20.04.2024

Ölkədə Qazilərə qarşı müharibə davam edir…

Qazimiz Məhərrəmov Məhərrəm Əfsər oğlu müraciəti:

— «Müharibədə bədənimin 20 faizi yandı, amma pensiya ala bilmirəm.

Sentyabrın 27-də Füzuli istiqamətində döyüşlərdə yaralanmışam. Düşmən mənim olduğum tankı vurub, nəticədə bədənimin 20 faizi yanıb, gözümdə, qollarımda, bədənimin digər hissələrində hələ də qəlpələr var, kəllə-beyin travması almışam. Hər iki əlimin 5-ci barmağı işləmir. Mərkəzi Klinikada və Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat olunmuşam, bədənimə dəri köçürülüb. Təxminən 6 ay əvvəl Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən xidmətə yararsız olmamla bağlı rəy verilib.

Füzuli Mərkəzi Rayon Xəstəxanası tərəfindən Forma-88 əlillik altsisteminə daxil edilib. Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən diaqnozumun əlillik təyinatı üçün uyğun olmadığı bildirilir”.

Qeyd edim ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən qulluqçusu (MAXE) Məhərrəmov Məhərrəm Əfsər oğlu Vətən müharibəsinin ilk günü Füzuli istiqamətindəki döyüşlərdə ağır yaralanıb.

Uzun müddət müalicə olunan qazi əmək qabiliyyətini itirsə də, hələ də ona əlillik təyinatı aparılmayıb. M. Məhərrəmov I, II və III dərəcəli yanıq xəsarətləri aldığını, ordudan tərxis olunduqdan sonra çətin şəraitdə yaşadığını deyir.

Leyla Həsənova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: