Azərbaycan polisi Gorus-Qafan yolunda İran nömrəli maşınları yoxlayır

Azərbaycanla Ermənistan sərhədində, Qoris-Qafan yolunda Azərbaycanın İran nömrəli nəqliyyat vasitələrinə gömrük rüsumu tətbiq etdiyi bildirilir.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, Azərbaycan polisi sentyabrın 12-dən İran nömrəli nəqliyyat vasitələrinin sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya yoxlamaların aparıldığını təsdiqləyib.

O deyib ki, sözügedən yer Azərbaycanın ərazisidir və orada hərəkət edən avtomobillər «müvafiq qaydada yoxlanıla bilər».

«Ərazidə ictimai qaydanın, ictimai təhlükəsizliyin təmin olunması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq yoxlamalar həyata keçirilir. İşğaldan azad edilmiş bütün şəhər və rayonların ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də Daxili İşlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Bakı-Yevlax yolunda polis postunun olması nə qədər təəccüblü deyilsə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də polis postunun olması tam qanunauyğundur. Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur».

Dövlət Gömrük Komitəsinin bazar ertəsi yaydığı açıqlamada bildirilir ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri «yol vergisinin vergitutma obyektidir».

«Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur,» — Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Azərbaycan polisi sentyabrın 12-si saat 12:00-dən etibarən, Qoris-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan Eyvazlı yaşayış məntəqəsində İran dövlət nömrəli yük avtomaşınlarının sürücüləri və yüklərinin sənədlərini yoxlayır, Ermənistanın Milli Təhlükəsizlik Xidməti açıqlayıb.

Məlumatda deyilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qüvvələri və Rusiyanın Federal Təhlükəsizlik Xidməti «vəziyyəti tənzimləmək üçün birgə iş aparırlar».

Bazar günü Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici ölkə nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına «Bakının icazə vermədiyini» xatırladılıb.

«Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb».

Azərbaycan MN bildirib ki, bu kimi hallar «üçtərəfli bəyanata zidd» və Azərbaycan qanunlarının «pozulmasıdır».

Bu bəyanat sosial mediada İran nömrəli yük maşınlarının Ermənistandan keçməklə Qarabağa yük daşıması barədə iddialardan sonra gəlib.

İran hələ ki, bu barədə şərh verməyib.

Mənbə: BBC

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •