrux Azərbaycan tərəfə hərəkət etmək haqqında göstəriş verdi. Əmir İsgəndərin bu dəfə onunla qarşılaşmaq üçün kifayət qədər qüvvəsi yox idi. Azərbaycanı tərk edib Şərqi Anadoluya qaçarkən yolu üzərində Qara Osman Bayandurla qarşılaşır və onu ələ keçirib öldürür. Bu zaman Mirzə Şahrux Azərbaycana daxil olub Rum və Şam hüduduna qədər hakimiyyəti Mirzə Cahanşaha verir və ona hakimiyyət nişanı ali möhürlə fərman bağışladı (verdi). Mirzə Şahrux h. 840-cı ildə Xorasana qayıtdı. Bu xəbəri eşidən Əmir İsgəndər Rumdan qayıdıb Təbrizin Sufiyan kəndində Mirzə Cahanşahla cəng edir, ancaq məğlub olub Əlincə qalasına qaçır. Orada 25 şəvval 841-ci ildə (1437) gecə öz oğlu Şah Qubad və onunla arasında münasibəti olan cariyəsi Leyli tərəfindən qətl edilir. Onun hakimiyyəti 16 il sürmüşdü. Mirzə Cahanşah bin Qara Yusif 839-cu ildə (1435) Mirzə Şahruxun hökmü ilə ona tabe olmaq şərti ilə Azərbaycana hakim təyin olunmuşdu.

Ancaq Mirzə Cahanşahın gündən-günə hakimiyyəti möhkəmlənirdi. Mirzə Cahanşah ölkədə sakitlik yaradıb 844-cü ildə (1440-1441) Gürcüstana müqəddəs müharibəyə gedib, oranı fəth etdi. Gürcüstanın fəthindən bir neçə il sonra qardaşı Əmir Əsban (Qara Yusif Türkmanın oğlu İsfahan Mirzə) 1443-cü ildə vəfat edir. Beləliklə, Mirzə Cahanşahın hakimiyyət iddiasında ola biləcək rəqiblərinin dünyalarını dəyişməsi də onun hakimiyyətinin möhkəmlənməsində az rol oynamadı.
Şahrux da 1447-ci ildə vəfat edir. Bu zaman onun Mirzə Uluğbəy, Mirzə İbrahim Sultan, Mirzə Baysunqur, Mirzə Suyurqatmış, Mirzə Məhəmməd Çuki, Bardı və Canoğlan adlı yeddi oğlundan ancaq Uluğbəy sağ idi. Uluğbəy Mavəraünnəhrdə Mirzə Baycunqurun oğlu Mirzə Əlaüddövlə Heratda, Baysunqurun Mirzə Sultan Məhəmməd adlı oğlu Luristanda idilər. Mələkə Şahruxun həyat yoldaşı Gövhərşad bəyimin ciddi cəhdlərinə baxmayaraq, şahzadələr arasındakı hakimiyyət üstündəki çəkişmələrin qarşısını almaq mümkün olmadı. Nəhayət, hakimiyyətə Mirzə Uluğbəy keçir (1447-1449). Mənbələrdə Şahruxun vəfatından sonra Teymurlu Şahzadələri arasındakı hakimiyyət üstündən gedən çəkişmələrdən bəhs edilərkən, artıq Cahanşah baharlının Azərbaycanın dövlət müstəqilliyini tam bərpa etmək iddiasında olduğu açıq şəkildə görünür. Cahanşah 851-ci ildə (1448) türkman ordusu ilə İraqi-Əcəmə daxil olduqda, onun məqsədini hiss edən Mirzə Sultan Məhəmməd ona hökm göndərib, vaxtilə Şahrux tərəfindən verilmiş fərmanı xatırladır: “Padşahın (Şahruxun) lütfkarlığını görmüş Əmir Cahanşah bilsin ki, eşitdiyimizə görə onun adamları hökmdarın fərmanının əksinə olaraq, bizim vilayətlərimizə daxil olmuşdur. Bu hadisə qanunsuz surətdə baş vermişdir. Gərəkdir ki, həmin vilayəti ali divanın naiblərinə geri versin və Şahrux padşahın onun üçün təyin etdiyi məmləkətlə kifayətlənsin. Əks təqdirdə, savaş meydanını təyin etsin”. Ordusunun gücünə inamı olan Cahanşah Mirzə Sultan Məhəmmədin göndərdiyi fərmana məhəl qoymayıb, İraqdan Farsa doğru hərəkət edir. Ancaq onu oğulluğa qəbul etmiş Mələkə Gövhərşad bəyimin vasitəçiliyi ilə tərəflər arasındakı savaş olmadı. Mələkənin məsləhəti ilə, Cahanşahın qızı Sultan Məhəmmədə nigahlanır. Qəzvin və Sultaniyyə süd haqqı olaraq, Cahanşaha verilir. Beləliklə, Cahanşah təhdid və nigah diplomatiyası ilə məqsədinə yaxınlaşır. Mirzə Cahanşah h. 856-cı ildə (1452) Ərəb İraqını tutub, h. 857-ci ildə (1453) İsfahanda kütləvi qırğın keçirdi. İraqi-Əcəmdə bütün möhkəm qalaları və xüsusilə şəhərlərdəki iç qalaları dağıtdırdı. Fars və Kirmanı da işğal etdi. H.861-ci ildə (1456) Xorasan hökmdarı Babur Mirzənin (1447-1456) vəfat etməsindən istifadə edən Sultan Əbusəidin ordusu Xorasanı tutmaq üçün Sandıqşekendən keçib Cürcana daxil oldu. Şeşənbe günü 25 məhərrəm h. 862-ci ildə (1457) Mirzə Əlaüddövlənin oğlu Mirzə İbrahimlə Astrabadın bir fərsəhliyində cəng etdi və qalib oldu. Mirzə İbrahimin əmirlərin çoxu bu döyüşdə öldürüldü. Bu zaman Mirzə Cahanşahın ordusu Xorasana daxil olur. Həmin ilin şaban ayının 15-də Mirzə Cahanşah Herat şəhərində yerləşib altı aya qədər burada dayandı. Mirzə Əlaüddövlə bin Mirzə Baysunqur göstərilən ildə Qurban bayramı günü onun xidmətinə gəldi və ehtiram göstərdi.

Bundan sonra Sultan Əbusəid də Bəlxdən onun yanına üz tutdu. Bu zaman Mirzə Cahanşaha xəbər çatdırıldı ki, Maku qalasında məhbus olan oğlu Həsənəli həbsxanadan çıxıb Təbrizi ələ keçirmişdi. Elə buna görə Mirzə Cahanşah Sultan Əbusəidlə sülh bağlayıb Xorasanı ona güzəştə gedib və h. 863-cü ildə (1458-1459) Azərbaycana qayıtdı. Həsənəlini ələ keçirib həbsxanaya saldırdı. Farsda hakimi olan digər oğlu Pirbudağı Bağdada hakim göndərdi. Cahanşah ondan da şübhələndiyinə görə h. 869-cu ildə (1465) İraqa qoşun yeridib Bağdadı mühasirəyə alır. Bağdadı bir ilə yaxın mühasirədə saxladıqdan sonra, çox çətinliklə ələ keçirə bildi. Bağdadı tutub oğlu Pirbudağı edam etdirdikdən sonra Təbrizə qayıtdı. Artıq bütün İraqi Ərəb, Kirman, Oman dənizi sahili, Azərbaycan Rum sərhəddinə qədər, Şam onun hökmü altında idi. Cahanşahın ordusu h.872-ci ildə (1467) Diyarbəkr hakimi Həsən bəy tərəfindən yaranmış təhlükəni dəf etmək məqsədi ilə Anadoluya hücum edir. Ancaq döyüşdən qabaq qış qapıya yetişdi. Bu zaman Cahanşah istədi ki, geri qayıtsın, lakin geri qayıdan zaman ehtiyatla hərəkət edilmədi. Əsas ordu öncə yola düşdü. Cahanşah özü kiçik hərbi dəstə ilə ordunun arxasınca hərəkət edirdi. Həsən bəy Cahanşahın qoşunun çox irəli getməsindən istifadə edib 12 rəbiolsani 872-ci ildə (1467) min nəfər mükəmməl süvari ilə onun kiçik dəstəsini mühasirəyə aldılar. Mirzə Cahanşahın kiçik dəstəsi məhv edildi. Özü də qaçarkən öldürüldü. Oğullarından Məhəmmədi Mirzə və Əbu Yusif Mirzə ələ keçirib gözlərinə mil çəkdilər. Cahanşahın cəsədini Təbrizə gətirdilər və burada özünün inşa etdirdiyi Müzəffəriyyə məscidində dəfn etdilər.

