29.03.2024

Türkiyəyə qarşı gizli ittifaq

MİLLİYET. Türkiyə Silahlı Qüvvələri “Pəncə” adlı əməliyyatlar silsiləsi (İraqın şimalında PKK təşkilatına qarşı keçirilən hərbi əməliyyatlar – red.) vasitəsilə faktiki olaraq Şimali İraqın bəzi rayonlarda dərinliyi 30 kilometrdən çox olan təhlükəsizlik zonaları yaradıb. Bu barədə “Milliyet” qəzetinin köşə yazarı Tunca Bengin məlumat verir.

Suriyada Fərat çayının şərqində “təhlükəsizlik zonasının” yaradılması üzrə praktik tədbirlərin birinci mərhələsində türk və amerikalı komandirlərin iştirakı ilə birgə helikopterlər patrul əməliyyatı həyata keçirib. Bu o demək deyil ki, YPG/PKK problemi həll edilib. Çünki həmin zonanın dərinliyi, ona nəzarət edən tərəfin kimliyi hələ də bəlli deyil. Ona görə Türkiyə Silahlı Qüvvələrinin bu regionda müstəqil şəkildə əməliyyat keçirməsi mümkündür və bu, istənilən an baş verə bilər. Bu arada Fərat çayının qərb sahilində gərginlik İdlibdəki hadisələrə görə ən pik həddə çatıb.

Bütün diqqətlər avqustun 27-də keçiriləcək Ərdoğan-Putin görüşünə yönəlib. Başqa sözlə, Türkiyə həm döyüş meydanında, həm danışıqlar masasında tamamilə dəqiq şəkildə bildirib və bildirməyə davam edir ki, ABŞ və Rusiyaya baxmayaraq, təhlükələrin bütün istiqamətdə məhv edilməsi məsələsində qəti qərarlıdır. Çünki hər iki ölkə bir tərəfdən Türkiyə ilə müttəfiqlik edir, digər tərəfdən öz maraqları daxilində fəaliyyət göstərir. Bu zaman onlardan biri YPG/PKK terror təşkilatından, digəri Suriya rejimindən istifadə edir. 
Həqiqətənmi ABŞ və Rusiya arasında gizli konsensus mövcuddur? Türkiyə Baş Qərargahının Kəşfiyyat İdarəsinin sabiq başçısı, istefada olan general polkovnik İsmail Hakkı Pekin məsələ ilə bağlı nəşrə açıqlama verib: “Bir anlayış birliyi ola bilər. Bir-birlərinə dəyməmək kimi…Soyuq müharibə dövründə də belə idi, mümkün olduğu qədər rəqib meydanına girməməyə çalışırdılar. Kimsə onların sahələrinə girsə, onu bu və ya başqa şəkildə aradan götürürdülər. Məsələn, nə Rusiya, nə də ABŞ Türkiyənin danışıqlar masasında böyük təsirə malik olmasını istəmir. Fərat çayının qərbi Rusiyanın, şərqi isə ABŞ-ın təsir zonasıdır. Bu ərazilərə üçüncü tərəf girəndə, iki ölkə buna qarşı çıxır, bu və ya başqa şəkildə müdaxiləyə mane olur”.

Fərat çayınıın şərqində təhlükəsizlik zonasının yaradılması məsələsinin ətrafında meydana çıxan hadisələrlə İdlibdəki gərginliyin bir-biri ilə əlaqəli olduğunu düşünən İsmail Hakkı Pekin açıqlamasına davam edir: “Türkiyə bu bölgədə güclənsə, yəni, təhlükəsizlik zonası məsələsində həqiqətən istədiyini əldə etsə, regionda PYD/YPG-ni durdursa və Fərat çayının şərq sahilində söz sahibi olsa — onsuz da Afrin, Cerablus, Əl-Babı alıb — Rusiya ilə birgə İdlibdə atəşkəs rejimi və ya deskalasiya zonası elan etsə və üstəlik, “Həyat Təhrir əş-Şam” təşkilatını nəzarətə götürsə, danışıqlar masası arxasında kifayət qədər gücə sahib olacaq. Onlar bunu istəmədilər, buna mane oldular”.

“Bu, o deməkdir ki, onlar arasında razılıq ola bilər?” sualına ekspertin cavabı belə olub: “Təbii, ola bilər. Bu, yazılı saziş olmaya bilər. Lakin Tramp (Donald Trump) və ya başqa rəsmi şəxslər vəziyyəti şərh edib, “Dəyməyin” deyə bilərlər. Eyni şey Putinə də aiddir. Rusiya deyə bilər ki, “qoy hər şey olduğu kimi qalsın”. Yeri gəlmişkən, onlar vaxtaşırı bir-birləri ilə görüşürlər…”.

Ekspert hesab edir ki, döyüş meydanında çox güclü olan Türkiyə danışıqlar masasında da istədiyini ala bilər: “Onlar bundan qorxurlar. Və mümkün olduqca Türkiyəni danışıqlar masasına buraxmaq istəmirlər. Ancaq danışıqlar masasında Türkiyə olmazsa, olmaz”. /X.Pressa/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: