Nəhayət, Ukrayna və Rusiya sülh danışıqlarına hazırdır

BLOOMBERG. Ötən şənbə günü Rusiya və Ukrayna, nəhayət, ən böyük məhbus mübadiləsini həyata keçirib. “Bloomberg” agentliynin köşə yazarı Leonid Berşidski (Leonid Bershidsky) hesab edir ki, siyahıdakı iki şəxsin adı prosesin şərqi Ukraynanın gələcəyi ilə bağlı danışıqların başlanğıcı ola biləcəyini göstərir. Mübadilə prosesi “35-in 35-ə” formatında baş tutub.

Cari ilin əvvəlində separatçıların nəzarətində olan ərazidə Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən Vladimir Semax 2014-cü ildə qondarma Donetsk Xalq Respublikasının (DXR) hava hücumundan müdafiə bölməsinə başçılıq edib. Ola bilsin, o, Malayziya aviaşirkətinə məxsus, “MH17” reysində baş verən qəza ilə əlaqədar dəyərli informasiyaya malikdir. Xatırladaq ki, sərnişin təyyarəsi 2014-cü ilin iyul ayında vurulub. Nəticədə əksəriyyəti Hollandiya vətəndaşı olmaq üzrə 298 nəfər həlak olub. Həmin qəzanın araşdırılmasına başçılıq edən Hollandiya hökuməti Semaxın Rusiyaya təhvil verilməsinə qarşı çıxıb. Şənbə günü Hollandiyanın xarici işlər naziri Stef Blok (Stef Blok) ölkə parlamentinə göndərdiyi məktubda Semaxın təhvil verilməsi ilə əlaqədar təəssüf hissi keçirdiyini bildirib. Lakin təyyarə qəzasında günahı olmadığını, bütün ittihamları təkzib edən Rusiya Semaxın sazişin bir hissəsi olmasında israr edib. Bu səbəbdən mübadilə prosesi bir həftə təxirə salınıb. Çünki Zelenski Hollandiya tərəfinə Semaxı dindirməyə imkan yaradıb. Əlbəttə, indi ruslar Ukrayna vətəndaşı Semaxı hollandiyalılardan gizlədəcəklər.

Bu, Putinə və şərqi Ukrayna danışıqlarında vasitəçi rolunda çıxış edənlərə — Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) və Almaniyanın federal kansleri Angela Merkelə (Angela Merkel) sülhün bərpa olunmasının onun prioriteti olduğuna dair mesajdır. Ancaq güzəştə getməyə təkcə Zelenski hazır olmamalıdır. Putin 2015-ci ildə Krımda terror aksiyasının təşkilinə hazırlığa görə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə üzləşən kinorejissor Oleq Sensovu buraxıb.

Məqalə müəllifi qeyd edir ki, Putin bu qəbildən olan mübadilə prosesləri üçün vaxtın yetişdiyini düşünür: “Deyəsən onu bu cür düşünməyə Makronun qeyri-adi aktivlik nümayiş etdirməsi səbəb olub. Fransa prezidenti tərəfləri bir araya gətirməyə çalışır. Son bir neçə ayda Makron AB işlərində liderlərin cərgəsinə qoşulmaqla, ölkədə “Böyük yeddilik” qrupunun sammitini qeyri-adi aqressiv tərzdə təşkil etməklə, Qərbin İran siyasəti ilə bağlı problemini həll etməklə öz üzərinə mühüm beynəlxalq rol götürmək istəyir.

Nəşr xatırladır ki, bazar günü Putin və Makron telefon danışığı aparıb. Bu danışıqların məzmununun Kreml interpretasiyasına əsasən, söhbətin əsas mövzusu Ukrayna olub. Söhbətin stenoqramması Putinin Ukrayna sazişi ilə bağlı təklif etdiyi şərtlərdən xəbər verir. O, Ştaynmayer formulunun “yazılı təsdiqini” istəyir. Bu formul 2016-cı ildə Almaniyanın xarici işlər naziri vəzifəsində çalışan, hazırda ölkənin prezidenti postunu tutan Frank-Valter Ştaynmayerin (Frank-Walter Steinmeier) şərəfinə adlandırılıb. Qətnamədə atəşkəs rejiminin əldə olunması, rus qoşunlarının hamısının separatçı ərazilərdən çıxarılması və əhəmiyyətli muxtariyyət statusu ilə birlikdə Kiyevin nəzarəti altında legitim yerli administrasiyaların yaradılması üçün seçkilərin keçirilməsi nəzərdə tutulub. Bu seçkilərdən sonra Ukrayna Rusiya ilə şərq sərhədlərinə nəzarəti bərpa edə biləcək.

Zelenskinin əvvəlki administrasiyanın inadkar mövqeyi ilə əlaqəsi yoxdur. Və onun bu cür sazişlə bağlı razılıq əldə etməsi üçün mandatı var. Qeyd edilən regiona muxtariyyət tələbi Putin üçün qırmızı xətdir. Ukraynaya tam nəzarətin verilməsi onun üçün siyasi cəhətdən qəbuledilməz variantdır.

Berşidski başqa variantın da mümkün olduğunu yazır: “Ədalətli seçkilər nəticəsində hakimiyyətə gələcək liderlər rusyönlü muxtariyyət istəməyəcək və müharibədən zərər görmüş regionun bərpasına xarici investisiyalar müqabilində ondan tez bir zamanda imtina edəcəklər. Donbasın rusyönlü və kiyevyönlü bölgələrində keçirilən sonuncu ictimai rəy sorğusu göstərir ki, respondentlərin əksəriyyətinin muxtariyyəti dəstəkləməsini qarant hesab etmək olmaz. İdealda Zelenski ayırıcı xəttin hər iki tərəfində beynəlxalq ictimaiyyətin ciddi nəzarəti altında seçkilərin – ya da əvvəlcə bu regionun statusu haqqında referendumun keçirilməsi ilə bağlı təklif irəli sürməlidir”./XPressa/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share