Bu zaman Mirzə Həsənəli bin Mirzə Cahanşah Maku qalasında məhbus idi. O, bu hadisəni eşitdikdə dərhal həbsxananı tərk edərək hakimiyyətə keçdiyini elan edib dövlət xəzinəsini ələ keçirdi. O, əmir və mülazinləri ələ almaq üçün xəzinənin qapılarını açıb onlara təxminən 150 min tümən bəxşiş payladı. Nəticədə 20 minə yaxın süvari onun ətrafına cəm oldular. Ancaq onun yaşadığı 25 il həbsxana həyatı beynində dəyişiklik yaratmışdı. Tədbirli deyildi. Atasının əmirlərini məhv edərək qüvvəsini tükəndirmişdi. Belə bir vaxtda Həsən bəy Azərbaycana üz tutur. Həsənəli onu qarşılamaq üçün hərəkətə keçir. Həsən Əlinin ordusu Mərənd ətrafında döyüşdə məğlub oldu. Bu zaman Cahanşahın müttəfiqi Sultan Əbusəid Xorasandan ordusu ilə ona kömək etmək üçün Sultaniyyəyə gəlmişdi. Həsənəli onun yanına qaçır. Sultan Əbu Səidin ordusu Qarabağa qışlağa yola düşdükdə Həsənəli İraqa gedib burada bir çox əmir və mülazimləri dərgahına dəvət edib qoşun təşkil edir. Ancaq, Həmədanda Uğurlu Məhəmməd bin Həsən bəyin rəhbər olduğu öncülərlə döyüşdə məğlub olan Həsənəli əsir düşür. O, h. 873-cü ilin şəvval ayında özünü öldürdü. Qaraqoyunlunun da axırı çatdı və onların işığı söndü.
Beləliklə, Azərbaycanda yeni bir sülalə — Türkman Bayandurlu sülaləsi hakimiyyətə keçir. Bu Türkman sülaləsi Azərbaycanda 1468-ci ildən 1501-ci ilə qədər hakimiyyətdə olmuşdur.
Qeyd: Məqalə ictimai məqsədlə yayımlandığı və plagiarizmi önləmək üçün istinadlar silinmişdir. Məqaləni “Tarix və onun problemləri” jurnalının 2017-ci il sayının 3-cü nömrəsində tam olaraq oxuya bilərsiniz. Əlavə təklif və fikirləriniz üçün bu e-mailə müraciət edin. E-mail: zabil_bayramli@mail.ru

ƏDƏBİYYAT:
1. Mahmudov Y.M. Öyrənilməmiş səhifələr. Bakı, 1972
2. İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958
3. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. Bakı, 1983
4. Faruk Sümer. Kara Koyunlular. I cilt, Ankara, 1967.
5. Petruşevski İ.P. XV əsrdə Azərbaycan dövlətləri: Tarix və fəlsəfə institutunun əsərləri, cild 1, Bakı, 1951, s.49-108.
6. Yəhya bin Əbdüllətif Qəzvini. Lübbüt-təvarix. Tehran, 1363
7. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Fars dilindən tərcümə və şərhlər: AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor O.Əfəndiyev, tarix üzrə fəlsəfə doktoru, dosent N.Musalı, Kastamonu, 2017

THE REIGNS` YEARS OF THE DYNASTY OF AZERBAIJAN BARANLI (BASED ON YAHYA BIN ABDUL LATIF QAZVĪNĪ`S ‘LUBB UT-TAVARIX’)

The Paper deals with history of the reign of the dynasty of Azerbaijan Baranli based on Yahya bin Abdul Latif Qazvīnī`s work by name ‘Lubb ut-Tavarix’. The role of Baranli rulers is also analyzed with the Persian language primary resources and historiography in the article. There are many new facts about Qara Yusuf, Qara Isgandar and Jahanshah.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: